main-post-cover

    1 ay əvvəl NASA-da işə başlayan azərbaycanlı - Atilla Əsgərov (ARAŞDIRMA)

    07.05.2017
    Farid Pardashunas
    Son günlər medianın gündəmini zəbt edən mövzulardan biri NASA-da təcrübə keçməyə "haqq" qazanmış həmyerlimizin "uğur" hekayəsi idi. Azərbaycanın öndəgedən internet resursları və media qurumları məsələni araşdırmadan bu mövzunu geniş işıqlandırmışdılar. Lakin araşdırmaların nəticəsi NASA-dan gələn rəsmi məktubla sonlandı. 
    Bütün bunlardan sonra Technote komandası olaraq NASA-da real olaraq işləyən həmyerlilərimizlə sizi tanış etmək istəyirik. Bu dəfə sizə yenicə NASA-da kariyerasına başlayan Atilla Əsgərov haqqında danışacağıq.

     
    Əslən azərbaycanlı olan Atilla, Bakıda orta məktəbi bitirdikdən sonra İstanbul Texniki Universiteti və "Virginia Tech" universitetlərində texniki təhsil alıb. Universiteti bitirdikdən sonra Bakıya qayıdan Atillanın uğur hekayəsi isə məhz buradan başlayır. Təhsilini bitirdikdən sonra NASA-ya iş üçün müraciət edən Atillaya cavab, Atilla Bakıda olarkən gəlib. 15 Sentyabrda yenidən Amerikaya qayıdan Atilla, NASA-da müsahibəyə dəvət olunub. Müsahibədən sonra həmyerlimizə gələn məktubda NASA-nın onun barəsində maraqlı olduğu və ona iş təklif etmək istədikləri məlum olub. Təklifi qəbul edən həmyerlimiz bir neçə gün sonra NASA-da işinə başlayıb. Hal hazırda NASA-nın "WFIRST" adlı layihəsində "full time" olaraq "hardware engineer" vəzifəsində çalışan Atilla, "WFIRST" teleskopunun infraqırmızı detektorlarının testi və dizaynı üzərində çalışır. 

     
    Qeyd edək ki, WFIRST (the Wide Field InfraRed Survey Telescope) Teleskopu NASA-da ərazidəki qara enerjini, ekzoplanetləri və infraqırmızı astrofizika kimi təməl sualları araşdırmaq üçün nəzərdə tutulub. Bu teleskopun əsas güzgüsü 2.4 metr və diametri 7.9 fit ölçüdədir. Bu ölçü isə Hubble Fəza Teleskopunun əsas güzgüsü ilə eynilik təşkil edir. Adı çəkilən "WFIRST" teleskopu iki alətdən ibarət olacaq. Geniş Ərazi Aləti və Kononagraf Aləti. "WFIRST" 6 illik missiyanı həyata keçirəcək şəkildə dizayn olunub. 
    Həmyerlimiz çalışdığı şöbə isə NASA dilində desək "Branch 553"-dür. Məhz burada mühəndislər, digər dövlət agentlikləri, universitetlər sənayə üçün kiçik detallardan bütöv alətlərə qədər geniş məhsul çeşidi ortaya çıxarır. Bu detektorlar kosmik şüalardan millimetrə qədər bütün elektromaqnit şüalarını qeydə alır. Filialın detektorlarını NASA-nın raketlərində, hava şarlarında, kosmik aparatlarda və təyyarələrdə tapmaq mümkündür. Atilla, "Technote.az"-a verdiyi müsahibəsində çalışdığı NASA mərkəzinin "GSFC" olduğunu da qeyd edib. 
     
     
    NASA-nın Grinbelt, Merilenddə yerləşən Goddard Fəza Uçuş Mərkəzi, alimlər, mühəndislər və texnoloqlar üçün ən geniş təşkilatdır. Hansı ki, burada Yer kürəsini, günəşi, günəş sistemini və kainatı öyrənmək üçün kosmik maşınlar, alətlər və yeni texnologiyalar hazırlanır.
    Vaşinqtondan kənardakı Goddard, Hubble əməliyyatlarını həyata keçirmək üçün vacib yer hesab olunur. Goddard, uçuş idarəsi və Beynəlxalq Fəza Stansiyasından kənarda iştirak edən astronomlar arasında əlaqə yaradır.
    Goddarddakı alimlər, günəşi, kiçik meteoritləri, kosmosun ən dərin nöqtələrini tədqiq edərək, bizim dəyişən dünyamıza aid yenlikləri ortaya çıxarırlar. Burda çalışan mühəndislər həssas alətlər düzəldir, kosmosun necə göründüyünü ortaya çıxarmaq üçün daha irəli səviyyəli teleskoplar üzərində işlər aparırlar. Mərkəz, amerikalı roket ixtiraçısı Dr. Robert H. Goddardın adını daşıyır və 1 may 1959-cu ildə NASA-nın birinci fəza uçuş kompleksi olaraq yaradılmışdı. Goddard və onun bir sıra mərkəzləri kosmik əsaslar və elmi kəşflər üçün vacib xarakter daşıyır. Ümid edirik ki, yerli media orqanlarımız bu hadisələrdən dərs çıxarıb, əsl uğurlu insanları ortaya çıxarmağa çalışacaqlar. Azərbaycan uğurlu gənclər yetişdirməyə qadir bir ölkədir. Sadəcə onları doğru təqdim etmək və araşdırmaq lazımdır.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər