main-post-cover

    Son Dəqiqə: Galaxy S8 və Galaxy S8 Plus modelləri təqdim olundu (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti çoxdan gözlənilən Galaxy S8 və Galaxy S8 Plus modellərini təqdim etdi.

    Sözügedən smartfonlar çərçivəsiz ekran, Bixby səsli köməkçisinə və yüksək qiymətə sahibdirlər. Beləliklə Galaxy S seriyası iki yeni model ilə qarşımıza çıxdı. Onlar Galaxy S8Galaxy S8 Plus modelləridir. Gördüyünüz kimi Edge modeli bu dəfə yoxdur. Hər iki smartfon, qıraqları əyilmiş ekranlara sahibdir. Lakin bu əyilmə, Galaxy S7 Edge-dən bir qədər kiçikdir. Korpusun konstruksiyası artıq Galaxy S seriyası üçün ənənəvidir. Yəni, korpus iki tərəfdən şüşə və metal çərçivədən ibarətdir. Smartfonun sol tərəfində Bixby səsli köməkçisindən istifadə etmək üçün əlavə düymələr yerləşdirilmişdir. Galaxy S8-də fiziki "Home” düyməsindən imtina olunub. Barmaq izi skanı isə smartfonun arxa panelindəki kameranın sağ tərəfində yerləşir. Ön paneldə azad olmuş əlavə yerlər isə ekran ölçüsünün böyüdülməsinə və ön panelin tamamilə əhatə olunmasına imkan yaradıb. Belə ki, Galaxy S8, 5.8 inç, Galaxy S8 Plus isə 6.2 inç Super AMOLED ekranla təmin olunmuşdur. Təbii ki, smartfon korpusu IP68 standartlı sudan və tozdan qorunma fubnksiyasına sahibdir. Beləliklə sözügedən smartfonları yarım saat müddətinə 1.5 m dərinliyə endirmək olar. Smartfonların USB Type-C girişlərinə sahib olmalarına baxmayaraq 3,5 mm-lik audiogiriş olduğu kimi qalıb.
    Hər iki smartfonun texniki göstəriciləri eynidir. Satışa çıxacaqları ölkələrdən asılı olaraq smartfonlar, Exynos 8895 və ya Snapdragon 835 prosessorları ilə təmin olunacaqlar. Görünür şirkət hər bir model üçün ayrıca RAM və daxili yaddaş göstəriciləri əlavə etməyib. Beləliklə hər iki smartfon 4 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunub. Daxili yaddaşın artırılması üçün microSD girişi öz yerində qalır. Batareyalara gəldikdə isə Galaxy S8, 3000 mAh enerji tutumlu batareya, Galaxy S8 Plus isə 3500 mAh enerji tutumlu batareyaya sahibdir. Hər iki model həm naqil ilə, həmdə naqilsiz şəkildə sürətli enerji yığma özəlliyinə sahibdir. Galaxy S seriyasının modelləri həmişə öz kameraları ilə seçilirdilər. Yeni modellər də istisna deyil. Belə ki, Galaxy S8 və Galaxy S8 Plus modelləri, 12 MP-lik arxa kamera və 8 MP-lik və avtofokus özəllikli ön kamera ilə təmin olunub. Ön kameranın yanında isə xüsusi sensor yerləşdirilmişdir. Həmin sensor, göz qişası skanı üçün nəzərdə tutulmuşdur. Beləliklə sözügedən smartfonlar, 3 identifikasiya funksiyasına sahibdirlər. Barmaq izi skanı, göz qişası skanı və istifadəçi üzünün skanı. İstifadəçi üzünün skanı, ön kameranın köməkliyi ilə həyata keçirilir.
    Şirkətin təqdim etdiyi əsas yeniliklərdən biri də Bixby adlı səsli köməkçi olub. Bu səsli köməkçi, şirkət tərəfindən məhz öz məhsulları üçün hazırlayıb. Görünür şirkət, smartfonda Bixby üçün ayrıca düymə ayırdığına görə ona böyük ümidlər bəsləyir. Bixby-nin daha çox insana bənzər və ünsiyyət zamanı mehriban olmasını təmin etməyə çalışıblar. Təqdimat zamanı şirkət bildirib ki, Bixby tamamilə touch interfeys ilə çalışan funksiyaları əvəz edə bilər. Beləliklə artıq bütün əmrləri, səs vasitəsilə yerinə yetirmək olar. Bununla yanaşı Bixby, tam şəkildə deyilməmiş sözləri və düzgün şəkildə verilməmiş əmrləri belə başa düşür. Yəni, müəyyən bir funksiyanı yerinə yetirmək və ya nəyinsə haqqında məlumat almaq üçün, onu sözlə ifadə edən zaman tamamilə düzgün formada deyilməsi şərt deyil. Smartfonların qiymətlərinə gəldikdə isə onların qiymətləri daha öncəki Galaxy S modellərinə nisbətən 100$ bahalaşıb. Belə ki, Galaxy S8, 799$, Galaxy S8 Plus isə 899$ qiymətinə satılacaq. Smartfonları sabahdan ön sifariş etmək mümkün olacaq. Onların satışı isə 21 Aprel tarixində start götürəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər