main-post-cover

    Sosial Mediada "Unibank" hücumu (Detallar)

    Sosial Media
    07.05.2017
    Brilyant Rasulova
    Bugün səhər saatlarından etibarən "Unibank"ın rəsmi facebook hesabı 100-lərlə müştəri və izləyici tərəfindən 1* ilə qiymətləndirilib. 2 saat ərzində "facebook" səhifəsinin reytinqi 2.5-ə qədər enib. Yazılan fikirlərin əsasında "Unibank"ın şəhid ailəsini kredit borcuna məhkəməyə verməsi iddia olunur. Apardığımız araşdırmalar əsasında məlum oldu ki, sözügedən məhkəmə işi Noyabr 2016-cı ilə aiddir. Şəhid ailəsinin 1000 manat borcunu bağışlamamaqda günahlandırılan bank bir müddət sonra "moderator.az" saytına aşağıdakı açıqlamanı etmişdir.

    "Bank rəhbərliyi müştəri Baxşəliyeva Çimnaz Əsgər qızının banka olan kredit borcunun bağışlanmasına qərar verib. Müştəri Çimnaz Baxşəliyeva aprel döyüşlərində şəhid olan Rəşid Baxşəliyevin anasıdır. Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq, Unibank şəhidin anasının borcunun silinməsini özünün mənəvi borcu bilir. Eyni zamanda bu məsələni gündəmə gətirdiyi üçün bank mövzunu işıqlandıran moderator.az saytına təşəkkürünü bildirir".

    Hal hazırda rəsmi məlumat olmasa da bankın hər hansı şəhid ailəsini məhkəməyə verməsi ilə bağlı məlumat yoxdur. Rəsmi facebook səhifəsində olan fikirlər isə 2016-cı ilə aid olub. Az əvvəl "facebook" səhifəsində "review" bölməsini bağlayan "Unibank"dan məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.

    İnternetdə yer alan son məlumatlara görə isə Unibank Lənkəran filialı növbəti dəfə şəhid ailəsini məhkəməyə verib. 4 Mart 2017-ci ildə yayılan xəbər sosial mediada insanlar tərəfindən qəzəblə qarşılanıb.

    Yenilənmə: Unibankdan rəsmi açıqlama

    "Biz ölkənin ən böyük banklarından biri kimi daim milli iqtisadiyyatımızın inkişafına, eləcə də hər bir vətəndaşımızın şəxsi, biznes planlarının reallaşmasına sərfəli məhsul və xidmətlərimizlə öz töhfəmizi verməkdə davam edirik. Biznesə dəstəyimizlə yanaşı, 25 ilə yaxın fəaliyyəti dövründə Unibank sosial layihələri ilə cəmiyyətimizə daha da faydalı olmağa çalışıb. Hər bir müştərisinə fərdi yanaşan bank olaraq, müştərilərimizin üzləşdikləri çətinliklərdə onların yanında olmağa, məhsul və xidmətlərimizdən istifadə zamanı müştərilərimiz üçün uyğun həll yolları təklif etməyə çallışmışıq. Unibank şəhid ailələrinin borclarının silinməsində, həlak olan və itkin düşən neftçilərimizin borclarının bağışlanmasında və eləcə də bu istiqamətli hadisələrdə ilk qərar verən banklardan olub. Əksər hallarda bank bu kateqoriyaya aid müştərilərimizin ailələri tərəfindən müraciətlərin edilməsini gözləmədən belə, onların borcunu silib. Bu addımları hansısa təbliğat məqsədi ilə deyil, slrf mənəvi borcumuz olduğu üçün atmışıq. Bundan sonrakı fəaliyyətimizdə də Unibank olaraq bu addımlar bizim əsas prioritetlərimizdən olaraq qalacaq. Bu günlərdə kimlərsə tərəfindən məqsədli şəkildə gündəmə gətirilən məsələ ilə bağlı- aprel şəhidinin anası Baxşəliyeva Çimnaz Əsgər qızının bank tərəfindən məhkəməyə verilməsi xəbərinə gəlincə isə bir daha bəyan edirik ki, şəhid anasının borcu ötən ilin noyabrından bağışlanıb. Unibank 2016- cı ilin 25 noyabrında yaydığı açıqlamada bu haqda məlumat vermişdi. Yenidən bu məsələnin gündəmə gətirilməsinin hansı məqsədə xidmət etdiyi aydın deyil və bu məsələni gündəmə gətirənləri sadəcə peşəkarlığa dəvət edirik. Məqalənin tarixinə baxmadan onu paylaşanları və əsassız olaraq Unibank haqqında neqativ rəy formalaşdırmağa çalışanları isə diqqətli olmağa dəvət edirik. Unibank olaraq müştərilərimizə xidmət etməkdən və milli iqtisadiyyatımıza töhfə verməkdən qürur duyduğumuzu bildiririk."

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər