main-post-cover

    Daşınmanı asanlaşdıran yerli startap "City Carrier" iddialı bir şəkildə bazara daxil olur

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hər bir biznesə lazım olan kuryer və daşınma xidmətləri adətən hansısa 3-cü bir şirkət tərəfindən təmin olunur. Buna görə öz biznesiniz üçün məhsulların, sənədlərin və ya digər əşyaların daşınması üçün hansısa kuryer şirkəti ilə əməkdaşlıq edirsiniz. Bu da öz növbəsində daha bahalı xidmət almağınıza səbəb olur. Kuryerlərin çatdırılmada problem yaratması, izləmənin mümkün olmaması, gecikmələr, sənədləşmə və s. işlər sizin həm vaxtınızı həm də pulunuzu alır. Belə bir vəziyyətdə bu problemi innovativ şəkildə həll edən "City Carrier" startapı sizin köməyinizə çatır. Platforma olaraq bizə "Uber" xidmətini xatırladan bu startup əslində çox mürəkkəb bir proseduru asanlaşdırır.
     

    "City Carrier" nədir?

    "City Carrier" online olaraq biznes və kuryerləri birləşdirən "marketplace" bir paltformadır. Hansı ki, siz bu xidmət vasitəsilə heç bir vasitəçi şirkət olmadan ucuz və effektiv şəkildə lazım olan daşınmaları həyata keçirə bilərsiniz. Hər bir bazar özü-özünü tənzimləməlidir. Bazarda qiymət, tələb və təklif əsasında formalaşır. "City Carrier"in isə təməl məntiqi bunun üzərində qurulub. Tətbiqə daxil olan biznes sahibi, hər hansı məhsulun daşınması üçün ona yaxın olan kuryerlərdən birini dərhal çağıra bilər. Belə olan halda sahibkar məhsulun daşınması üçün qiymət təklif edir və bu qiyməti qəbul edən kuryer həmin məhsulun çatdırılmasına razılıq verir. "City Carrier" özündə biznes, kuryer və müştərini birləşdirən platformadır və eyni zamanda bu platformada "freelance" kuryerlər də işləyə bilər. Biznes və sahibkarlar "City Carrier" paltformasından istifadə edərək, kuryerlərə, sifarişlərə, sifarişlərin necə yerinə yetirilməsinə eyni zamanda çatdırılma statusuna nəzarət edə bilərlər.

    Qiymətlər isə real-zamanlı hərraclar üzərindən tənzimlənir. Belə bir vəziyyətdə hər bir biznes üçün etibarlılıq da vacib məna kəsb edir. Məhz buna görə "City Carrier" biznesmenlər üçün bir sıra yeni imkanlar təklif edir. Birincisi biznesmen onunla əməkdaşlıq edən kuryerin kimlik, sürücülük vəsiqəsini sistemdə görə bilər. Ikincisi, kuryer bazasında seçim edəndə, kuryer haqda zəngin statistik məlumatlar əldə etmək mümkündür. Belə ki, kuryerin toplam icra etdiyi sifarişlərin sayı, onun haqqında rəylər, neçə biznesmenlə işlədiyi haqda məlumat öz əksini tapır və sifarişçiyə şəxsi reytinqində ilk baxışda inam doğurmayan kuryerləri siyahıdan çıxarmaq imkanı verilir.

    "GoMap", "Google Maps", "OSM" kimi aparıcı xəritə provayderlərindən olan inteqrasiya, dəqiq çatdırılma ünvanını və kuryer üçün olan dəqiq marşrut məlumatlarının verilməsini təmin edir. Kuryerlər üçün nəzərdə tutulmuş mobil tətbiq, GPS koordinatlarını ötürür. Bu isə növbəti sifarişin planlaşdırılmasında kuryerə yardımçı olur. Sifarişin statusunun (yolda, çatdırılıb) dəyişilməsi zamanı sifarişçinin SMS vasitəsilə avtomatik bildirişi, ani ismarıclar üçün çat sistemi, təqdim olunmuş xidmət barəsində müştəridən dərhal rəy alınmasını və sifarişçi ilə qarşılıqlı əlaqəni yeni səviyyəyə gətirir.

    Demo mərhələsindən təqdim olunan "City Carrer" platforması birbaşa qlobal bazarı hədəfləyir. Hələ ki, Android platforması üçün təqdim olunan platformadan buradan qeydiyyatdan keçə bilərsiniz. An etibarilə isə "City Carrer", "Anadolu Restaurants & Catering", "Cinnabon Azerbaijan", "Schlotzsky's Azerbaijan", "Avaz Dining & Lounge", "Buffetique" ilə pilot versiyada testlərə başlayıb.
    Qeyd edək ki, bir müddət əvvəl bizneslər üçün kuryer və izləmə xidmətini təmin edən digər yerli startap "Orderhunt" SUP Demoday-da təqdim olunmuşdu. Qlobal bazarı hədəfləyən hər 2 startapımıza da uğurlar arzu edirik.
    Linki kopyala