Bu payız fəslinin 10 yeni fantastik janrlı serialı

317

Serial sevənlər payız fəslini səbrsizliklə gözləyirlər. Belə ki, məhz payız fəslində onların sevdikləri serialların növbəti sezonu və tamamilə yeni seriallar efirə çıxır. Bu payız yeni serialların sayı o qədər çox oldu ki, biz bunu məqalə kimi yazmağa qərar verdik. Beləliklə sizlərə bu fəslin 10 ən yaxşı fantastik janrlı serialını təqdim edirik.

"Van Helsing”

Çıxış tarixi: 23 Sentyabr

Kanal: SyFy

Süjet: Dəhşətli məxluqların ovçusu və Drakulanı öldürmüş məşhur Van Helsing-in qız övladı var. Lakin o, atası ilə eyni vaxtda deyil, bir neçə yüz ildən sonra peyda oldu. Postapokaliptik dünyaya gəlmiş qız atasının işini davam etməyə niyyətlidir.

Gözləntilər: Bu cür layihələr məntiqi cəhətdən güclü deyillər və Niyə? sualını sevmirlər. Sadəcə olaraq izləyici təqdim olunmuş süjet xəttini qəbul edib hadisələrin necə olacağını maraqla gözləyir. Serialı maraqlı edən baş qəhrəman və hər seriyada olan action dolu səhnələrdir.

"Aftermath”

Çıxış tarixi: 27 Sentyabr

Kanal: SyFy

Süjet: Fəlakətdən öncə evli cütlük Karen və Coşua Kouplend xoş xasiyyətli və mehriban insanlar idilər. Onlar övladlarına tərbiyə verir, işləyir, ətrafındakılara kömək edir və qaydalar üzrə yaşayırdılar. Lakin planetdə təbii fəlakətlərin baş verməsindən və bilinməyən məxluqların ortaya çıxmalarından sonra Kouplend cütlüyü başa düşdü ki, yeni dünyada köhnə sxem ilə yaşamaq mümkün deyil. Buna görədə öz övladlarını qorumaq və sağ qalmaq üçün onlar dəhşətli qərarlar qəbul edirlər.

Gözləntilər: "2012”, "The Book of Eli” və "Falling Skies” layihələrinin qarışığı olan bu yeni serial ən azından öz ideyası ilə izləyicidə maraq oyadır. Digər tərəfdən ailəni xilas etmək tərzdə ideyanı biz artıq "Fear The Walking Dead” serialında gördük. Buna baxmayaraq yeni serialın necə start götürdüyünü artıq öz gözlərinizlə seriala baxaraq görə bilərsiniz. Serialın özünü necə göstərəcəyini isə zamanla müşahidə edə biləcəyik.

"Luke Cage”

Çıxış tarixi: 30 Sentyabr

Kanal: Netflix

Süjet: Cessika Cons ilə ayrılandan sonra Lük Keyc bir müddətlik qeybə çəkilir. O, Nyu Yorkda təmizlikçi vəzifəsində və gecə klubunun mətbəxində əlavə iş kimi çalışır. Lakin narkotik və silah satışları ilə məşğul olan yerli mafia hamının sevdiyi bər-bərxana sahibi Popu qətlə yetirir. Bundan əlavə olaraq mafia hamını qorxu içərisində saxlayaraq narkotik və yeni silah növlərinin satışı ilə məşğul olmağa davam edir. Bunu görən Lük Keyc artıq kənarda dura bilmir. Buna görə də o, mafianı məhv etməyə və ədalətin bərpa olması üçün işə başlayır.

Gözləntilər: Hələ "DareDevil” serialında Netflix kanalı fantastik televiziya layihələri sahəsində müəyyən etalon yaratdı. Daha sonra onlar həmin etalonu "Jessica Jonesserialı ilə qoruyub saxladılar. "DareDevil"in ikinci sezonu ilə kanal daha bir üst səviyyəyə qalxdı. Məhz buna görə yeni layihə izləyicilərin diqqətini cəlb etməlidir deyə düşünürük.

