main-post-cover

    NASA planetoloqları, Marsı yenidən həyata qaytarmağın yolunu tapıblar

    07.05.2017
    Farid Pardashunas

    NASA planetoloqları, Marsda xüsusi maqnit qalxanının işə salınmasını təklif edirlər.

    Bunun sayəsində gələcəkdə Marsa yollanacaq kolonistlər, planetin atmosferini və okeanlarını bərpa edə biləcəklər. "Bitkilərin varolmasını və suyun maye halında qalmasını təmin edəcək sıx və isti atmosfer, 2040-cı və daha sonrakı illərdə həm elmə, həmdə kosmosun öyrənilməsinə müsbət biliklər verəcək. Marsın atmosferini bərpa edərək biz onun səthinə daha ağır yükləri yerləşdirə, ora yollanacaq insanları radiasiya və Günəş küləyindən qoruya və digər problemləri həll edə bilərik” – deyə NASA-nın planetoloqlar şöbəsinin rəhbəri Jim Green bildirib. Günümüzdə planetoloqlar düşünürlər ki, təqribən 4 milyard il bundan öncə Mars, Yer kürəsinə çox bənzəyirdi. O, sıx atmosferə, maye halında okeanlara və həyatın var ola biləcəyi rahat iqlimə sahib idi. Təribən milyard il sonra Mars, ucu-bucağı bilinməyən səhraya çevrildi. Onun atmosferi birdən-birə yoxa çıxdı, səthindəki su ehtiyyatı isə ya buxarlandı, yada ki, donaraq torpağın altında qaldı. Bu nəyə görə baş verdi? Günümüzdə alimlərin fikrincə bu ona görə baş verdi ki, Mars, Yer kürəsi və Yupiterdən fərqli olaraq öz maqnit sahəsinə sahib deyil. Bəlkədə nə vaxtsa o olub. Lakin 100 milyonlarla il ərzində o da yoxa çıxıb.
    Bunun nəticəsində Günəş küləyinin hissəcikləri, Marsın atmosferi ilə toqquşub və onun 99% oksigen ehtiyyatını məhv edib. Jim Green və onun NASA-da olan həmkarları, bir neçə gün bundan öncə keçirilmiş xüsusi konfrans zamanı bildirmişdilər ki, Mars üçün hələdə gec deyil. Belə ki, onlar, atmosferin bərpa olunması üçün Marsa süni maqnit qalxanını göndərməyi təklif edirlər. Beləliklə həmin maqnit qalxan, planetin havasının kosmosa buxarlanmasının qarşısını alacaq. Jim Green-in sözlərinə görə bu ideya heçdə fantastik filmlərdə olan texnologiya deyil. Bu ideya, Marsa yollanacaq insanları kosmik şüalardan və Günəş küləyindən qorumaq haqqında düşüncənin bir nəticəsidir. O qeyd edib ki, hal-hazırda NASA-da gücü 1-2 Tesla olacaq maqnit sahəsi mənbəyinin yaradılması barəsində müzakirələr gedir. Belə bir gücdə olacaq maqnit sahəsi mənbəyi, insanları Günəş plazması hissəciklərindən qoruyacaq və astronavtların hüceyrələrinin zədələnməməsinə yardımçı olacaq. Bu cür strukturlar barədə düşünəndə Green və onun həmkarlarının ağıllarında belə bir sual yarandı. Planetin və Günəşin cazibə qüvvələrinin bir-birilərini tənzimləyəcəkləri L1 nöqtəsinə (Mars orbitində olan nöqtə) buna oxşar maqnit sahəsi mənbəyi yerləşdirilsə nə baş verər?
    Onların hesablamalarına görə bu, Mars atmosferindəki hava axınında köklü dəyişikliklərə səbəb olacaq. L1 nöqtəsində quraşdırılacaq bu cür maqnit qalxanı, Marsın qütblərini tamamilə örtəcək. Nəticədə kosmosa olan hava axınının səviyyəsi sıfıra enəcək. Vulkanlar və yeni molekulların digər mənbələri Mars atmosferindən heç yerə yoxa çıxmayacaq. Beləliklə Mars atmosferinin sıxlığı getdikcə artacaq. Bunun sayəsində Mars havasının temperaturu yüksəlməyə başlayacaq və o, 4 dərəcə göstəriciyə çatdıqda, karbon qazından ibarət olan qütblərdəki buzlaqlar əriməyə başlayaraq parnik effekti yaradacaq və temperatur daha sürətlə artmağa başlayacaq. Müəyyən müddətdən sonra isə qütblərdəki bütün buzlaqlar əriyərək maye halda suya çevriləcək. Green-in hesablamalarına görə Marsın dərinliklərində bir vaxtlar onun səthində var olmuş su ehtiyyatının 1/7 hissəsi yerləşir. Və bu su ehtiyyatı dənizlərin, göllərin və çayların yaranmasına kifayət edəcək. Daha sonra ora bitkiləri və heyvanları köçürtmək mümkün olacaq. Planetoloqun sözlərinə görə bu proses 10 illiklərlə gedəcək və Mars bir növ böyük laboratoriyanı xatırladacaq. Green bildirib ki, yaxın zamanda bu cür layihənin neçəyə başa gəlməsi və prosesin nə qədər müddət çəkəcəyi haqqında dəqiq məlumatlar paylaşılacaq.
     
    Linki kopyala