Apple AirPods qulaqlıqlarını təmir etmək mümkündürmü?

253

iFixit mütəxəssisləri naqilsiz Apple AirPods qulaqlıqlarını hissələrə ayıraraq xoşagəlməz nəticə ilə qarşılaşıblar.

Belə ki, əgər sözügedən qulaqlıqlar zədələnsələr onları təmir etmək qeyri-mümkün olacaq. Nəticədə istifadəçi yeni AirPods qulaqlıqları almalıdır. Apple AirPods, aralarında sinxronlaşdırılmış əlaqə yaradan iki naqilsiz qulaqlıqdır. Səs, naqilsiz kanal üzrə hər iki səsgücləndiriciyə ötürülür. Audiosiqnalın mübadiləsi isə Apple W1 prosessoru hesabına həyata keçirilir. Qulaqlıqlar ilə komplektə həmçinin kiçik şarjolunma cihazı da daxildir. iFixitmütəxəssislərinin qarşılaşdıqları ilk problem ondan ibarət olub ki, həmin şarj cihazını, korpusu zədələmədən hissələrə ayırmaq qeyri mümkündür.

Şarj cihazının daxilinə nəzər yetirmək üçün mütəxəssislər, onun plastik örtüyünü iki yerə ayırıblar. Cihazın daxilində isə 398 mAh enerji tutumlu batareya və şarj kontrolleri olub. Qulaqlıqların özünü də hissələrə ayırmaq elədə asan deyil. Onlar xüsusi bərkidicilərin əvəzinə kley ilə birləşdiriliblər. Hər bir qulaqlıqda isə naqilsiz qoşulmanı təmin edən antenlər, ana plata, Apple W1 prosessoru, 93 mAh enerji tutumlu batareya və səsgücləndirici yerləşdirilmişdir. iFixit mütəxəssisləri sözügedən qulaqlıqlara təmir baxımından 0 xal veriblər. Onları təmir etmək mənasızdır.