main-post-cover

    CV nədir və necə hazırlanmalıdır?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Salam.
    Bu gün sizə CV (ingiliscə Curriculum Vitae – Tərcümeyi-hal) barədə danışacam. Bu məqalə xüsusilə CV hazırlamaqda çətinlik çəkən şəxslər üçün nəzərdə tutulub. Əgər sizin professional və uğurlu CV`niz varsa, onda bu məqaləni burada saxlayıb, buyurub saytımızdakı digər önəmli texnoloji yeniliklərlə tanış ola bilərsiniz.
    P.S. Bu məqalədə qeyd etdiklərim öz şəxsi təcrübəmə və araşdırmalarıma əsaslanır.
     
     
    Beləliklə davam edək. Gəlin, əvvəlcə CV nədir, nə üçün lazımdır və biz onu hansı məqsədlər üçün istifadə edə bilərik suallarını aydınlaşdıraq. CV qısaca olaraq sizin tərcümeyi-halınızdır. Yəni CV vasitəsilə siz özünüzü professional şəkildə ilk baxış üzrə təqdim edə bilərsiniz. Deyək ki, hər hansı bir şirkət vakansiya elan edib və siz bu vakansiyaya müraciət etmək istəyirsiniz. Bu zaman həmin şirkətin insan resursları mütəxəssisinə özünüzü təqdim etmək üçün CV forması göndərməli olacaqsınız. Bu ona sizin vakansiyaya uyğun olub olmadığınızı çatdıracaq və ilkin baxışdan sonra sizin barənizdə onda bir fikir formalaşacaq. CV yazılma məqsədləri müxtəlif ola bilər, buna təhsil, iş, təcrübə proqramları, konfrans və s. bir çox səbəblər saymaq olar. Ünvanlanma obyektinə görə CV`lər fərqli ola bilər. Amma bir çox hallarda ümumi hazırlanmış CV`ni istədiyiniz məqsəd üçün istifadə edə bilərsiniz.
     
    CV hazırlayarkən aşağıdakı məlumatlara xüsusi diqqət yetirilməlidir:
    • Ad, soyad, doğum tarixi, doğum yeri, ünvan, telefon nömrəsi, elektron poçt ünvanı – Bu məlumatların tam dəqiq və düzgün olmasına əmin olun. Çünki işə götürənin ilk baxdığı məlumatlar bunlar olur və burada yanlış hər bir məlumat sizin haqqınızda artıq mənfi rəyin formalaşmasına səbəb olur.
    • Təhsil – Burada sizin sahib olduğunuz təhsil dərəcələriniz qeyd olunur. Şəxsi fikrimcə, burada bitirdiyiniz və ya hal-hazırda təhsil aldığınız universitet haqqında məlumatın olması daha vacibdir. Çünki insan resursları mütəxəssisləri və ya CV`nin ünvanlandığı şəxsləri məktəb təhsilindən çox ali təhsil maraqlandırır.
    • İş təcrübəsi – Əgər varsa, iş təcrübələrinizi mütləq qeyd edin. Bu mütəxəssis insanın sizin barədə ümumi fikir formalaşmasına böyük ölçüdə təsir edir. Bununla o, sizin ona nə vəd etdiyinizi ilkin formada anlaya bilər. İş təcrübənizi qeyd edərkən, burada hansı vəzifənin sahibi olduğunuzu və gördüyünüz işləri qısa formada yazmaq olar. Məsələn, deyək ki, siz ABC firmasında "Layihə rəhbəri” vəzifəsində çalışmışınız. Bu zaman bir aşağı sətirdən bu vəzifədə gördüyünüz işlərdən ümumi yaza bilərsiniz, məsələn, "layihənin ümumi gedişatına nəzarət, büdcəyə nəzarət və tətbiqi, layihənin perspektivlərinin analizi” və s. Bu qeyd etdiyimi sadə bir nümunə idi. Bunu nə qədər professional yazmağınız sizdən asılıdır.
    • Xüsusiyyətləriniz – Burada namizədin nə qədər "təchizatlı” olduğu önə çıxır. Burada siz xarici dil bilgiləriniz, kurs və ya seminarlar, nailiyyətləriniz, texnoloji bilikləriniz və əlavə nə ağlınıza gəlirsə istifadə edə bilərsiniz. Bu hissə sizinlə tərcümeyi-hala baxan arasında tam ümumi bir fikir formalaşmasına səbəb olur. Namizədin öz üzərində nə qədər işlədiyi, nələrə sahib olduğu və bunlardan potensial vakansiya üçün necə istifadə edəcəyi fikri yaranır.
    • Sosial aktivliklər – Burada boş zamanınızı necə dəyərləndirdiyinizi qeyd edə bilərsiniz. Qeyd edim ki, məqsədinə görə bu hissəni əlavə etmək könüllüdür. Çünki bu hissədə yazacaqlarınız daha çox komanda şəraitində necə işləyə biləcəyiniz barədə kiçik fikir formalaşdırır. Məsələn, foto çəkmək, həvəskar aktyorluq və s.
     
