main-post-cover

    "Amerikansayağı Marketinq" (Niyə bütün media "Amerikansayağı Bakıdan" yazdı?)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bu gün Azərbaycan mediasının gündəmində olan xəbərlərdən biri də "Amerikansayağı Bakı" səhifəsindən olan şəkillərin Türkiyənin məşhur "Onedio.com" sosial məzmun saytında paylaşılması oldu.

    "Türkiyə Azərbaycanda çəkilən bu şəkillərdən danışır" adlı başlıqla yerləşdirilən xəbərlərdə "Amerikansayağı Bakı" facebook səhifəsində yerləşdirilən şəkillər yer alırdı. Təbii ki, bu şəkillərin yayımlanmasının yeganə səbəbi "Onedio.com"un bu məlumatı işıqlandırması idi.

    Bəs bugünə qədər Azərbaycan mediası bu səhifədən xəbərsiz idimi?

    Niyə indiyə qədər heç bir xəbər saytı bu haqda məlumat yerləşdirib, gənclərin əməyini dəyərləndirmirdi? Bu bilirsiz nəyə bənzəyir? Azərbaycanlı idmançının başqa ölkədə olimpiya çempionu olmasına. Təsəvvür edin, Azərbaycan startap bazarında da eyni vəziyyətdir. Bir startap qurub, müəyyən bir məhsul təqdim edəndə Azərbaycanda olan informasiya resursları sənin məhsulunu reklam kimi qəbul edib, yayımlamaq üçün müəyyən qədər ödəniş tələb edirlər. O ki, məhsul haqqında xəbər hansısa xarici mənbədə çıxdı... Bütün media həmin startapdan yazır ki, Azərbaycan layihəsi haqqında qlobal media bunları yazdı. Sual verən yoxdur ki, niyə əvvəl sən yazmamışdın? Problem bilirsiz nədir? Azərbaycanda medianın analiz qabilliyyəti yoxdur və sanki kənardan idarə olunur. Əsas məqsəd isə layihə deyil, layihə haqqında danışılanlardır. Xarici sytlardan tərcümələr, istinadlar və bu tipli daha nələr, nələr. İndi gələk "Amerikansayağı Marketinq" hissəsinə. Təbii ki, hər şey göründüyü kimi deyil. "Onedio.com" editorları yəqin ki, "Amerikansayağı Bakı" səhifəsini izləmirlər. Ümumiyyətlə, həmin editorların belə bir səhifədən xəbəri yoxdur. İşin əsli ondan ibarətdir ki, "Amerikansayağı Bakı" səhifəsinin admini çox gözəl bir taktika işlədərək, öz məqaləsini "onedio.com"da yayımlatmağı bacarıb. Bəs bu necə baş verir? Yenə də, Azərbaycanda olan media savadsızlığı ucbatından sosial məzmun platformasının mahiyyətini redaktorların çoxu anlamır. "Onedio.com" tipli saytların təməl dəyərləri saytda qeydiyyatdan keçən istifadəçilərin məzmun yerləşdirmə imkanının olmasıdır. Yəni, hər bir şəxs "onedio.com"a daxil olub, istədiyi məqaləni yaza bilər. Əgər məqalə maraqlıdırsa, sizin yazınız redaktorlar tərəfindən təsdiqlənir və saytda yayımlanır. Yəni işin əsli "Onedio.com", həmin səhifə haqqında məlumat paylaşmayıb, "Amerikansayğı Bakı" öz məlumatını həmin saytda yerləşdirib.
    Bu da Türkiyənin Bakıda çəkilən şəkillərdən danışması anlamına gəlmir. Fikir versəniz, xəbəri oxuyan və rəy bildirənlərin əksəriyyəti elə azərbaycanlılar idi. Bizim məqsədimiz isə Amerikansayağının bu hərəkətini pisləmək yox, sadəcə alqışlamaqdır. Çünki, həqiqətən adi bir vasitə ilə gündəmə oturmağı bacardılar. Burada əsas məsələ medianın, işin əsasına varmaması və adi şeyləri şişirtməsidir. Səbəb isə çox sadədir. Süni yolla hay-küy yaradıb, istifadəçi cəlb etmək. Və ay sonunda reklam verən şirkətlərə IP təqdim etmək. Bu qədər sadə."Amerikansayağı Bakı" isə adına laiq "Amerikansayağı" bir marketinq gedişi etdi.

    Linki kopyala