IKT Fondunun 3-cü qrant müsabiqəsinin qalib layihələri 6 ay sonra hardadırlar?

1456
2016-cı ilin Fevral ayının 2-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya Texnologiyalarının İnkişafı Fondu 3-cü qrant müsabiqəsinin qaliblərini açıqladı. Bu qrant müsabiqəsinə ümumilikdə 108 layihə müraciət edib və bu layihələrdən 103-ü ilkin ekspertizadan, 42 layihə isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasının iclasına buraxılıb. Müşahidə Şurası isə öz növbəsində, 14 layihənin maliyyələşdirməsi barədə qərar qəbul edib. Hər bir layihə üçün ayrılıqda 10-15 min manat məbləğ arağılında büdcə ayrılıb. Belə bir vəziyyətdə həmin layihələrin indiki vəziyyətlərinə nəzər salmaq düşünürük ki, maraqlı olardı. Görəsən həqiqətənmi, Müşahidə Şurası uğurlu seçim aparıbmı? Elə isə sizlərə 3-cü qrant müsabiqəsinin qaliblərini və onlar haqqında olan araşdırmalarımızı təqdim edirik. 

Operation Caucasus - 15.000 manat
AntiLose - 12.000 manat
PERCON HRM - 15.000 manat
RobiGuide - 12.000 manat
İnternetdə Azərbaycan tur-operatorların dünya GDC vasitəsi ile aviabiletlərin onlayn alış-satışı üçün prosessinq mərkızinin proqram təminatın yaradılması - 14.000 manat
MobChannel - 12.000 manat
Sumaks - 12.000 manat
Events.az - 10.000 manat
Spinal - 14.000 manat
Braille Pad - 15.000 manat
Onlayn proqlaşdırma akademiyası - 15.000 manat
Medianet.az - 10.000 manat
Bridgeneer - 15.000 manat
Smartsinif - 15.000 manat

Operation Caucasus - Qafqazda baş verən hadisələri canlandıran bu oyunun başına gəlməyən qalmadı deyə bilərik. "Demo" versiyada "Steam" platformasında təqdim olunan bu oyun, bir müddət sonra həmin platformadan silindi. Pulsuz açar paylanılan zaman LGBT üzvünə açar verməyən və onu təhqir edən komanda üzvləri, baş verəcək bədbəxt hadisələri nəzərə almamışdılar. LGBT üzvünün şikayəti, "Steam" platformasında öz əksini tapdı və dünyanın məşhur oyun mediaları bu biyabırçılıq haqqında yazdılar. Daha sonra demo olmasına baxmayaraq oyun sirli bir şəkildə 1$ qiymətə düşdü, növbəti addımda isə "Steam" üzərindən bu oyun silindi. Bu haqda detallı araşdırmamızı isə bu xəbərimizdən oxuya bilərsiniz. Qeyd edək ki, oyunun rəsmi facebook səhifəsi bu hadisələrdən sonra səhifəsində heç bir paylaşım etməyib və hələ də səssizliklərini qorumaqdadırlar. Yəqin ki, bu layihəni qiymətləndirən expertlərimiz məsələnin bəzi detallarını və risk faktorlarını yaxşı araşdırmayıblar. 15.000 manat dövlət büdcəsinin vəsaiti, Steam-də və qlobal mediada baş verən bir fiasko ilə sonlandı.

