main-post-cover

    Azərbaycanda yaranan bir startapın başına gələ biləcək potensial hadisələr

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir ideyanız var və mövcud iqtisadi şəraitdə siz də öz şirkətinizə sahib olmaq istəyirsiniz. Dünya bazarında baş verən hadisələr və "Technote"da oxuduğunuz məqalələr sizi həvəsləndirir və niyə də mən bacara bilmərəm deyirsiniz. Beləki bir startap sahibi olmaq fikriniz varsa, düşünürük ki, bu məqalə sizə müəyyən qədər istiqamət verə bilər. Elə isə yazının daha başa düşülən olması üçün onu hissələrə bölək və bir startap üçün lazım olanları bir-bir detallı şəkildə təhlil edək. Əgər siz başlasaz, Azərbaycan bazarında sizi hansı hadisələr gözləyir?

    İdeya 

    Hər bir layihənin arxasında parlaq bir fikir dayanır. Bu o qədər də parlaq olmaya bilər. Hər hansı bir layihənin lokallaşdırılması yaxud təkrarı da ola bilər. Amma nədənsə yurdumun insanının ağlına həmişə parlaq və dünyada anoloqu olmayan fikirlər gəlir. Bu sadəcə, ideya ağlına gələn adam üçün keçərlidir. Çünki, sonra ideya və fikri araşdırdıqda, dünyada buna bənzər 100 layihənin olduğu ortaya çıxır. Əslində sizin ağlınıza davamlı olaraq hər gün yeni bir ideya, yeni bir həll gələ bilər. Bu zamanla daha da təkminləşir və formalaşır lakin bu, hər şey demək deyil. Yetişkin bir Azərbaycan gəncinin ağlına gələn təhlükənin ən qorxduğu tərəfi ideyasının oğurlanmasıdır. Nə qədər Azərbaycan startap bazarını tənqid etsək də, bu mövzuda tərif yağdırmalıyıq. Çünki, sizi əmin edə bilərik ki, Azərbaycanda ideya oğurlayan yoxdur. Bunun sadə səbəbi odur ki, Azərbaycanda həmin ideyanı icra edəcək adamlar da yoxdur, varsa da çox azdır. O, "çox az adam"ın da özünün işləri var, sizin ideyaya göz dikəcək adamlar deyil.
     
    Yəni, ideya mərhələsində sizin əsl qorxunuz ideyanızın oğurlanması deyil, bu ideyanı necə həyata keçirəcəm qorxusu olmalıdır. 

    Komanda

    Hər bir startapın ilk növbədə ehtiyac duyduğu komponent komandadır. Heç bir halda ideya mərhələsindən investisiya cəlb etmək mümkün deyil. Qlobal bazarda, belə hallara rast gəlsək də, Azərbaycan bazarında bunu unutmaq lazımdır. Hər şeydən əvvəl sizin yaxşı bir komandaya ehtiyacınız var. Komanda mövzusu isə Azərbaycan bazarında birbaşa təhlükədir. İdeya mərhələsindən bir layihəni hazırlamasına qədər olan məsafədə heç bir problem yaşanmır. Elə ki, 15 manat qazanc oldu, az qalsın komanda dağılır. Bu situasiyanı nəzərə alaraq startap sahibinin ilk etməsi lazım olan iş "Şərti Şumda Kəsməsidir". Əgər bir komanda yaradırsınızsa çalışın bunu dost, tanışla birlikdə ərsəyə gətirməyin. İlkin vaxtlarda sırf yaxşı dost olduğu üçün sizə kömək edəcək amma maliyyə gələndə işlər dəyişəcək. İstər dost, istər qohum, istərsə də başqa biri ilə ortaq olduğunuz halda edəcəyiniz ən böyük yanlış "əşi hələ başlayaq, gələcəkdə nəsə alınsa danışarıq" deməyinizdir. Əgər bunu deyirsinizsə siz ilk növbədə layihənizə yaxud özünüzə əmin deyilsiniz. Bir "CEO"nu "CEO" edən ən önəmli ünsür özünə inamı və idarəetməsidir. Siz də ilk növbədə komandanızı və özünüzü elə ən başdan idarə etməlisiniz. "Kimin nə qədər payı var?", "Kim daha çox söz haqqına sahibdir?" - bu suallara mütləq aydınlıq gətirməlisiniz.

