Sosial Mediada meyvə personajları ilə “oyun çıxaran” - Vita1000

1706

Sosial Media Marketinq dedikdə ağlımıza ilk olaraq nə gəlir?

Əslində bir çox şirkətlər üçün sadə və lazımsız xidmət kimi səslənən sosial media marketinqinə dünya brendləri hər il milyonlarla dollar pul ayırır. Bu da məntiqlidir, çünki rəqəmsallaşan reklam bazarı, məhsullardan rəqəmsal təqdimat tələb edir. Bəs "SMM” dedikdə ağlımızda ilk formalaşan təsvirlər hansılardır? Qısacası qeyd edək ki, bir brend yaxud məhsul səhifəsi əsasən standart olaraq şirkətin məhsulları, xidmətləri ən yaxşı halda isə bayram günləri keçirdikləri hədiyyəli yarışmalarla yadda qalır. Məhsulların səhifədə yerləşdirilməsi, rəyləri və mesajları cavablandırmaq isə bir Sosial Media Meneceri-nin öhdəsinə düşür. Belə bir vəziyyətdə, artıq bütün şirkətlər öz sosial media hesablarını formalaşdıraraq xidmət və məhsullarını bu kanalda təqdim etməyə çalışırlar. "Bəs sadəcə məhsul və ya xidməti təqdim etmək üçün yaradılan səhifələr izləyici üçün maraqlıdırmı?” Cavab sadədir. Sosial Media Marketinqi məhz istifadəçiyə maraqlı olacaq tərzdə, onu brendə çəkəcək, brend yaxud məhsulla tanış edəcək eyni zamanda onu bezdirməyəcək bir şəkildə hədəf kütləyə yönəlməkdir. Bu işin marketinq tərəfidir. Son aylarda ölkəmizdə şirkət və məhsul səhifələrin çoxalması SMM bazarında da rəqabəti inkişaf etdirir. Əsas məqsəd isə izləyici yaxud müştəridə məhsul və xidmətə maraq oyatmaqdır.

Bəs bundan ən yaxşı şəkildə kimlər yararlanır?

Bir çox şirkətlər öz SMM işlərinin başqa agentliklər tərəfindən idarə olunmasına üstünlük verirlər. Bəziləri isə bu problemi yeni bir işçini şirkətə qəbul etməklə, həll etməyə çalışır. Açığı bu işi şirkətin hər hansı bir işçisinə əlavə iş olaraq "yükləyən” şirkətlər də var.

Bu məqaləmizdə sizləri sosial media fəaliyyətində qeyri adi bir metoddan istifadə edən brend ilə tanış etmək istəyirik. Əslində qeyri-adi demək olmaz. Adamlar lazım olanı edirlər. Sadəcə bizim bazarda bu tipli nümunələr az olduğundan bu brend digər brendlərin sosial media hesablarından fərqlənir. Vita1000 - məhsullarını, meyvə personajlarının köməyi ilə sosial mediada izləyiciləri ilə görüşdürür.

Açığı bu Azərbaycan reklam bazarında lazım olan və az rastladığımız bir haldır. Məhsulun kimliyi və özünü sosial media və ya digər platformalarda tanıtmaq ən vacib amillərdən biridir. Vita1000 bu cəhətdən çox uğurlu mövqelənmə seçib. Şirkət hazırladıqları meyvələri personajlara çevirərək, bəzən faydalı məlumat, bəzən isə hər hansı hekayəni onların dili ilə izləyiciyə çatdırır. Bütün bunlar müxtəlif illustrasiyalar əsasında Vita1000 meyvə şirələrində istifadə olunan meyvələr üzərindən aparılır. Bəzən isə bağa adiyyatı olmayan Xiyar kimi tərəvəzlərdə hekayənin parçası olur. Kontentin obrazlar üzərindən ötürülməsi izləyicilər tərəfindən maraqla qarşılanır və müştəri bir başa məhsulla ünsiyyətə keçir. 

Meyvələrin söhbəti əsaslı hekayələr günaşırı izləyiciyə çatdırılır, izləyicilər də öz növbəsində hekayələrə uyğun şərhlər bildirir, bəzən isə işi daha da ciddiyə alaraq, personajlara məsləhətlər verirlər. Hətta hər meyvənin xüsusi Facebook səhifəsi mövcuddur ki, müzakirə qızışanda və açıqlama lazım olanda həmin meyvələr də işə müdaxilə etməli olur.  


İşin həcmi böyük olduğundan, bu işi görən şəxsi və agentliyi də təbrik etmək yerinə düşər. "Mediamark” vasitəsilə idarə olunan bu strategiyanın arxasında bir çox sima var. Reklam işi ilə maraqlananların biləcəyi dünyaca tanınmış "Leo Burnett” şirkətinin Bakı ofisi işin yaradıcı tərəfini idarə edir, "Uptime Marketing” isə onlarla birlikdə strateji tərəfləri müəyyənləşdirirlər. Bazarda bu cür fərqli strategiya tətbiq edən və bu işdə əməyi olanlara isə təşəkkür düşür.