main-post-cover

    Azərbaycanda bahalı telefonları kimlər işlədir? – Facebook Statistikası

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Facebook sosial şəbəkəsinin dünya üzrə aylıq istifadəçi sayı 1,7 milyarda çatdı. Azərbaycan istifadəçiləri bunun mində birini təşkil edir – 1,7 milyon. Amma "mində bir” sözü sizi aldatmasın, bu, iş görmək istəyən insanlar üçün kifayət qədər böyük auditoriyadır.

    Ölkədə bu qədər istifadəçi sayının olması və həmçinin Facebook’da digər sosial şəbəkələrə nisbətən xeyli çox seqmentasiyanın mümkün olması bizə imkan verir ki,bu sosial şəbəkədən maraqlı məlumatlar əldə edək.

    Bu yazıda ölkə əhalisinin hansı seqmentinin hansı növ telefonistifadə etdiyi barədə araşdırmanı oxuya biləcəksiniz. Araşdırmaya hazırkı bazar qiyməti 800AZN-dən yuxarı olan 7 smartfon daxil edilib (iPhone 6S Plus, iPhone 6S, iPhone 6 Plus, iPhone 6, Samsung Galaxy S7, Samsung Galaxy S6, Galaxy Note 5).

    Facebook‘un avqust ayına olan statistikasına görə hazırda Azərbaycanda 1,04 milyon nəfər Facebooka Android əməliyyat sistemli smartfonlarla, 300 min nəfər isə iOS əməliyyat sistemli smartfonlarla daxil olur. Android istifadəçilərinin 700 mini kişilər, 340 mini isə qadınlardır. iOS istifadəçilərinin 190 minini kişilər, 110 minini qadınlar təşkil edir.

    TOP 3 Samsung Galaxy smatfonlarına baxdıqda, Samsung Galaxy S6 ilə Facebooka daxil olanların sayı 13 700 nəfərdir (8 300 kişi, 4 500 qadın).Samsung Galaxy S7 ilə Facebooka daxil olanların sayı 2 400 nəfərdir (1 700 kişi, 700 qadın). Samsung Galaxy Note 5 ilə Facebooka daxil olanların sayı isə 2 000 nəfərdir (1 200 kişi, 800 qadın).

    Apple smartfonlarına baxdıqda isə, iPhone 6 ilə Facebooka daxil olanların sayı 58 min nəfər, iPhone 6 Plus ilə 7 300 nəfər, iPhone 6S ilə 17 300 nəfər, iPhone 6S Plus ilə 2 500 nəfər təşkil edir. Cədvələ baxdıqda maraqlı bir fakt görünür ki, həm iPhone 6 Plus, həm də iPhone 6S Plus istifadəçi sayında qadınlar üstünlük təşkil edir.

    Yaş qruplarına görə smartfon istifadəsində maraqlı rəqəmlər ortaya çıxır. Belə ki, həm Android, həm də iOS istifadəçiləri arasında 21-30 yaş arası insanlar böyük üstünlük təşkil edir. Ümumilikə baxdıqda, Android istifadəçiləri arasında 30 yaşadək olan istifadəçi sayı ümumi göstəricinin 67%-ni, iOS istifadəçiləri arasında 30 yaşadək olan istifadəçi sayı isə ümumi göstəricinin 65%-ni təşkil edir.

    Android və iOS istifadəçilərinin yaş qruplarına görə nisbətini ABŞ istifadəçiləri ilə müqayisə etdik. Əsas fərq – ABŞ-da 41 yaşdan yuxarı istifadəçi nisbəti ümumi istifadəçilərin 39% (Android) və 40%-ni (iOS) təşkil edir. Azərbaycanda isə bu göstərici 13%-dir. Həmçinin ABŞ-da 30 yaşadək istifadəçilər ümumi istifadəçilərin 38%-40%-ni təşkil edir ki, yuxarıda qeyd etdiyimiz kimi bizdə bu rəqəm 65%-dir.



    Bir daha qeyd edim ki, göstərilən rəqəmlə Facebook’un verdiyi məlumatlara əsaslanıb və ölkədəki Android və iOS istifadəçilərinin dəqiq sayını göstərmir.
      
    Müəllif: Orxan Rzayev              
    Mənbə: Orkhanrza.com
    Linki kopyala