Empati nədir? Empati duyğunuz varmı?

250

 

Empati sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə "hiss, duyğu” anlamlarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb. Tam mənası ilə empati şəxsin özünü başqa birinin yerinə qoyaraq onun hiss, həyəcanını, istəklərini, davranışlarını anlamaq qabiliyyətidir.

İnsan özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hisləri keçirdiyini, mənəvi əziyyətləri, sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü başa düşə bilir. Alman fenomenoloq Edit Styen-ə görə empatiya qurulmasını asanlaşdırmaq, maneə olmaq və ya qarşısı almaq mümkündür, amma heç vaxt olmayan empati formalaşdırıla bilməz. Edit-ə görə empatini qeyri-adi edən şey onun birdən ortaya çıxması, vəziyyətə uyğun özümüzü qarşı tərəfin yerində hiss etməyimiz və idarə oluna bilməməsidir. Empatinin əsas müsbət xüsusiyyəti bizi qarşı tərəfin hərəkətlərini qınamadan əvvəl onun niyə belə hərəkət etməsini analiz etməyimizə yardımçı olmasıdır. Empati qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan, müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır.


Empati əsasən iki yerə ayrılır.

Hissi empatiya

Eyni zamanda duyğu empatiyası da deyilir. Bu empati növü əsasən insanları yaxşı başa düşməyə, hər hansı mövzuda onların hansı hiss-həyəcanı keçirdiklərini anlama qabiliyyətidir. Məsələn narahatçılıq empatiyası. Belə empatiya növü hətta kiçik yaşlı uşaqlarda da özünü göstərir. Qarşısındakı insan ağladıqda uşaq həmin şəxslə birgə ağlaya, onu qucaqlaya və ya buna bənzər hərəkətlər nümayiş etdirə bilər.

İdrak empatiyası

Bu empatiya forması əsasən başqalarının hərəkətlərini nöqteyi nəzərdən və mənəvi baxımdan anlama formasıdır. İdrak, təfəkkür empatiya formasının özünün müxtəlif formaları mövcuddur. Məsələn, bu empatiya növünə sahib insanlar başqalarını psixoloji tərəfdən anlaya bilir, bir digər qrup insan isə yaratdığı xarakterlərlə təsəvvür yaratmağa meyllidir.

Empatiya-Simpatiya

Bir çox hallarda bu iki söz qarışıq salınır. Simpatiya dedikdə, bir insanın sahib olduğu hiss və düşüncələrə rəğbət bəsləməkdir. Empati isə qarşımızdakı şəxsin fikir və düşüncələrini anlamağa əsaslanır. Simpatiya hiss etdiyimiz şəxslərin duyğularını, fikirlərini paylaşdığımız halda, empatiya yaratdığımız insanların isə düşüncə və davranışlarını anlaya bilirik. Empatiyanın əks anlamı antipatiya adlanır. Fransızcadan isə "qarşı duyğu, nifrət, sevməmək” kimi ifadə olunur.

Empatiya çox mühüm anlayışdır. Empatiyası olmayan şəxs normal insan düşüncəsinə sahib ola bilməz. Məsələn, ikinci Dünya Müharibəsi dövründə alman əsgərlərinə "mən necə bir cinayət işləyirəm, mən nə edirəm” demək qadağa halını alıb və onun əvəzinə belə olmalıymış kimi fikir formalaşdırılıb. Beləliklə, belə təlim-tərbiyə görmüş insanlarda acıma hissi zamanla ortadan qalxmış və əziyyət çəkən tərəfə rəhm hissi tamamilə yoxa çıxmışdır. Bu cür psixologiya ilə həyat keçirən insanlarda empatiyadan söhbət gedə bilməz.

Empatiya anlayışının yox olduğu cəmiyyət isə sonda çoxlu sayda cinayətlərlə müşahidə oluna bilər.