"Westworld”

Çıxış tarixi: 2 Oktyabr

Kanal: HBO

Süjet: Çox da uzaqda olmayan gələcəkdə xüsusi əyləncə parkı var. Həmin park vəhşi qərb tərzində inşa edilib və istənilən hər bir imkanlı şəxs ora gedərək istədiyi kimi əylənə bilər. Orada bank oğurlamaq, şerifə kömək edərək cinayətkarları tutmaq, silahlı duellərdə iştirak etmək olar. Bir sözlə bütün vəhşi qərb həyatı bir əyləncə kimi ziyarətçiyə təqdim olunur. Əyləncə parkının bütün personajları orqanik androidlərdir. Onlar bilmirlər ki, insan deyillər. Buna görə də hər bir günü onlar yeni gün kimi keçirirlər. Həmçinin onlar insana zərər verə bilmirlər. İnsan isə onları rahatlıqla öldürə bilər. Axı onlar sadəcə robotlardır. Lakin günlərin birində proqram təminatında nasazlıq baş verir və robotlar hər şeyin fərqinə varmağa başlayırlar. Ən maraqlısı da məhz bundan sonra başlayır.

Gözləntilər: Serialı izləməmək üçün heç bir səbəb yoxdur. Əksinə izləmək üçün bir çox səbəblər var. Serial HBO kanalının (Game of Thrones) yeni fantastik layihəsidir. Baş rollardan birini əfsanəvi Entoni Hopkins canlandırır. Serialın ssenaristi və rejissoru dahi rejissor Kristofer Nolan-ın qardaşı Conatan Nolan-dır. Layihənin prodüsseri isə C.C.Abrams-dır.

"Timeless”

Çıxış tarixi: 3 Oktyabr

Kanal: NBS

Süjet: Tarix üzrə nüfuzlu mütəxəssis Lüsi Preston, anasının təsis etdiyi kafedradan qovulur. Anası isə komadadır. Lüsi öz anasının komadan ayılmasını səbrsizliklə gözləyir. Günlərin birində Lüsi-yə gizli dövlət orqanlarının nümayəndələri müraciət edir. Onlar Lüsi-yə zaman maşını barəsində danışırlar və bildirirlər ki, təhlükəli cinayətjər Lüsi-ni ələ keçirib keçmişə qayıdıb. Onun əsas məqsədi isə tarixi dəyişməkdir. Lüsi və komanda onu təqib edərək təhlükənin qarşısını almalıdırlar.

Gözləntilər: Əgər bu layihə maraqlı hekayəsi, qlobal fəlakətlər və s. xüsusiyyətlər ilə marağı cəlb edə bilməsə çox güman ki, serial bir sezondan çox həyat sürməyəcək. Bu cür mövzulu film və seriallarda həmişə insanı şoka salacaq süjet xətti dəyişmələri və bədbəxt insan taleləri olmalıdır. Hələki bu xüsusiyyətlər serialda var. Lakin daha sonra necə olacağını zaman göstərəcək.

"No Tomorrow”


Çıxış tarixi: 4 Oktyabr

Kanal: The CW

Süjet: Evi adlı qız Xavyer adlı oğlana rast gəlir və ona aşiq olur. Evi onunla münasibət qurmağı və uzun xoşbəxt ömür sürməyi istəyir. Lakin Xavyer-in daha vacib öhdəliyi var. Belə ki, onun fikrincə bir neçə aydan sonra dünyanın sonu baş verəcək. Onun fikrincə bu müddət ərzində sözün əsl mənasında yeyib içib kef etmək lazımdır. Lakin Xavyer doğurdan da bir neçə ay sonra dünyanın sonunu olacağını dəqiq bilir? Bəlkədə o ağlını itirib?

Gözləntilər: Çox güman ki, bu serial psevdofantastik komediyadır. Mənası isə həyat və hər bir anın dəyəri barəsindədir. Əgər serialda çoxlu yumor olsa və əgər bir neçə aktyor özlərini izləyicilərə sevdirə bilsələr onda bu serial çox uzunömürlü ola bilər.

