main-post-cover

    Super Yer sinifinə daxil olan planetlərdə həyat növü daha uzun müddət ərzində mövcud ola bilər

    Süni İntellekt
    17.01.2022
    Emil Nəcəfov
        Alimlərin apardıqları yeni tədqiqatlara əsasən Super Yer sinifinə (Yer kürəsinin kütləsindən yüksək, lakin Neptunun kütləsindən aşağı kütləyə sahib olan planetlər) daxil olan planetlərdə həyat növü daha stabil maqnit sahələri hesabına inkişaf üçün daha çox zamana sahib ola bilərlər. Qeyd etmək lazımdır ki, maqnit sahələri planetləri kosmik şüalanmadan qoruyan əsas faktordur. Planetlər daimi şəkildə yüklənmiş zərrəciklər tərəfindən hücuma məruz qalırlar. Bu hissəciklər işıq sürətinə yaxın sürətdə hərəkət edirlər. Onlar ulduzlar və ya digər yüksək enerjili obyektlər tərəfindən ifraz edilirlər. Hər hansı bir planet üçün bu cür kosmik şüalanma dəhşətli nəticələrə gətirib çıxarda bilər. Belə ki, hər hansı bir planet müəyyən müddətddən sonra öz atmosferini itirə, səthindəki su isə quruya bilər. Nəticədə orqanizmlərin bu cür mühitdə sağ qalmaları qeyri-mümkündür.

    Yer kürəsi kosmik şüalanmalardan maqnit sahəsi vasitəsilə qorunur. Amerikalı alimlərin fikirlərinə əsasən Super Yer sinifinə daxil olan planetlər də öz maqnit sahələrinə sahib ola bilərlər.

        Alimlərin sözlərinə əsasən bu cür planetlərin səthlərində həyat növlərinin yaranmaları və daha uzunmüddətli inkişafları üçün imkanlar daha çoxdur. Yer kürəsinin maqnit sahəsi planetin nüvəsindəki dəmir ərintisindən ibarət maye hissəsinin bərk hissə ətrafında dövr etməsi hesabına yaranır. Elektronların maye daxilindəki hərəkətləri elektrik cərəyanlarını yaradırlar və həmin elektrik cərəyanları öz növbələrində maqnit sahəsinin yaranmasına səbəb olurlar. Lakin Yer kürəsinin səthindən 2890 km dərinlikdə yerləşən dəmir ərintisinin temperaturu tədricən aşağı düşür. Təqribi olaraq 6.2 milyard ildən sonra nüvənin maye hissəsi soyuyacaq və tamamilə bərkiyəcək. Nəticədə Yer kürəsinin maqnit sahəsi yox olacaq.
        Super Yer tərz planetlərə gəldikdə isə alimlər bir qədər fərqli prosesin olduğunu güman edirlər. Bu cür planetlərdə daha yüksək təzyiq səbəbilə nüvənin ərimə temperaturu fərqlidir. Daha yüksək kütlə sayəsində isə nüvənin soyuma prosesi daha ləng gedir. Tədqiqatçılar bu məsələ ilə bağlı maraqlı təcrübə aparıblar. Onlar 1000 GPa (giqapaskal) təzyiq altında olan dəmir ərintisini müşahidə ediblər. Bu cür təzyiq Yer kürəsinin nüvəsindəki təzyiq göstəricisindən 3 dəfə yüksəkdir. Təcrübə üçün alimlər lazerdən və dəmirin milliqramlıq hissəciyindən istifadə ediblər. Təcrübə nəticələrindən alimlər belə qənaətə gəliblər ki, Super Yer sinifinə daxil olan planetlərin nüvələrinin bərkimələri üçün Yer kürəsinin nüvəsindən fərqli olaraq 30% daha çox zaman lazımdır.
    Linki kopyala