    Akselerasiya və İnnovasiya Mərkəzləri 

    Hər bir layihənin işlərini görəcək, daimi məskunlaşacaq və görüşlər təşkil edəcəyi bir ofisə ehtiyacı var. Bəzi peşəkarlar üçünsə buna ehtiyac belə yoxdur. Ən azından qarajdan başlayan startaplar haqqında məlumatınız var. Azərbaycanda yerləşən innovasiya mərkəzləri sizə yaxşı ofis dəstəyi verə bilər, amma çox ümidlənməyə ehtiyac yoxdur. Bəzi mərkəzlər sözdə başqa dəstəklər versələr də, reallığa gəldikdə deyilənlər reallaşmır. Bunun üçün ən gözəl seçim, elə innovasiya mərkəzlərindən ofis kimi istifadə etməkdir. Lakin mərkəzlərdən yer almaq o qədər də asan məsələ deyil. Azərbaycanda sizi ofislə təmin edəcək və dəstək olacaq mərkəzlərin siyahısını xatırlatmaq yerinə düşərdi.
    • Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
    • - High Tech Park
    • - Baku Business Factory
    • - AppLab ( tətbiq əsaslı layihələr üçün )
    • - Next Step ( hər ay 2000 AZN layihələrə əlavə dəstək verir, lakin son 2 yarışmasının final mərhələsinin qalibləri hələ də məlum deyil )
    • - Youth Inc
    • - QUTechnoPark ( Əsasən Qafqaz Universitetində olan layihələr üçün )
    • - Easy Step ( Əsasən ADNSU-da olan layihələr üçün )
    • - SUP Akselerasiya Mərkəzi ( Digərlərindən fərqli olaraq akselerasiya mərkəzidir və 3 aylıq proqramları mövcuddur )
      Mərkəzlərdən birinə üzv olduqdan sonra sizə lazım olan büdcəni heç bir mərkəz birbaşa verməyəcək. Heç dolayı yolla da verməyəcək. Bəzi mərkəzlər həvəsləndirici yarışmalar keçirə bilər, lakin ortada ciddi məbləğlər olmur. Ən yaxşı halda isə "SUP Akselerasiya" proqramına qoşulmaqda sonda keçiriləcək "DemoDay"da iştirak edib, investisiya almaq şansını əldə edə bilərsiniz. Lakin bu da bir şansdır və ən əsası SUP-un seçdiyi layihələr arasına düşmək də müşkül məsələdir. Digərlərdən fərqli olaraq innovasiya yox, akselerasiya mərkəzi olduqları üçün, bunu anlayışla qarşılamaq olar. Ofis şəraitinə və dəstəyə görə isə bizim də məskunlaşdığımız Barama İnnovasiya və Sahibkarlıq Mərkəzini tövsiyyə edə bilərik.  

      Yarışmalar

      Hər bir startapçını yarışma karuselinə qoşulmağa dəvət etmirik. Çünki, bu sizin əsəblərinizi, vaxtınızı boş yerə sərf etməyə səbəb ola bilər. Yox əgər mənim bunları çəkəcək əsəb və vaxtım var deyirsinizsə o zaman sizlərə Azərbaycanda keçirilən startaplar üçün yarışlardan danışa bilərik.

      Qrant Müsabiqələri - Hər il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən İKT Fondu tərəfindən təşkil olan qrant müsabiqələrində təxminən hər layihə üçün 10-18 min manat büdcə ayrılır. Qalib olmağın çox çətin olduğu bu müsabiqələrdə, Müşahidə Şurası dolayı yollarla qalibləri subyektiv şəkildə dəyərləndirir və bəzən heç bir əsas gətirmirlər. Yəni özünüzü yorub biznes və maliyyə planı yazmağa dəyməyəcək. Başqalarının subyektiv fikirlərinin qurbanı olacaqsınız. Onsuz da qrant udsaz belə həmin qrantın sənədlərini və hesablarını vermək sizin xeyli vaxtınızı alacaq. Bu haqda geniş araşdırmalarımızı oxumağa dəyər deyə düşünürük. Yazı 1Yazı 2.

