main-post-cover

    "John Wick Chapter 2" (İCMAL)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    2014-cü ildə məşhur aktyor Keanu Reeves-in ("Matrix” film seriyası) iştirakı ilə "John Wick” filmi böyük ekranlara çıxmışdı. 20 milyonluq büdcə ilə çəkilmiş action janrlı film, həmin vaxt çox təəccübləndirmişdi. Belə ki, o, izləyicilərin və tənqidçilərin müsbət rəylərini almaqla yanaşı həmdə maddi cəhətdən də uğurlu olmuşdu. Baxmayaraq ki, filmin süjet xətti banal qisas üzərində qurulmuşdu, o, izləyiciləri ilk dəqiqələrdən özünə cəlb edirdi. Birinci filmdə söhbət "Boogeyman” ləqəbli muzdlu qatil John Wick-dən gedirdi. Ona edilmiş səhvlərin müqabilində o öz qisasını alırdı. Təbii ki, birinci filmin belə uğur qazanmasından sonra onun ikinci hissəsinin çıxışı sadəcə zaman məsələsi idi. Və nəhayət ki, bu baş verdi. Belə ki, bu böyük ekranlara "John Wick Chapter 2” filmi çıxdı. Əslində birinci hissəsi uğurlu olmuş bu cür filmlərin ikinci hissəsini də uğurlu etmək heçdə çətin deyil. Sadəcə olaraq birinci filmdə uğurlu olmuş xüsusiyyətləri və keyfiyyətləri ikiqat artırıb onları daha üst səviyyəyə qaldırmaqla film artıq insanların rəğbətini qazanacaq. İkinci filmdə bunu görmək elə də çətin deyil. İkinci filmin ssenaristləri çox da uzağa getməyərək yenidən filmin əsas mövzusunu qisas etdilər. Lakin bununla yanaşı maraqlı bir sıra xüsusiyyətləri də əlavə etdilər. Əgər yadınızdadırsa birinci filmdə muzdlu qatillərin dincəldikləri mehmanxana var idi və həmin mehmanxanada bütün ödəmələr qızıl pullarla edilirdi. Bu mövzu, ikinci filmdə daha böyük miqyas aldı. Belə ki, məlum olur ki, əslində bu cür mehmanxanalardan bütün dünyada var və söhbət muzdlu qatillər kontingentindən gedir. Yəni, filmin yaradıcıları birinci filmdə bir növ onun öz simasını yaratdılar və ikinci filmdə onun görünməyən tərəflərini təqdim etdilər.
    Təbii ki, birinci film ilə müqayisədə ikinci filmdə atışma, döyüş və digər action səhnələr daha yüksək keyfiyyətdə və ikiqat həyəcanlı şəkildə təqdim olunublar. Bunu Keanu Reeves-in film öncəsi məşq videolarından da hiss etmək olardı. Filmin yaradıcıları, birinci hissənin uğurlu olmasını görüb ikinci filmin büdcəsini artırdılar və beləliklə hadisələr bir yerdə cərəyan etmədi. Belə ki, ikinci filmin müəyyən bir hissəsi Romada cərəyan edir və orada təqdim olunmuş səhnələr (əsasən də döyüş və atışma səhnələri), izləyiciləri mütəmadi olaraq həyəcan içərisində saxlayır. Filmin ikinci yarısında aktyor Laurence Fishbourne-nun ("Matrix” film seriyası) ortaya çıxması, filmə bir başqa şarm qatır. Əgər yadınızdadırsa bu iki aktyor vaxtı ikən "Matrix” film seriyasının hər 3 hissəsində bir yerdə rol almışdılar. Və onları yenidən bir yerdə yeni filmdə görmək, istər-istəməz nostalji hislərin oyanmasına gətirib çıxardır. Ümumilikdə yekun nəticə üçün demək olar ki, indiki vaxtda bir çox action filmlərin əsas problemi ondan ibarətdir ki, onlar tez unudulurlar. Çünki onların öz simaları olmur. Lakin "John Wick” onların siyahısına aid deyil. Bəli, süjet xətti kimin üçünsə banal görünə bilər. Hətta kimsə deyə bilər ki, biz artıq buna bənzər filmləri çox görmüşük. Lakin "John Wick” məhz öz simasının və daxili dünyasının yaranmasına görə digər bu tərz filmləri üstələyir. Bundan əlavə olaraq ikinci filmin son kadrları, bizə 3-cü hissənin də mütləq olacağına işarə edir. Əgər siz John Wick-in ikinci filmdəki itinin başına son olaraq nələrin gələcəyini bilmək istəyirsinizsə onda bu filmi mütləq izləməlisiniz. Hər-halda it, sizləri maraqlandırmasa belə bu filmə vaxt ayırmağa dəyər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər