Startupların tanıdılması üçün 7 platforma

937
Son dövrlər Facebook-da Azərbaycan startap ekosistemi barədə qızğın söhbətlər aparılır. Mövzular müxtəlifir, kimi nə üçün startaplarımız uğursuzdur, kimi nə üçün qlobal startaplarımız yoxdur, kimi akseleratorlardan şikayətçidir, kimi başqalarının gördüyü işləri bəyənmir və s.. Əlqərəz, fikirlər müxtəlifdir və pozitivdən çox neqativdir. Buna görə də qərara gəldim ki, bu mövzuların içinə girmədən startaplarımızın demək olar ki, istifadə etmədikləri, ancaq qlobal arenada tanınmaları üçün yararlı ola biləcək resurslar haqqında bəhs edim. Bu mövzuya toxunmağa vadar edən səbəb tez-tez elə facebook-da bir çox startaplarımızın Startupranking saytında Azərbaycan üzrə neçənci yerdə olduqlarını skrin edərək paylaşmaları oldu. Şəxsən mənə görə StartupRanking saytı, xarici investorlar və digər maraqlı tərəflərin izlədiyi platforma deyil. Qısaca bilmək istəsəniz, StartupRanking sizin startapın sosial platformalarda aktivliyini izləyib, onun əsasında cədvəldəki yerinizi təyin edən platformadır. Buna görə də sizin startapın həmin platformanın neçənci yerində yerləşməsinin faktiki olaraq heç bir əhəmiyyəti yoxdur.
Söhbəti uzatmadan, keçək əsas məsələyə. Yaxın və uzaq xarici startapları izləyərkən, demək olar ki, hamısının aşağıda qeyd edəcəyim platformalarda startup profilləri və təklif etdikləri məhsul, xidmətləri haqqında məlumatları var. Bir çox xarici akselerasiya və inkubasiya mərkəzlərinə müraciət etdikdə isə məhz aşağıda qeyd edəcəyim platformalardakı startup profillərini istəyirlər. Səbəb çox sadədir; bu platformalar sırf startap və ya layihəniz, hansı problemi, necə və hansı komanda ilə həll etdiyinizi açıqlanması üzərində qurulub. Yəni bu profilləri oxuduqda sizin, startapı daha rahat anlayırlar. Buna görə də zənnimcə, startuplarımız məhz bu platformalarda qeydiyyatdan keçərək, özlərini tanıtmalıdırlar. Əlavə olaraq onu da qeyd edə bilərəm ki, məhz bu platformalarda profil yaradarkən, verilən suallara cavab verdikdə, öz işinizi daha yaxından tanıyaraq, düzgün istiqamətdə gedib-getmədiyinizi də anlayan bilərsiniz. Qeyd edim ki, bu platformalar marketinq tanıtımından çox, "product validation” və "investor soft pitch” kimi istifadə olunur.

Angel list – ABŞ-ın startplar, mələk yatırımcılar və startuplarda iş axataranlar üçün ixtisaslaşmış platformasıdır. Platformanın əsas iş prinsipi seed səviyyəsində olan startapları çox saylı mələk investorlar ilə əlaqələndirmək və yatırım prosesisini rahatlaşdırmaqdır. Platformada qeydiyyatdan keçmiş mələk investorlar bəyəndikləri startaplara ya bir-başa, ya da sindikat yaradaraq (bir neçə nəfərin iştirakı ilə) yatırımlarını edə bilərlər.
Platforma tərəfindən ümumilikdə 2673 investorun iştirakı ilə, 243 startapa yatırım edilmişdir. Əlavə olaraq qeyd edim ki, 2016-cı ildə bu platformadan çıxmış 2 startap layihə; DollarShaveClub – Unilever tərəfindən 1 milyard dollara, Ticketbis – isə eBay tərəfindən 165 milyon dollara alınmışdır. Bu layihələrin profillərinə baxdıqda, onlara yatırım etmiş adi mələk investorları da görmək mümkündür. Üstəlik, investorlara görə axtarış edərək, kimin hansı növ layihələrə, nə qədər yatırım etdikləri barədə də məlumat toplamaq olar ki, nəticədə sizə uyğun investora çıxış əldə etmək mümkündür.
Bir startap üçün ilk növbədə Angel.co saytında qeydiyyatdan keçərək, layihənin profili qurulmalı, komanda haqqında məlumat daxil edilməli və davamlı olaraq yeniliklər haqqında məlumatlar paylaşılmalıdır. Sindikatların qurulması və investisiyaların cəlb olunması metodları barədə isə internetdə kifayət qədər məqalələr tapmaq mümkündür.
2016-cı ilin Noyabr ayında isə, AngelList startapların məhsullarının tanıtımı üçün nəzərdə tutulmuş Product Hunt adlı platfomanı almışdır.

