main-post-cover

    Wolverine haqqında son film "Logan" (İCMAL)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir çoxları bilməsə də əslində Hugh Jackman, Wolverine roluna ilk dəfədən qəbul olunmayıb. 2000-ci ildə böyük ekranlara çıxmış "X-Men” filmi üzərində işlər gedən zaman bu rola namizəd bir neçə aktyor var idi. Lakin onların hamısı roldan imtina edəndən sonra Wolverine roluna məhz Hugh Jackman qoşulmuşdu. Bu qərar bəlkə də aktyor kastinqi tarixində ən uğurlularından biridir. Çünki bir çoxları (əsasən də komiks oxuyanlar) bilir ki, X-Men barədə olan komikslərdə sözügedən personaj heçdə filmdə olduğu tərzdə deyil. Buna baxmayaraq 2000-ci ildə təqdim edilmiş ilk X-Men filmində Hugh Jackman-ın canlandırdığı obraz həm adi izləyicilərin həmdə komikslərlə maraqlanan insanların rəğbətini qazanmışdı. Tez bir zamanda aktyor, sözügedən film seriyasının əsas simasına çevrilmişdi. Hətta komikslərlə maraqlanmayan insanlardan X-Men barədə soruşanda onların yadına ilk öncə 3 iti ülgücə sahib personaj düşürdü. Müstəsnasız bu rol Hugh Jackman-a böyük şöhrət gətirdi və bu 17 il ərzində o, Wolverine obrazını bütün X-Men filmlərində canlandıraraq bütün insanların sevgisini qazandı. O bu rol üçün etalon aktyor hesab edilir. Yəni digər bir aktyorun məhz bu rolu canlandıracağına inanmaq mümkünsüzdür. Lakin reallıq bundan ibarətdir ki, yaxşı olan hər şey gec-tez bitir. Təbii ki, Hugh Jackman bu rolu həyatının sonuna kimi canlandıra bilməzdi. Bu nə vaxtsa olmalı idi. "Logan” filmi bu məşhur personajın son hekayəsini əks etdirən və Hugh Jackman-ın bu rolu sonuncu dəfə canlandırdığı uğurlu layihədir.
    Mutantlar artıq yoxdurlar. Uzun bir ömür sürmüş və həyatının yalnız acılardan ibarət olduğu Logan, Charles (Professor Xavier) ilə birlikdə Amerikanın çöllüyündə yaşamaq məcburiyyətində qalırlar. Lakin günlərin birində peyda olan Laura adlı balaca qız hər şeyi dəyişir və onlar 3-ü, təhlükəli macəraya yollanırlar. İlk öncə onu demək lazımdır ki, bu film komiks üzrə olsa belə digər komiks filmlərdən çox fərqlənir. Ona görə ki, müəyyən mənada film ilk öncə dram janrlı hesab olunur. Filmi izləyən zaman personajlara acımamaq və onlara görə nigaran qalmamaq mümkün deyil. Hətta ilk trailerdən belə hiss olunurdu ki, "Logan”, ağır bir film olacaq. Bəli o həqiqətən də ağır aurada çəkilib. Logan onsuzda öz həyatı boyunca yaxşı nəsə yaşamayıb. Ona yaxın olan insanların gec-tez öz həyatlarını itirməsinin günahını özündə görən Logan bu ağır yük ilə yaşayır. Personajların üzlərində bəzən gülüşün əks olunmasına baxmayaraq izləyici daxilən kədər hissi keçirdir. Çünki o hiss edir ki, bu macəranın sonunda yaxşı heçnə baş verməyəcək. Ayrıca olaraq aktyorlara böyük hörmət düşür. Belə ki, Hugh Jackman və Patrick Stewart maksimal dərəcədə bu rollara öz güclərini sərf ediblər. Onlar bilirdilər ki, bu film son olacaq və başa düşürdülər ki, məhz bu filmdə bütün emosiyaları və personajların yaşadıqları ağır həyatı maksimal dərəcədə canlandırmalıdırlar. Onlar bunun öhdəsindən çox əla gəliblər. Bundan əlavə olaraq X-23 mutant obrazını canlandırmış azyaşlı aktrisa Dafne Keen-i də qeyd etmək lazımdır. Belə kiçik yaşda Logan xasiyyətli bir obrazı canlandırmaq tapşırığından uğurla keçib. Qeyd etmək lazımdır ki, filmdə fan servis çox yaxşı səviyyədə reallaşdırılıb. Yəni komikslərlə yaxından tanış olan izləyicilər, onlara doğma olan anlarla qarşılaşacaqlar. Filmin 18+ reytinq üzərinə çəkilməsi onu daha cəlbedici edir. Əgər xatırlayırsınızsa bundan əvvəlki filmlərdə Wolverine olan anlarda zorakılıq səhnələri müəyyən sərhədə malik idi. Lakin "Logan”da biz, baş personaj tərəfindən vəhşicəsinə öldürülən insanları görürük. Yəni zorakılıq dərəcəsi, 18+ reytinqi ənənəsinə sadiq qalıb. Əslində bu qərarın verilməsinə "Deadpool” filminin uğuru təsir etdi. Belə ki, o film də 18+ reytinq üzərində çəkilmişdi və izləyicilərin rəğbətini qazanmışdı.
    Mənim fikrimcə bu filmin bir mənfi tərəfi var. Şəxsən mənim komikslərə marağım olsa belə mən onları oxumuram və buna görədə filmdə baş personajların bu vəziyyətə necə düşdükləri digər mutantlarla nələrin olduqlarını anlamaq çətin oldu. Çünki filmdə  bu barədə heç bir məlumat verilmir. Filmi izləyən zaman sanki bu personajların ümumilikdə X-Men komikslərinə aid olmadıqları hissi yaranır. İstər-istəməz keçmiş filmlərdəki personajların aqibətinin necə olduğunu bilmək istəyirsən. Bu baxımdan komikslərlə yaxından maraqlanmayan insanlar üçün filmdə bəzi şeylər anlaşılmaz şəkildə qala bilər. Bu mənim film barədə fikirlərimi biraz aşağı saldı. Lakin buna baxmayaraq "Logan”a baxmamaq olmaz. Ən əfsus da əgər bu illər ərzində həmin baş qəhrəmanları sevmisənsə və onlara müəyyən mənada simpatiya bəsləyirsənsə mütləq bu filmə baxmaq lazımdır. Son olaraq qeyd etmək lazımdır ki, "Logan”, bir tarixin sona çatması deməkdir. "Logan”ı izləyəndən sonra sanki daxildən boşluq hiss edirsən. Sanki çox yaxın bir dostunu itirmisən. 17 il ərzində insanların sevgisini və rəğbətini qazanmış aktyorun canlandırdığı personajın son hekayəsini bundan yaxşı yekunlaşdırmaq olmazdı. Biz istənilən vaxt bu filmlərə qayıda bilərik. Biz həmişə onları yenidən təkrar-təkrar izləyə bilərik. Lakin sözügedən aktyorların iştirakı ilə bir daha bu cür layihələrin olmayacağını anlamaq insanı çox kədərləndirir. İnsanlar onu vəhşi heyvana çevirdilər. Lakin balaca bir qız sonda onu insan etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər