main-post-cover

    Apple şirkəti yeni biometrik identifikasiya texnologiyası üzərində çalışır

    Elm & Texnologiya
    13.09.2019
    Emil Nəcəfov
        Gələcək iPhone modellərində tamamilə yeni dizayndan əlavə olaraq ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasının olacağı gözlənilir. Lakin məlum olub ki, Apple şirkəti həmçinin öz cihazları üçün tamamilə yeni biometrik identifiksiya üsulu üzərində çalışır. Belə ki, şirkət yeni identifikasiya üsulunun patentini əldə edib. Bu barədə Appleinsider saytı xəbər verib. Şirkətin əldə etdiyi yeni patentdə istifadəçinin şəxsiyyət identifikasiyasının əl ovucu vasitəsilə reallaşdırılması əks olunub.
        Həmin texnologiya şirkətin məhsullarında olan Tocuh ID texnologiyasının prinsipi əsasında çalışır. Lakin yeni texnologiya istifadəçi barmağının təsviri yerinə ovucda olan qan damarlarının unikal strukturunu skan edir. Texnologiyanın patentdəki təsvirinə əsasən smartfonun ekranı bir neçə laydan və foto diodlardan ibarət olmalıdır. Foto diodlar isə infraqırmızı işığı əks etdirərək qan damarlarını təyin edə bilirlər. Skan prosesinin yüksək dəqiqliyinin təmin olunması üçün həmçinin görünən spektrin işığından da istifadə edilir. Bu yeni identifikasiya üsulu həmçinin istifadəçinin səhhətinin monitorinqində də istifadə oluna bilər. Məsələn qan damarlarının skan olunması damar şişkinliklərini, trombları və ya digər problemləri aşkar edə bilər.
        Maraqlısı ondadır ki, skan prosesi hətta istifadəçinin cihazdan istifadə etdiyi müddətdə də reallaşdırıla bilər. Ənənəvi olaraq qeyd etmək lazımdır ki, bu cür texnologiyanın patentinin əldə olunması o demək deyil ki, şirkət bu texnologiyanı öz məhsullarında dəqiq şəkildə reallaşdıracaq. Lakin onu da qeyd etmək lazımdır ki, şirkət son zamanlarda alıcıların səhhət məsələsinə çox fikir verir. Buna sübut olaraq Apple Watch smart saatlarındakı yeni özəllikləri gətirmək olar. Buna görə də bu yeni biometrik identifikasiya texnologiyasının reallaşdırılma şansı çox böyükdür.
    Linki kopyala