Product hunt – istifadəçilərə yeni məhsulları tanıtmaq və kəşf etmək üçün nəzərdə tutulmuş platformadır. Platfomra 2013-cü ildə Ryan Hoover tərəfindən qurulub və Y combinator tərəfindən maliyələşdirilib. İstifadəçilər hər gün yeni məhsullar barədə məlumatları əlavə edərək, onların tanıtımını edir. Saytda həmçinin səsvermə və şərh yazma funksiyaları da var ki, məhsul haqqında verilən rəyləri bunlar əsasında qiymətləndirmək mümkündür. Ən çox "Upvote” (səs) toplayan məhsullar, günün top listin-ə düşür.
Məhsullar dörd kateqoriyada sıralanır; texnoloji məhsullar (web apps, mobile apps, hardware məhsulları və s.), oyunlar (PC, web, mobile apps), kitablar və podkastlar. 2014-cü ildən bəri sayta hər kəs öz məhsulu barədə məlumat yerləşdirə bilər. Məlumatın əlavə edilməsi üçün sadəcə məhsul adı, URL, şəkillər, video, açıqlama və taglar-ı yerləşdirmək lazımdır. Lakin, rəy bildirmək imkanı yalnız seçilmiş şəxslərə verilir.
Saytda həmçinin gündəlik top və seçilmiş məhsullar haqqında məlumatların email ilə göndərilməsi funksiyası var ki, bunun da sayəsində bu gün sayta girməyi qaçırtmış şəxslər email vasitəsilə sizin məhsul haqqında məlumat əldə edə bilərlər.
Product Hunt-da məhsulunuz barədə məlumat yerləşdirmək sizə potensial müştəri və istifadəçilər tərəfindən tanınmaq, müsbət və mənfi rəy almaq imkanı verir. Eyni zamanda Product Hunt saytında yerləşdirilən məhsulları izləməklə, potensial rəqiblər, oxşar məhsullar, onlara verilən rəylər haqqında da məlumat əldə edə bilərsiniz.
Product Hunt-ın həmçinin iOS tətbiqi və Google Chrome extension-u var. Android tətbiqi də planlanıb.
2016-cı ilin Noyabr ayında, AngelList tərəfindən 20 milyon dollara alınıb. Platformada hal-hazırda 2 Azərbaycan məhsulu (Shrippy və Fatal Fight oyunu) haqqında məlumat tapa bilmişəm. Hal-hazırda Kvotter haqqında məlumatların yerləşdirilməsi üzərində də işləyirik. 