"Frequency”

Çıxış tarixi: 5 Oktyabr

Kanal: The CW

Süjet: Polis xəfiyyəsi Reymi Sallivan aşkar edir ki, o öz atası Frenk Sallivan ilə radio vasitəsilə əlaqə qura bilir. Məsələ burasındadır ki, onun atası 1996-cı ildə yaşadığı halda Reymi müasir zamanda yaşayır. Lakin buna baxmayaraq onların ortaq məqsədləri var. Onlar hər iki zaman kəsiyində qətllər törədən cinayətkarı yaxalamalıdırlar.

Gözləntilər: Zaman ilə bağlı daha bir serial. Əslində bu serial 2000-ci ildə işıq üzü görmüş eyniadlı film əsasında yaradılıb. Film maraqlı olmasa da onun serial variantı maraqlı layihə ola bilər.

"Channel Zero”

Çıxış tarixi: 11 Oktyabr

Kanal: SyFy

Süjet: 20-ci əsrin 80-ci illərində Amerika televiziyasında qorxulu "Candle Cove” adlı uşaq serialı çıxırdı. Serialın hər bir seriyası zamanı real həyatda bir dəhşətli qətl hadisəsi baş verirdi. Zamanla insanlar inanmağa başladılar ki, hansısa səbəbə görə layihə və dəhşətli qətllər bir-birilə əlaqəlidirlər.

Gözləntilər: "American Horror Story” serialı öz uğuru ilə sübut etdi ki, horror janrı təkcə filmlərdə deyil həmdə televiziya layihələrindədə uğurlu ola bilər. "American Horror Story” kimi "Channel Zero” da bir szon ərzində bir qorxulu hekayəni izləyicilərə təqdim edəcək.

"Falling Water”

Çıxış tarixi: 13 Oktyabr

Kanal: USA

Süjet: Bir-birini tanımayan 3 şəxs bir yuxuda görüşməyə başlayırlar. Ya onların hər biri eyni yuxunu görür, yadaki onlar bir-birinin yuxusunda yerləşirlər. Hər bir şəxsin öz məqsədi və acısı var. Məhz cavabların tapılması və problemlərin həll olunması üçün onlar hər gecə yatan zaman yuxuda görüşürlər. Hər dəfə yuxuda görüşən zaman onlar öz bacarıqları, özləri və taleləri haqqında daha çox məlumat əldə edirlər. Günlərin birində onlar öyrənirlər ki, dünyanın xilas edilməsində vacib ol oynamalıdırlar. Onların eyni yuxuda görüşmələri isə daha dəhşətli hadisələrə olan bir hazırlıqdır.

Gözləntilər: Yuxunun daxilində yuxu və onun daxilində daha bir yuxu. Nəyisə xatırladır? Əgər xatırlatmırsa onda biz deyək. Kristofer Nolan-ın "Inception” filmi. Həmin filmdə izləyicini həyəcanda saxlayan hər bir xüsusiyyət var idi. Nəticədə film çox möhtəşəm alınmışdı. Lakin "Falling Water” serialı, izləyicilərini nə ilə təəccübləndirəcəyi hələki məlum deyil.

"Dirk Gently’s Holistic Detective Agency”

Çıxış tarixi: 22 Oktyabr

Kanal: BBC America

Süjet: Dirk Centli adlı özəl xəfiyyə və onun köməkçisi Todd adi işlərlə deyil, mistik işlərlə məşğul olurlar. Bu cür işlərdə isə Centli-yə məntiqi və deduktiv üsullar kömək etməyəcək. Onun fikrincə hadisələr bir-birilə əlaqəlidir və elmi cəhətdən izah edilə bilmir. Buna görədə onlar mistik xüsusiyyət daşıyırlar.

Gözləntilər: Bu serial yazıçı Duqlas Adams-ın eyniadlı kitabı əsasında çəkilib. Buna görədə izləyiciləri maraqlı personajlar, lazımi yumor hissi və qəliz süjet xəttləri gözləyir. Bura həmçinin biraz mistika və fantastika ilə yanaşı həmdə gözəl aktyorlar əlavə olunubsa deməli bizləri maraqlı serial gözləyir.