Huawei P10 smartfonunun render fotoları sızdırıldı

218

Weibo sosial şəbəkəsində hələ təqdim olunmamış Huawei P10 smartfonunun render fotoları təqdim olunub.

Maraqlısı ondadır ki, sözügedən render fotolar əvvəlki sızıntılardan bir qədər fərqlənirlər. Belə ki, daha əvvəl smartfonun yastı və əyilə bilən ekranlı versiyalarının fotoları paylaşılmışdısa bu dəfəki versiya, yastı ekran və ikinci köməkçi ekran ilə təchiz olunub. Köməkçi ekran əsas ekranın yuxarı hissəsində yerləşir. Bu cəhətdən yeni cihaz, LG V20-ə bənzəyir. Huawei P10, sözün əsl mənasında dəbə düşən P9 modelinin davamçısı olacaq. Smartfon, gələn ilin ikinci rübündə satışa çıxa bilər. HiSilicon Kirin 960 prosessoru ilə təchiz olunacaq P10 modeli iki versiyada istehsal olunacaq. Birinci versiya 4 GB RAM və 64 GB daxili yaddaş ilə, ikinci versiya isə 6 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunacaq. Məlumata əsasən smartfon, 5.5 inç Quad HD keyfiyyətli ekrana, 12 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Cihazın, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışması gözlənilir.