CrunchBase – TechCrunch-a aid bu platformada mövcud olan bütün startup ekosistemini; investorlar, inkubatorlar, startaplar, şirkət profilləri, yatırım məbləğləri və tədbirlər haqqında məlumatlar yerləşdirilib. Platformada məlumatları daim yeniləyən 50 mindən artıq aktiv istifadəçi var. CrunchBase məlumat bazasına aylıq 2 milyondan çox istifadəçi müraciət edir.
Techcrunch-da startuplar haqqında yazılan məqalələrdə şirkət profili kimi Crunchbase məlumatları yerləşdirilir ki, maraqlı şəxslər şirkətin tarixçəsi haqqında məlumat əldə edə bilsinlər. Startup haqqında məlumatlarda AngelList ilə oxşarlıq olsa da, iş prinsipləri fərqlidir. AngelList mələk yatırımcılardan investisiya toplamaq platforması olsa da, Crunchbase daha çox inkişaf səviyyəsindən asılı olmayaraq, həm startap, həm də oturuşmuş Tech şirkətlərin məlumat bazasıdır. Əmin ola bilərsiniz ki, ABŞ-dan investisiya cəlb etmək istədikdə, sizin şirkət haqqında məlumatları məhz CrunchBase üzərindən axtaracaqlar.

F6S –  Angellist-ə oxşar platforma olsa da, əslinə 1.5 million tech təsisçilərin, 600 min startapın və dünya üzrə 12000-dən çox startap yönümlü proqramlar haqqında məlumatlar bazası platformasıdır. Platforma vasitəsilə siz dünyanın müxtəlif nöqtələrində yerləşən inkubatorlar, akselerasiya proqramları, həm vençur, həm də mələk investorların yatırım təklifləri haqqında məlumatlar əldə edə bilərsiniz. Axtarış formunda siz həm region, həm ölkə, həm yatırım şərtləri və s. göstəricilərə görə filtrasiya edə bilərsiniz.
İlk növbədə şəxsi profilinizi açaraq, onu doldurmalı və daha sonra layihələrin profillərini açaraq, startap layihənizin məluamtlarını, komandanın üzvlərini əlavə edin. Bir çox məşhur akselerator və inkubatorlar (TechStars, 500, Canada startup-visa) qəbulları məhz F6S üzərindən aparır.

Əsas qeydim odur ki, çalışın burada hesab açsanız da, layihənizin nəticələrini də davamlı əlavə edəsiniz. Bir çox mərkəzlər və investorlar əsas sizin startapın göstəriciləri ilə maraqlanacaqlar. Çalışın həm layihə, həm də komanda haqqında məlumatlar dolğun yerləşdirilsin.
Əlavə olaraq, hər hansı bir xarici startap layihədə özünüzə iş tapa və ya tech şirkətlərin təqdim etdikləri xidmətlərin xüsusi PULSUZ təkliflərindən yararlana bilərsiniz.
F6S adının nə məna verdiyini soruşsanız, cavabı: Founders sözündə F və S hərfləri arasında 6 hərfin qısaldılmış versiyasıdır. WOW deyil, amma indi kreativlikləri buna çatıb…

Betalist – Beta mərhələsində olan layihənizi geniş auditoriyaya tanıdaraq ilkin rəy almaq istəsəniz, yeni yaranmış bu platformadan da istifadə etməyiniz məsləhətdir. Əlavə olaraq, bazadan yeni layihələr haqqında məlumat toplaya bilərsiniz.


