"Samsung", "Qualcomm" ilə birlikdə yeni Snapdragon 835 prosessorunu təqdim etdi

284

"Samsung Electronics” "Qualcomm Technologies” ilə birlikdə əngüclü prosessoru təqdim ediblər.

İki şirkətin əməkdaşlığı çərçivəsində 10 nanometrik texproses bazasında hazırlanmış Snapdragon 835 çipi hazırlanıb. Bununla yanaşı yeni Quick Charge 4.0 sürətli enerji yığma sistemi də təqdim olunub. Onun vasitəsilə 5 dəqiqə ərzində şarj olunmuş cihazı 5 saat işlətmək mümkün olacaq. Texnoloji proses, prosessorun üzərindəki tranzistorların ölçülərini təyin edir. Bu isə cihazın performansına, enerji  sərfiyyatına və çipin ölçüsünə təsir edir. Müasir smartfonların çipləri 14 nanometrik texproses üzərində çalışırlar. Təqdim olunmuş Snapdragon 835 sistemi "Samsungun 10 nanometrik FinFET texprosesi üzərində çalışır.

Yeni prosessor 27% daha məhsuldar olacaq və keçmiş Snapdragon 820/821 modellərindən 40% daha az enerji sərf edəcək. Snapdragon 835, ölçü baxımından bir qədər kiçikdir. Buna görədə smartfon istehsalçıları öz cihazlarına daha böyük enerji tutumlu batareyalar yerləşdirə biləcəklər. Həmçinin yeni prosessor Quick Charge 4.0 sürətli enerji yığma xüsusiyyətini dəstəkləyir. Çip USB naqilin növünü və onun vəziyyətini təyin edə biləcək. Beləliklə keyfiyyətsiz naqillərin ucbatından batareyaların zədələnməsinin qarşısı alınacaq. "Qualcomm”un təcrübələri göstərdi ki, 2750 mAh enerji tutumlu batareya ilə təchiz olunmuş cihaz Quick Charge 4.0 özəlliyi vasitəsilə 5 dəqiqə şarj olunandan sonra 5 saata qədər çalışa bilir. Snapdragon 835 çipli və Quick Charge 4.0 özəllikli ilk smartfonların 2017-ci ilin birinci rübündə satışa çıxması gözlənilir.