main-post-cover

    Avropa komissiyası cəmiyyətdə süni zəka texnologiyalarının istifadəsini məhdudlaşdırmaq istəyir

    Süni İntellekt
    21.04.2021
    Emil Nəcəfov
        Avropa komissiyası süni zəkanın zərər yetirə biləcəyi müəyyən sahələrdə fəaliyyətinin məhdudlaşdırılmasını təklif edib. Avropa komissiyasının fikrincə süni zəka texnologiyasının zərər yetirə biləcəyi fəaliyyət sahələri üzrə nümunələr aşağıdakı kimidir:
    - İmtahan nəticələrinin avtomatik qiymətləndirilməsi
    - Süni zəkanın robotlaşdırılmış cərrahiyyə sahəsində istifadəsi
    - Kredit risklərinin qiymətləndirilməsi sistemləri
    - Məhkəmələrdə sübutların doğruluqlarının qiymətləndirilməsi
    - İnsanların işə götürülmələri üçün nəzərdə tutulmuş proqram təminatları
    - Sənədlərin yoxlanışı zamanı alqoritmlərdən istifadə.
        Komissiyanın təklifinə əsasən texnologiyalar bazara daxil olmamışdan öncə təhlükəsizlik, dəqiqlik, etibarlıq, istifadəçilər ilə nizamlayıcı orqanlara nə dərəcədə açıq olmaları, məlumatların keyfiyyətləri və s. kimi tələblərə cavab verməlidirlər. Avropa komissiyası həmçinin bəzi istisna hallardan başqa ictimai yerlərdə üz tanıma sistemlərinin istifadəsini qadağan etməyi təklif edib. İstisna hallar kimi isə itmiş uşaqların, cinayətkarların axtarışı və terror aktlarının qarşısının alınması çıxış edirlər.
        Bundan əlavə olaraq komissiya insan iradəsindən yan keçmək üçün onun davranışlarını manipulyasiya edən tətbiqlərdə və sosial reytinq sistemlərində süni zəka texnologiyasından istifadəni qəbuledilməz hesab edir. Cəmiyyət üçün minimal riskləri (məsələn oyunlarda və spam filtrlərdə olan süni zəka texnologiyaları) özündə birləşdirən süni zəka texnologiyalarının nizamlanması nəzərdə tutulmur. Komissiyanın fikrincə bu cür texnoolgiyaların sayı çoxdur. Mütəxəssislər hesab edirlər ki, bu yeni qaydalar Çindən olan şirkətlərə heç cür təsir etməyəcək və bu da öz növbəsində həmin şirkətlərə böyük üstünlüklər verəcək.
        “Bu qaydalar Avropada süni zəka texnologiyalarının yaradılmasını bahalı və bəzi hallarda texnoloji mümkünsüz edəcəklər. Avropa Birliyi öz startaplarını diz üstə çökdürəcək və ABŞ ilə Çin bunu qıraqdan seyr edərək inkişaf etməkdə davam edəcəklər” - deyə mütəxəssislərdən biri qeyd edib. Buna baxmayaraq Avropa komissiyasının bu təklifi uzun yoldan keçməlidir. Belə ki, həmin təklifi Avropa zirvəsi Avropa parlamenti kimi qurumlar təsdiqləməlidirlər. Bu proses isə illər ala bilər.
    Linki kopyala