main-post-cover

    "Hello Again" cümləsinin tarixçəsi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Apple” şirkəti demək olar ki, hər ilin Oktyabr ayındakı tədbiri çərçivəsində yeni MacBookiPad modellərini təqdim edir. Bu ilki tədbirin posteri, şirkətin rəngli loqosu və "hello again” cümləsindən ibarətdir. Bu cümlə şirkətin keçmişi ilə sıx bağlıdır. İlk dəfə "Hello”, 1984-cü ildə "Apple” ilk Macintosh modelinin çap reklamını təqdim etdiyi zaman səsləndirilmişdir. Təqdim edilmiş ilk model adi əmr sətri yerinə qrafik interfeysi təqdim edərək personal kompüter anlayışını tamamilə dəyişmişdir. Belə ki, artıq kompüter, seçilmiş insanlar tərəfindən istifadə olunan bir cihaz deyildi. Kompüteri hamı istifadə edə bilərdi. Yəni cihaz istehlakçı məhsuluna çevrilmişdi. Məhz buna görə belə sadə sloqan olan "Hello”dan istifadə olunmuşdu. Kompüter bir növ ona anlaşılan dildə istifadəçilər ilə salamlaşırdı.
    "Think Different” sloqanının yaradıcısı və uzun müddət "Apple”ın reklam kampaniyalarına cavabdeh olmuş Li Klou vaxtı ikən kompüterin bir növ insanlaşdırılmasına bu cür fikir bildirmişdir. "Diqqət çəkən reklam çox zaman qıcıqlandırır. "Hello” hamının öyrəşdiyi, bir növ dostcasına salamlaşmaqdır. Bu söz çəkindirmək əvəzinə simpatiya yaradır. Texnoloji məhsullar üçün bu vacib xüsusiyyətdir. Sizin məhsulunuz alıcının ağlında "mən bunu istifadə edə biləcəyəm?” fikrini yaratmamalıdır. Alıcı sadəcə olaraq onu almağa can atmalıdır” –deyə Li Klou bildirmişdir.
    Növbəti dəfə "Hello” sözü 1998-ci ildə Stiv Cobs-un ilk iMac modelini təqdim edən zaman səsləndi. Bu dəfə sloqan "Hello Again” kimi səslənirdi. Beləliklə şirkət bildirmək istəyirdi ki, bu təqdimat da ilk Macintosh modelinin təqdimatı kimi vacib bir hadisədir. Əgər Macintosh, kompüterləri hər bir evə gətirdisə, iMac sübut etdi ki, kompüter təkcə hesablayıcı cihaz deyil, həmdə çox gözəl interyer əşyası ola bilər. "Apple”ın müasir cihazlarında artıq bu sloqandan istifadə olunmur. Bu dəfəki "Hello Again” cümləsinin altında nəyin gizləndiyini 27 Oktyabr tarixində biləcəyik.

    Linki kopyala