    CV yazarkən ən çox edilən səhvlər
    CV, ünvanlanan şəxsdə sizin barənizdə ilk formalaşmasına səbəb olan vasitədir. Əgər tərcümeyi halınızı əl yazısı ilə təqdim edirsinizsə, bu zaman xəttinizin səliqəli olmasına fikir verin. Əgər elektron formada təqdim edirsinizsə, bu zaman yazınızın strukturunun səliqəli olmasına diqqət yetirin və heç bir çap xətasına yol verməyin. İstifadə etdiyiniz söz və cümlələrin anlaşılan və axıcı olmasına çalışın. Çünki istifadə etdiyiniz yazı üslubu işə götürənin fikrinə ciddi təsir edir. İş verənin sizinlə bağlı bilmək istədiyi məlumatlara daha çox yer verin. Məsələn, hansı məktəbi bitirdiyinizdən çox, hansı universiteti bitirdiyiniz və hansı ixtisasa yiyələndiyiniz daha vacibdir.
    Sahib olduğunuz təcrübələr (iş, könüllülük) çox önəmli və əsas xətanın olduğu bölümdür. Staj və ya professional işdə nələr etdiyiniz, hansı şirkətin hansı departamentində vəzifəniz olduğu və vəzifəniz boyunca nə icra etdiyiniz çox önəmli məlumatdır. Bu hissə namizədin işə nə qədər uyğun olduğunu təyin edən əsas meyarlardandır. Çox yaxşı strukturda yazılmış təcrübə hissəsi sizi müsahibə mərhələsinə 1-0 öndə başlamağınıza səbəb olur.
    Təcrübə hissəsində məlumatların tam olaraq çatdırılmaması əsas problemlərdən biridir. Şirkətlərin standartlarına uyğun bir işçi axtarışı zamanı ilk baxdıqları nöqtə iş təcrübəsi olur və bu hissə tam dolğun olmalıdır, bütün önəmli məlumatlar yer almalıdır.
    Məsələn, deyək ki, namizəd ABC şirkətində "Departament müdiri” olaraq işlədiyini yazıb və əlavə heç bir qeyd etməyib. Burada işəgötürən özünə lazım olan məlumatı əldə edə bilmir. O bilmir ki, namizəd vəzifəsində nələr edib. İşəgötürən namizədin nə iş gördüyünü, inkişafa necə təsir ediyini bilmək istəyir. Ona görə bu hissəsə xüsusi diqqət yetirin.
    Əgər varsa, referanslar da önəmlidir. Bu sizə daha çox üstünlük verər. Yeni məzun olmuş insanlar isə akademik referanslardan istifadə edə bilər. Referansların kim tərəfindən yazılması da çox önəmlidir.
    Tərcümeyi-halın uzunluğuna gəldikdə isə çox qısa və ya uzun formalar bir standart xətasıdır. Çox uzun CV formaları işəgötürənin sizin barənizdə gərəkli məlumatları almasına mane olur. Çox qısa tərcümeyi-hallarda isə sizin haqqınızda dolğun məlumat əldə etmir.
    Tərcümeyi-hal yazarkən istifadə etdiyiniz proqramlar və ya şablonlar da önəmlidir. Çalışın, yaradıcı CV forması hazırlayın. Özünüzü bununla tərənnüm edin. İnternetdə bir çox formalardan da istifadə edə bilərsiniz. Amma bu formaların arasından professional olanları seçmək lazımdır. Məsələn, namizəd "moruq.net” saytının qoyduğunu formanı doldurur, üzərindəki "Moruq.net” sözünü də silmir. Bu zaman işəgötürən onun haqqında müsbət düşünə bilmir və şansı çox azalır.
    Hal hazırda Avropada bir çox sahələrdə Europass CV formasından istifadə edilir. Ölkəmizdə də kifayət qədər istifadəçisi olan platformanın istifadəsi də çox sadədir. Həmin sayta buradan daxil ola bilərsiniz. Yuxarıda qeyd etdiyim ardıcıllıqda CV forması hazırlamağınıza şərait yaradır. Təbii ki, mükəmməl CV hazırlama platforması deyil. Bundan başqa bir çox ödənişli servislər də vardır ki, onlar sizə mükəmməl dizaynlı CV formaları təqdim edir. Onların sayı çox olduğundan Google axtarış sistemindən özünüzə uyğun formasını tapıb CV hazırlaya bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər