Qərar ver: Sən rəqəmsən yoxsa şəxs?
Digər
07.05.2017
Farid Pardashunas
Camaat bizim yaşda ailə qurub oğul böyüdür. Onlar hər səhər
ciddi iş geyimlərini geyinib ciddi işlərinə getdikləri, bu işlərinə həftənin
beş-altı gününü bəzən isə əlavə məvacib qarşılığında yeddi gününü və hər bu
yeddi günün 8 saatını sərf edib ay sonunda sevmədikləri işdən qazandıqları pulu
sevdikləri xərclərini ödəyəbiləcək qədərində olmadıqda, yalnız kredit və
ipotekaya bəs etdiyi halda, mən nə ilə məşğulam?
Camaat uşağı oyuncaq istəyəndə cavab olaraq "maaş
olanda alarıq" deyəndə mən nələrdən danışıram? Bu dediyim camaat həftədə azı
2-3 dəfə maddi problemlər səbəbindən evində konflikt yaşayanda mən nə
yaşayıram? "Şuba, qızıl deyib uzağa getmirəm, həyat yoldaşına ayda bircə dəfədə
olsun bir xoş gözlənilməz hədiyyə edə bilməmək, ildə bir dəfə durduq yerə şam
yeməyini evdə yox, füsünkar bir restoranda yeyə bilməmək nədir?" sualını
belə özünə verməyə vaxt və imkan tapa bilməyən gəncin suallarına müvafiq olaraq
mən hansı sualları özümə verirəm? "Əyləncə bekar adamların işidir" fikrini mən dərk edə bilməyəcək qədər bekar adam olduğumu anlaya bilirəmmi?
Biraz pozitivləşdirək… Bazar günü yuxudan gec oyanmağın dəyərini
bilirəmmi mən? Min alınmayan hədiyyələrdən sonra bircə zəif cüzi bir hədiyyə
verə bildiyin ailə üzvünün sevincini anlaya bilərəmmi mən? Bizim kapitalizm
dövrünə keçdiyimizin fərqinə varmayıb, hələdə sosialist düşüncəsində olub
"dövlət imkan vermir" cümləsini işlətməyin nə qədər rahatlayıcı hiss
verdiyini anlayırammı? Ya ildə 2-3 dəfə verilən bayramlar? Xoş qarşılanmış
"vıxadnoylar"? Mən bunları "dadını" bilirəmmi? Və ən əsası,
mən sən - "camaat" qədər həyat yaşayıb çətinlik görmüşəmmi? Cavab: - Yox.
Mən sənin "boş" zənn etdiyin amma səni indiki
gündə "boş" olmağa imkan verməyən işlərin bir hissəsi ilə məşğulam. Mən
sənin heçvaxt "hərləmədiyin" insanlar barədə yazılmış, sən mağazada
rastlaşdıqda görməzdən gəldiyin kitabları oxumaqla məşğulam. Mən bu kitabların haqqında
yazılmış olduğu insanların qərarlarını incələməklə məşğulam. Bu qərarlar sənə sənin
əcdadlarından daha asan - daha rahat yaşamağa imkan vermiş qərarlardır. Mən
planlar qururam, amma təbii ki onlarda da məna görmək istəməyəcək qədər nifrətini
qazanmışam artıq. Sən fərqində deyilsən, amma mən səni tanıyıram.
Düzdür, bir şəxs olaraq yox, bir rəqəm kimi tanıyıram səni.
Böyük statistik təhlillər arasında yer tutan kiçik bir rəqəm. Amma mən istədiyim
an bu "rəqəmin" nə ilə qidalandığını, nəyi sevib nəyə nifrət elədiyini,
imkanının nəyə çatdığını və imkanı çatmasa belə alacaqlarını, hansı problemləri
yaşadığını və yaşadığı problemləri necə həll elədiyini, necə göründüyünü,
boyunu, çəkisini, saç və göz rəngini, maraqlarını, hansı musiqini dinlədiyini,hansı
kitabları oxuduğunu, təhsil səviyyəsini, sosial aktivlik dərəcəsini öyrənə bilərəm.
Belə çıxır mən bu "rəqəmin" bütün səciyyəvi xüsusiyyətlərini öyrənə
bilərəm. Onda "rəqəm" sözünü "şəxs" sözü ilə əvəzləməyə
maneə törədən nədir? Ey ulu Rəqəm, nədir səni şəxs edən? (Lap qafiyə kimi oldu.
Birdə oxu, amma rola gir, sanki sən exceldən mənə baxırsan. Mən isə monitorun
qarşısından soruşuram və səsim exo ilə sənə çatır:"Ey ulu rəqəm, nədir səni
şəxs edən?"). Mən səni tanıyıram, dostum. Mən səni,bəlkədə, sənin özündən
daha çox tanıyıram. Fərz et ki bir gün oturub özünü mənə danışmısan. Mən səni
düşünürəm. Yox, yox, mən sənin dünənini, bu gününü və sabahını düşünürəm
dostum! Bu mənim işimdir. Və üstəlik də buna görə maaş almıram. İş vaxtım 7/24-dür. Bəli bəli "vıxadnoysuz". Buna görə heç pensiya alacağım da dəqiq
deyil. Ümumiyyətlə bu işimdən, yəni səninlə olan dostluğumuzdan nə vaxtsa maddi
gəlir qazanacağıma əmin deyiləm. Amma mən sənin oğlun səndən daha yaxşı həyat
yaşasın deyə dayanmadan işləyirəm. Mən sənin yaşadığın ölkəni dəyişirəm. Mən sənin
düşüncəni dəyişirəm - səni pozitiv edirəm. Mən sənin gələcəyini dəyişirəm.
Çünkü mən BİR STARTAPÇIYAM.
Müəllif: Həsənağa Azad
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)