main-post-cover

    2016-cı ildə Silikon vadisinin 5 uğursuz layihəsi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir çoxları Silikon vadisini, maraqlı ideyaların və inanılmaz texnologiyaların reallaşdığı möcüzələr ölkəsi hesab edir. Bir tərəfdən bu belədir. Lakin Silikon vadisinin uğurlu layihələri ilə inanılmaz arzulara dalan insanlar unudurlar ki, əslində Silikon vadisi həmdə böyük bir qəbiristanlığı xatırladır. Burda reallaşmamış minlərlə ideyalar və uğurlu olmamış yüzlərlə startap basdırılıb. Sizlərə 2016-cı ildə Silikon vadisinin 5 uğursuz layihəsini təqdim edirik.
    Vine
    Vine – qısa videoçarxlar hazırlayıb onlarla bölüşməyə imkan verən perspektivli servis idi. Hələ təqdim olunmasından öncə yəni, 2012-ci ilin Oktyabr ayında servis, "Twitter” tərəfindən alındı. Servisin təqdimatı isə 2013-cü ilin Aprel ayında baş tutdu. Bundan sonra servis öz auditoriyasını yığmağa başladı. Servis 200 milyonluq bir auditoriya yığandan sonra analitiklər Silikon vadisinin yeni ikonunun yarandığı barədə düşünürdülər. Lakin bu ümidlər tez bir zamanda söndü. Belə ki, 2014-cü ildə servisin auditoriya artımı dayandı. Beləliklə servis yavaş-yavaş öz mövqelərini InstagramSnapchat-a verməyə başladı. 2016-cı ildə isə onun məşhurluğu o dərəcədə düşdü ki, "Twitter” servisi bağlamaq qərarına gəldi.
    Google Fiber
    Fiber, "Googleın geniş zolaqlı internet naqili idi. Layihə ilk öncə mütəxəssislərə çox qəribə görünürdü. Doğrudan da proqram təminatı ilə məşğul olan şirkət nəyə görə naqilli internet sahəsinə milyardlarla dollar vəsait xərcləsin? Görünür bu suala hətta "Google” özü də cavab verə bilmir. Keçən ilin Oktyabr ayında "Alphabet” (hal-hazırda "Google” şirkətinin bütün kompleksi bu cür adlanır) holdinqi, Google Fiber-in daha genişlənməyəcəyini bildirdi. Layihə tam olaraq bağlanmayıb. O sadəcə uğurlu olduğu ABŞ-ın kiçik şəhərlərində fəaliyyətini davam etdirəcək. Bununla belə "Google”un qlobal naqilli provayder ideyası bir dəfəlik uğursuz hesab edildi.
    Pebble
    "Pebble” şirkətinin uğurlu olması ilə uğursuzluğa düçar olması, "ağıllı” saat bazarına marağın artıb-azalması ilə əlaqəlidir. "Pebble Technologiesin ilk saatları, crowdfunding saytları sayəsində əldə olunmuş vəsaitlər hesabına istehsal olunurdu. 2013-cü ildə Kickstarter-də start götürmüş kampaniya, platforma tarixində ən uğurlularından hesab olunur. Belə ki, startapçılar bu kampaniya çərçivəsində 10 milyon dollar vəsait yığa bilmişdilər. Bu uğur bir çox şirkətlərə "ağıllı” saat sahəsinə nəzər yetirmələrinə təkan verdi. Hətta demək olar ki, məhz Pebble saatları sonradan Apple WatchSamsung Gear kimi cihazlara yol açdı. Təəssüflər olsun ki, bir ilk olmaq heçdə uğurlu olmaq demək deyil. Belə ki, bazara digər istehsalçıların saatları daxil olan zaman insanların Pebble cihazlarına olan maraqları azalmağa başladı. Nəticədə şirkət, Apple Watch kimi cihazlarla rəqabət apara bilmədi. Keçən ilin Dekabr ayında məlum oldu ki, "Pebble”in bütün məhsullarının patent hüquqlarını "Fitbit” şirkəti alır.
    3.5 mm-lik audiogiriş
    Keçən il "Apple” şirkəti iPhone 7 ilə birlikdə 3.5 mm-lik audiogiriş özəlliyini məhv etdi. Onun yerinə isə Lightning giriş gəldi. Təbii ki, siz etiraz edə bilərsiniz ki, hər şey o qədər də pis deyil. Belə ki, məşhur audiogiriş bir çox smartfonlardan itmədi. Bununla yanaşı hal-hazırki smartfon istehsalçıları da ondan imtina etməyə hazır deyillər. Bir tərəfdən bu doğru bir faktdır. Lakin 3.5 mm-lik audiogirişin ölümünü inkar etmək olmaz. Bu sadəcə zaman məsələsidir. Bir sıra məlumatlara görə 2017-ci ildə "Samsung” şirkəti də məşhur audiogirişdən imtina edəcək. Bu olacağı təqdirdə (ki, olacaq) bir çox Android smartfon istifadəçiləri də "Samsung”un yolu ilə gedəcəklər. Hətta bir müddətdən sonra ucuz Çin istehsalı smartfonlar da ənənəvi audiogirişdən məhrum olacaqlar.
    Project Ara
    Keçən ilin Sentyabr ayında "Google” şirkəti, Project Ara layihəsini bağladığını bildirmişdi. Söhbət hazırlanması uzun müddət gedən unikal modul smartfon layihəsindən gedir. Layihə çox maraqlı olmalı idi. Belə ki, sözügedən layihə ənənəvi monoblok smartfon anlayışını məhv edə bilərdi. Təsəvvür edin ki, siz öz smartfonunuzu istədiyiniz kimi yığa bilərdiniz. İstədiyiniz prosessoru, RAM göstəricisini, kamera növünü və s. kimi özəllikləri seçərək öz unikal smartfonunuzu yaradırsınız. Heyrətləndirici bir layihədir elə deyilmi? Təəssüflər olsun ki, bu maraqlı təcrübədən "Google” şirkəti imtina etdi. Bəlkədə şirkət düşündü ki, hal-hazırki bazar yeni layihəni sadəcə qəbul etməyəcək. Lakin buna baxmayaraq kefimizi pozmağa dəyməz. Belə ki, Project Ara bağlansa da yığıla bilən smartfon təcrübəsi heçdə yoxa çıxmayıb. Məsələn LG G5 smartfonunu yaddan çıxartmaq olmaz. Bildiyiniz kimi sözügedən smartfonun modulunu istənilən vaxt dəyişmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər