Bill Gates, tanımadığı qıza Yeni il hədiyyələri bəxş etdi

899

"Microsoft” şirkətinin təsisçisi və böyük səhmdarı olan Bill Gates hər il keçirilən "Secret Santa” flashmobunda iştirak edib.

Sözügedən flashmob Reddit saytında keçirilir. Flashmobun qaydalarına əsasən hər bir Reddit istifadəçisi, püşkatma nəticəsində kimin-kimə Yeni il hədiyyəsi göndərəcəyini öyrənir. Reddit istifadəçisi olan Bill Gates bu aksiyada artıq 3 dəfə iştirak edib. Öz 4-cü iştirakı zamanı püşkatma nəticəsində ona Aerrix (əsl adı Alicia) ləqəbli qız düşüb. Məlumata əsasən Alicia keçən il də flashmobda iştirak edib. Lakin keçən il onun gizli Santası ona heç bir hədiyyə göndərməmişdi. Lakin Bill Gates bu missiyaya çox diqqətli yanaşıb. Belə ki, o, Alicia-nın hesabını incələyib və onun maraqlandığı mövzular əsasında hədiyyələr hazırlayıb. Nəticədə Bill Gates, qıza, The Legend of Zelda oyunundan olan qılıncı, Xbox One konsolu, 3 fərqli rəngdə Xbox One gamepadı, bir neçə oyun diski, kulinariya kitabı, 8-bitlik Nintendo konsolu, geyinmeye isti əşyalar və özünün sevdiyi 3 filmin diskini hədiyyə edib.

Həmçinin hədiyyələrin arasında Bill Gates-in öz əli ilə yazdığı məktub da var idi. "Mən inana bilmirəm ki, sizin keçən ilki gizli Santanız sizə heçnə hədiyyə etməyib. Sizin Reddit cəmiyyətinə olan inamınızı dəstəkləmək üçün sizə bəzi hədiyyələri bəxş etmək istəyirəm. Ümid edirəm onlar sizin xoşunuza gələcək. Həmçinin mən sizin adınızdan Code.org saytına müəyyən miqdarda vəsait yatırdım. Bu vəsait daha çox tələbənin sizin kimi informatika sahəsini öyrənməyə yardımçı olacaq. Sietl-dan ən yaxşı arzularla. Bill Gates” – deyə məktubda qeyd olunmuşdu. Alicia-nın sözlərinə əsasən ilk öncə o, bu qədər hədiyyənin onun qonaq otağında hardan peyda olduğunu anlamayıb. Lakin vəziyyəti başa düşəndən sonra onun sevincinin həddi-hüdudu olmayıb. "Xbox One-nın xüsusi Minecraft versiyası. Çox sağolun cənab Gates. Mən heç zaman bu bayramı unutmayacam” – deyə Alicia öz minnətdarlığını bildirib.