main-post-cover

    Elon Musk öz yeni şəhəraltı tunellər layihəsinin ilk videosunu təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Elon Musk, TED konfransı çərçivəsində özünün yeni şəhəraltı tunellər layihəsinin ilk videosunu təqdim edib.


    Sözügedən layihə, şəhərlərdə olan tıxac problemini həll etmək üçün nəzərdə tutulub. Yeni videodan məlum olub ki, avtomobilin həmin tunellərdən birinə daxil olması üçün o, xüsusi platformaya qalxmalıdır. Daha sonra platforma, şaquli şəkildə avtomobili tunelə endirəcək. Tunel daxilində avtomobil özü yox, onu tunelə endirmiş platformaya bənzər digər platforma vasitəsilə lazımi yerə çatdırılacaq. Avtomobili müəyyən yerə çatdıracaq platforma isə maksimum, saatda 207 km sürətlə hərəkət edə biləcək. Təyinat nöqtəsinə çatandan sonra avtomobili endirib-qaldıran platforma, avtomobili tuneldən yer üzünə qaldıracaq. Musk-ın sözlərinə əsasən tunellər şəbəkəsi minimum 30 səviyyədən ibarət olacaq. Həmin səviyyələrdə avtomobillərdən başqa sürətli Hyperloop vakuum kapsulları da hərəkət edə biləcəklər. Hal-hazırda Elon Musk-a məxsus "The Boring Company” şirkəti, "SpaceX”in Los Anceles şəhərindəki ofisinin altında təqdimat üçün nəzərdə tutulmuş tunelin inşası ilə məşğuldur. Tunel inşasının şirkət ofisi sərhədindən çıxması üçün Elon Musk, hökümətdən icazə almalıdır. Qeyd edək ki, Musk, tunellər barədə ilk dəfə 2016-cı ilin sonunda məlumat vermişdi. Onun sözlərinə əsasən yollarda olan tıxaclar onu dəli edir.
     
    Linki kopyala