KFC müştərilərin xarici görünüşlərinə görə menyular təklif etməyə başlayıb

606

Məşhur KFC fast-food restoranlar şəbəkəsi, özünün standart olmayan reklam üsulları ilə tanınır.

Bununla yanaşı restoranlar şəbəkəsinin kreativ şöbəsi yeni texnologiyaları mənimsəyəndən sonra hər şey daha da maraqlı oldu. Bu dəfə KFC-nin Çin filialı fərqlənib. Belə ki, sözügedən filial, interaktiv köşkü olan "ağıllı” restoranını istifadəyə verib. Həmin restorandakı interaktiv köşk, müştərilərin xarici görünüşlərinə əsaslanaraq onlar üçün ən optimal yemək menyusunu təqdim edir. Öz layihəsinin reallaşdırılması üçün KFC, Çinin "Baidu" adlı axtarış şirkəti ilə əməkdaşlıq edib. Kameralı və avtomatlaşdırılmış görmə sistemli terminal, müştərinin təqribi yaşını və cinsini təyin edir. Bununla yanaşı o, müştərinin üz ifadəsinə görə onun əhvalının necə olmasını da təyin edə bilir.

Bu məlumatlar isə öz növbəsində müştəri üçün ən optimal menyunu təyin etməkdə köməklik edir. Məsələn 20 yaşlı gənc oğlana böyük yemək menyusu, səhər radələrində restorana gəlmiş 50 yaşlı qadına isə düyü sıyığı və soya südü (söhbət Çindən gedir) təklif olunacaq. Sözügedən KFC filialı öz mütəmadi müştərilərinin sifarişlərini yadda saxlayır və həmin müştərilər yenidən restorana gələndə terminal onların sevdikləri yeməkləri təqdim edir. Müştərinin özü isə terminalın təklif etdiyi menyu ilə razılaşmayaraq öz istəyinə görə digər menyunu seçə bilər. Hələki bu cür "ağıllı” restoran yalnız Pekində fəaliyyət göstərir.