RobiGuide - Şəhərdə olan mərkəzləri, abidələri, mədiyyət evlərini, restoranları və s. obyektləri təyin edən və onlar haqqında yazılı və səsli məlumatlar verən turistlər üçün hazırlanmış tətbiq həllidir. Layihəyə 12.000 manat büdcə ayrılıb. Layihənin rəsmi internet səhifəsinə daxil olduqda, "Coming Soon" bildirişini görə bilərik. Yəni 6 ay keçməsinə baxmayaraq hələ də layihə üzərində işlər gedir. Tətbiq mağazalarından olan "Play Store"dan həmin tətbiqi yükləyib test etmək istədikdə isə qarşımıza bu pəncərə çıxdı və nə edəcəyimizə biz də qərar verə bilmədik.  Tətbiq hələ ki, ancaq Android əməliyyat sistemli telefonlar üçün mövcuddur. Tətbiqin təxmini yüklənmə sayı isə 50-100 arası göstərilir. Bu isə öz növbəsində çox aşağı bir rəqəmdir. Məsələyə obyektiv yanaşsaq belə bir texnologiya tətbiqi hazırlamaq üçün 12.000 manat çox azdır və praktiki olaraq mümkün deyil. Lakin ayrılan qrant qarşılığında görülən işlər də kifayət qədər azdır. Belə yerdə yenə də Müşahidə Şurasının qiymətləndirməsinə böyük iş düşür. Mütəxəssislər mütləq şəkildə layihənin potensialını hesablamalı və işin həcminə görə vəsait ayırmalıdırlar. Bütün bunlara baxmayaraq sizin də bu tətbiqi test etməyinizi təklif edirik. Buyurub, buradan yükləyə bilərsiniz. Ən azından yerli tətbiqdir. 

Events.az - 10.000 manat qrant alan bu layihə digərləri ilə müqaisədə kifayət qədər iş görüb deyə bilərik. Events.az saytı artıq istifadəyə verilib və gündəlik yenilənir. İstifadəçilər Azərbaycanda baş verən tədbir və təqdimatların siyahısına bu sayt vasitəsilə nəzər salıb, eyni zamandan tədbirlər əlavə edə bilərlər. Sayt funksionaldır və yaxşı çalışır.Aylıq aktiv istifadəçi sayı 4000-6000 arası dəyişir və əsas kütlə axtarış nəticələrinə uyğun olaraq Google-dan daxil olur. Lakin layihənin qarşısına qoyduğu məqsədlərə nəzər saldıqda, ilkin olaraq web sayt, online bilet alışı və tətbiqin hazırlanması nəzərdə tutulurdu. Web sayt hazırdır. Lakin bundan əlavə sayt üçün hazırlanan Android platforması üçün tətbiq, istifadəyə yararlı deyil. (internetə qoşulu olduğumuz halda, bağlantının olmadığı qeyd edilir)Bütün bunlara baxmayaraq ortaya qoyulan işi də xəfifə almaq olmaz. 10.000 manat kifayət qədər böyük məbləğ deyil. Subyektiv yanaşmamıza görə layihəninin həmin məbləğin haqqını verdiyini düşünürük və ekspertlər bu dəfə doğru seçim ediblər deyə bilərik.

Mobchannel - Xəbərləri vahid platformadan izləməyə imkan verən platformada öz maraqlarınıza uyğun kanallar seçib izləyə bilərsiniz. Burada xəbər kanallarından söhbət gedir. 12.000 manat qrant alan bu tətbiqin maraqlı nəticələri var. Belə ki, tətbiqin "Play Store"da son yenilənmə tarixi 2015-ci ilin avqust ayıdır. Qrant isə bu tətbiq üçün 2016-cı ildə verilib. Tətbiq hələ də yenilənməyib. 

Medianet.az - Media sahəsində press relizlərin göndərilməsi, press relizlərin yayımı və ya xarici dillərə tərcümə olunmasına kömək edən və bu sahədə əlavə xidmətlər verən, media nümayəndələri üçün internet platformasıdır. Sayta nəzər salıb, qeydiyyatdan keçdik. Çox sadə hazırlanan sayt demək olar ki, illərdir tərk edilmiş kimi görünür. Beynəlxalaq statistika saytlarından bəzi statistikalara nəzər saldıq və əlavə şərh vermədən onları sizinlə bölüşmək istəyirik. Alexa nəticələrindən danışmaq bir yana sayt heç Similarweb-də belə göstərilmir. Sayt sadəcə yığılıb və bir kənara atılıb. İndi isə maraqlı sual. Layihələrdən qlobal yönümlü olmağı tələb edən, 12 dəyərləndirmə kriteriyasına nəzər salan Müşahidə Şurası, layihənin bu vəziyyətə gələcəyini öncədən proqnoz edə bilərdimi? Etməli idi. Çünki 10.000 AZN vəsait sırf bu sayt üçün ayrılıb. Belə bir saytı yığmaq isə ən çoxu 2000 AZN-dir. Bəs qalan işlər? YOXDUR... Daha bir maraqlı məqam ondan ibarətdir ki, "Xeberler.az" informasiya portalında yer alan bir məlumata əsasən "Medianet.az" layihəsinin rəhbəri bu il qrant alan "Startap.az" portalının yenilənməsinə rəhbərlik edir. 

Sumaks - Avtomobillərə nəzarət cihazının yaradılması üçün 12.000 manat məbləğində qrant alınıb. Cihaz sonradan Avtomaks adı ilə bazarda təqdim olunub və hal hazırda müəyyən satış göstəriciləri əldə edilib. Bu haqda daha ətraflı buradan məlumat əldə edə bilərsiniz. Lakin cihaz hələ Yanvar ayında təqdim edilmişdi. Alınan vəsaitin isə məhsulun istehsalının sayının artırılması üçün xərcləndiyi iddia olunur. 

Spinal - 14.000 manat dəyərində vəsait alan bu layihənin əsas məqsədi insan ciyinlərinə qoyulan sensorlar vasitəsilə qamətin düzgün saxlanılmasına xidmət edir. Əgər siz müəyyən olunmuş normadan kənara çıxsaz və düzgün bədən vəziyyətini almasaz, bu barədə sizin telefonunuza dərhal bildiriş gəlir. Əldə olunan məlumatlara əsasən layihənin prototipi hazırdır. Ən azından əldə olunan vəsait layihə üçün sərf olunub və bu barədə geniş məlumatı siz buradan əldə edə bilərsininiz.

Braille Pad - görmə qüsurlu insanlar üçün hazırlanan bu planşet 15.000 manat dəyərində vəsait alıb. Layihə rəhbəri hələ də vəsaitin tam ödənmədiyini bildirib və 3-cü mərhələdə olduqlarını qeyd edib. Bundan əlavə hələ də planşetin prototipinin hazırlanması prosesi gedir. Bizim araşdırmamıza görə, belə bir planşetin sadəcə prototipinin hazırlanması 25-30 min dollar vəsait tələb edir. Belə bir halda dəyərləndirmə heyyəti bu rəqəmləri araşdıra bilmir? Yaxud nə üçün lazım olan vəsaitdən azını verir? Yaxud maliyyə planına heç nəzər yetirilmir? Bütün bunların hamısı bir-bir təhlil olub, risklər nəzərə alınmalıdır.

Onlayn proqlaşdırma akademiyası - Code Academy kursunun online proqramlaşdırma həlləri verən resursu code.edu.az artıq bir neçə gündən sonra təqdim olunacaq. Bu barədə saytlarında məlumat yerləşdirilib. 

Bridgeneer - Mobil oyun proqramının yaradılması üçün nəzərdə tutulmuş bu layihə 15.000 manat qrant əldə edib. Lakin bu oyun hansı platforma üçün nəzərdə tutulubsa, biz o platformanı nə də oyun haqqında hər hansı məlumatı əldə edib tapa bilmədik ki, bilmədik. Layihə adı ilə bağlı olan .com və .az domenləri də boşdur. Tətbiq mağazalarının heç birində belə bir oyun tapa bilmədik. 15.000 manat hardadır? Açığı bunu biz də bilmirik. Ümid edək ki, layihə rəhbəri yaxud məsul şəxslər bu barədə bizə məlumat göndərərlər.

SmartSinif, Antilose, PERCORN HRM və İnternetde Azərbaycan tur operatorlarının dünya GDC vasitəsi ilə aviabiletlərin onlayn alış-satışı üçün prosessinq mərkəzinin proqram təminatının yaradılması layihələri barədə isə heç bir məlumat əldə edə bilmədik. Əgər qeyd olunan layihələr haqqında məlumatı olan şəxslər varsa bizimlə əlaqə yaratsınlar. Düşünürük ki, yaranmış bu biyabırçı vəziyyətlə bağlı birbaşa məsuliyyət daşıyan qurumlar açıqlama verməlidirlər. Çünki, 183.000 manat vəsait xərcləndiyi halda əldə olunan nəticə çox aşağıdır. Müşahidə Şurası layihələrin biznes və maliyyə planlarına niyə detallı nəzər salmır? Bu il də eyni qaydada müsabiqə davam edib. Bu haqda buradan ətraflı məlumat əldə edə bilərsiniz.