      Next Step Seçimləri - Hər il 2 dəfə keçirilən "Next Step" seçimləri, bizlərə Çempionlar Liqasını xatırladır. Seçim, yarımfinal və final mərhələlərindən ibarət olan bu yarışmanın son mərhələsinin cavabları nə isveçrəli nə də yerli mütəxəsislərə məlum deyil. İlk 2 seçimlərində bazarda kifayət qədər səs-küy yaradan mərkəz, təəssüf ki, ardını o qədər də uğurla gətirə bilmədi. Görünən odur ki, mərkəz hələ ki, layihələri ofis və digər lazım olan ünsürlərlə təmin etməklə, gözləmə rejiminə keçib. 

      SUP Demo Day - SUP akselerasiya mərkəzinin təşkil etdiyi "DemoDay"lər investorlarla zəngin olmaq baxımından diqqət çəkir. İlk "Demoday"də 2 startapa yatırım edilsə də, hələ ki son "Demoday"in nəticələri barədə əlimizdə məlumat yoxdur. 

      Yeni Fikir - Ötən il üçün hər kəsin yarışdığı sonda "Kvotter"in qalib olduğu yarışlardan daha biri olan Yeni Fikir, ekosistem üçün faydalı işlər görməyə çalışır. Son yarışda yerli startapımız "Kvotter" 5000 Avro mükafat qazanmışdı. Avronun qalxdığı vaxtlarda əslində heç də pis məbləğ deyidli. "Kvotter"dən söz düşmüşkən ötən ilə nəzər salsaq, bütün yarışmalarda "Kvotter"in qalib olduğunu görə bilərsiniz. Bunun səbəbini isə biz yox siz dəyərləndirin. Ya bazarda rəqabət yoxdur, ya da yarışmalarda seçim edənlər eyni adamlardır. (investorlar yaxud münsiflər) Bu yarış nisbətən ədalətlidir və sonda qalibə real pul mükafatı verir. Digər yerləri tutanlar isə xaricə təlimlərə göndərilir. Amma hələ də göndərilən gedib çıxa bilmədi. Bu isə həqiqətən heç də yaxşı hal deyil. 

      Startup Azərbaycan - Daha bir Çempionlar liqasını xatırladan yarışmalardan biri olan sözügedən tədbirin əsas məqsədi, ekosistemi bir araya gətirməkdir. Sonda flash disk, səsgücləndirici qazana biləcəyiniz bu yarışma digər ölkələrdəkindən çox amma çox fərqlənir. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, bu yarışı təşkil etmək üçün kifayət qədər dövlət dəstəyi yoxdur və investorların da həmişə olduğu kimi yarışa marağı azdır.

      Seedstars Baku - Dünyaca məşhur "Seedstars World" yarışının lokal seçim mərhələsidir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi rəsmi təmsilçi olaraq fəaliyyət göstərir. Hər il davamlı olaraq keçirilən bu yarışmanın qalibi olan şəxs, İsveçredə keçirilən Seedstars World yarışmasına vəsiqə qazanır və ölkəni qlobal arenada təmsil edir. Qeyd edək ki, bu il sözügedən yarışın lokal qalibi "Kvotter" olub və 2017-ci il üçün qlobalda çıxışı gözlənilir.

      Nəticə olaraq əgər sizin Azərbaycanda bir startapınız varsa, bu karuseldən pis-yaxşı siz də keçəcəksiniz. Sizə ola biləcək ən yaxşı məsləhətimiz, heç bir yarışa qoşulmamaqdır. Onsuz da ayrılan vəsaitlər ancaq 1 aylıq xərclərinizi ödəyəcək qədərdir. Sınaqdan keçmiş bir startapınız varsa "SUP DemoDay"-ə qoşulmaq məsləhətdir. Ofis və inkubasiya mərkəzi üçün isə hər bir mərkəzə müraciət edə bilərsiniz. Ən önəmli məsələ isə işləməkdir. Heç bir təsirə baxmayaraq işləmək. Sonda uğur sizinlə olacaq.
      Linki kopyala

      Bənzər xəbərlər

      Oxşar xəbərlər