Hacker News – kompyuter elmləri və təşəbbüskarlığa fokuslanmış sosial xəbərlər saytıdır. Sayt Paul Graham-ın investisiya fondu və Y Combinator inkubatoru tərəfindən idarə olunur. Ümumilikdə "intellektual maraq doğura biləcək” istənilən növ məlumatları paylaşmaq olar.
Sayt 2007-ci ildə Paul Graham tərəfindən, öz şirkəti olan Y Combinatorun bir layihəsi kimi yaradılmışdır. 2014-cü ildə Graham Y Combinator-da idarəçilikdən çıxmış və Hacker News-un idarəetməsini də komandasına həvalə etmişdir.
Hacker News-da paylaşılan xəbərlərdə istifadəçilər yalnız Upvote (müsbət səs) verə və ya heç bir səs verməyə bilərlər. Ancaq, spam xəbərləri də işarələyib sildirməyə nail olmaq mümkündür. Bununla yanaşı şərhlərdə mənfi səs vermə mümkündür. Lakin bu imkandan "karma” (xal) sayı 500-ə çatmış istifadəçilər yararlana bilərlər.
Düzü HN-dan anlamaq üçün burada bir müddət vaxt keçirtməlisini ki, platformanın işləmə qaydasını başa düşəsiniz. Burada da, Product Hunt kimi, Upvote toplamış xəbərlər ana səhifəyə çıxa bilir. Ancaq, bəzi hallarda moderatorlar naməlum səbəblərdən həmin xəbərləri, ana səhifədən yığışdıra və ya kifayət qədər upvote toplamamış xəbərləri də ana səhifədə göstərə bilərlər. Bu hal bir çoxlarında hələ də çaşqınlıq yaratsa da, platformanı idarəedənlər ətraflı açıqlama vermirlər.
2013-cü ildə TechCrunch-da çıxmış məqalədə: "Graham deyir ki, Hacker News Ycombinatora aid startapların ana səhifədə digər layihələrlə müqayisədə daha çox tanıtılması ilə bağlı şikayətlər alsalar da, əslində belə bir qayda mövcud deyil.” Onun sözlərinə görə bir çox hallarda bu məsələ ilə bağlı öz ünvanına şiddətli narazılıqlar da alıb. Hər nə olsa da, zənnimcə HN-i də tanıtım üçün diqqət mərkəzində saxlamaq lazımdır. Ancaq, unutmayın ki, burada istifadəçi yığmaqdan çox, investor və intellektual insanların toplaşdığı məkandır. Təbii ki, onlar sizin layihəniz haqqında müsbətdən, mənfiyə hər bir istiqamətdə fikirlərini bildirəcəklər.
Əlavə olaraq onu qeyd edə bilərəm ki, birdən YC-ə müraciət etmək istəsəniz, sizin Hacker News profilinizi də istəyirlər. Çox güman ki, sizin postları analiz edərək, mövzuya nə qədər yaxın olduğunuz, psixoloji durum və s. analiz edirlər.

Əlavə olaraq layihənizi ABŞ-da tanıtmaq istəsəniz Reddit platformasına da, baxmağınız məsləhətdir. Düzdür bu platformanın necə işlədiyini anlamaq üçün aylarınızı sərf etməli olacaqsınız, üstəlik dərhal mövzu açaraq öz layihənizin reklamını etsəniz, çox güman ki sizə BAN qoyulacaq. Çünki platforma istifadəçiləri hər hansı bir xəbərə həm müsbət, həm də mənfi post kimi işarələyə bilərlər. Buna görə də, əvvəl qeydiyyatdan keçin, gəzin-görün, müzakirələrdə iştirak edin, imkan verin sizi tanısınlar, ondan sonra xəbəriniz yoxmuş kimi, portalın qaydalarına uyğun layihənizi tanıda bilərsiniz. Ancaq, buna çox zaman sərf etmək istəməsəniz Fiverr kimi, platformalarda kiçik ödəniş qarşılığında layihəniz haqqında, Reddit-in köhnə istifadəçiləri tərəfindən tanıtılmasını da sifariş edə bilərsiniz.

Xüsusilə qeyd etmək istəyirəm ki, bu platformalarda layihəniz haqqında məlumatların yerləşdirilməsi daha çox investor və layihədə maraqlı ola biləcək kütləyə tanıtım üçün xidmət etməlidir. Düzgün qaydada, məlumatları yerləşdirib tanıtım edə bilsəniz əminəm ki, çox faydalı rəylər toplaya bilərsiniz. Sadalanan bütün platformalarda qeydiyyatdan keçməyiniz də mütləq deyil, baxın, araşdırın sizə və startapınıza hansı daha uyğundursa, onlardan istifadə edin.
 
Müəllif: Orkhan Ahmad