main-post-cover

    Tim Cook-un son innovasiyalı məhsulu nə olacaq və onu CEO vəzifəsində kim əvəzləyəcək?

    Elm & Texnologiya
    31.08.2021
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Tim Cook Apple şirkətinin CEO vəzifəsində olmasının 10 illik yubileyini qeyd etmişdi. Lakin Bloomberg saytının verdiyi məlumata əsasən o artıq özündən sonra bu vəzifəyə gələcək şəxsi hazırlamağa başlayıb. Bloomberg saytının jurnalisti olan Mark Gurman Apple şirkətinin növbəti CEO-nun kim olacağı barəsində proqnoz və Tim Cook-un CEO vəzifəsində olduğu müddətdə şirkətin növbəti innovasiyalı məhsulunun nə olacağı barəsində məlumat verib. Verilmiş məlumata əsasən Tim Cook 2025-ci ilə kimi şirkətin CEO vəzifəsində qalacaq və bu müddətə kimi o, tamamilə yeni innovasiyalı məhsulu satışa çıxartmağı planlaşdırır.
        Söhbət, AR eynəklərdən gedir. Məlumata əsasən Apple şirkətinin bu sahədəki ilk məhsulu qarışıq reallıq (AR + VR) eynəyi olacaq. Bu cihaz artıq gələn il təqdim olunacaq. AR özəlliklərə sahib daha yüngül eynək isə 2025-ci ildə təqdim olunmalıdır. Həmin ilə kimi Apple şirkəti Tim Cook-a 10-cu səhm ödənişini edəcək. Bu, son səhm ödənişi olacaq. 10 il bundan öncə Tim Cook Apple ilə müqavilə bağlayan zaman müqavilə şərtləri məhz belə idi. Mark Gurman-ın sözlərinə əsasən bu 10 ildə Tim Cook inanılmaz nailiyyətlər əldə edib.
        Son illərdə Apple şirkətinin innovasiyalı məhsullarının olmamasına baxmayaraq onun gəlirləri qat-qat artıb. Belə ki, 2011-ci ildən başlayaraq şirkətin səhmlərinin qiymətləri 1100% yüksəlib və hal hazırda şirkətin bazar dəyəri 2.46 trilyon dollar təşkil edir. Mark Gurman həmçinin Tim Cook-dan sonra Apple şirkətinn CEO vəzifəsinə olan namizədlərin adlarını da açıqlayıb. Beləliklə namizədlər arasında proqram təminatının hazırlanması üzrə vitse prezident Craig Federighi, pərakəndə satış şöbəsinin rəhbəri Deirdre O’Brien, aparat texnologiyaları üzrə baş vitse prezident Johny Srouji, baş əməliyyat direktoru Jeff Williams və proqram təminatı üzrə baş vitse prezident Eddy Cue var.
    Linki kopyala