main-post-cover

    "Youtube"-da 2 günə 50.000 izləyici yığan fiziki qüsurlu gəncimiz sərhədlərə meydan oxuyur (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Fiziki məhdudiyyətlərinə meydan oxuyan həmyerlimiz Vüqar Fərzəliyev "Youtube" üzərindən açdığı oyun kanalı ilə 2 gün ərzində həm Türkiyədən həm Azərbaycandan 50.000 izləyici kütləsinə çatıb. "AZERI-TURK-OYUNCU" adlı oyun kanalında həmyerlimiz oyunların oynanış videolarını və öz şəxsi Vloglarını yerləşdirir. Fiziki məhdudiyyətləri və danışıq qüsurları olmasına baxmayaraq, bu istedadlı gəncimiz öz imkanları daxilində pul qazanmağın ən ideal yolunu tapıb desək yanılmarıq. Nəzərə alsaq ki, Azərbaycanda çox az adam "youtube" üzərindən qazanc əldə edə bilir və bu sayıda abunə əldə edən çox az sayıda azərbaycanlı var. Əsasən türk dilində oyun videoları çəkən Vüqar, azərbaycanlı olduğunu və bununla fəxr etdiyini "Vlog"-larının birində qeyd edib.
     
    Türk dilində oyun videoları çəkməsi isə bəzi yerli kütlə tərəfindən yaxşı qarşılanmamışdı. Bunun qarşılığında Vüqar, kanalından etdiyi açıqlamada: "Azərbaycanda çox az adam video oyunlarla maraqlanır və ölkəmizdə bu bazar dardır. Türkiyədə bu sahə ilə maraqlanan çox olduğundan mən də öz videolarımı türk dilində çəkməyi qərara aldım. Mən Azərbaycanlıyam və azərbaycanlı olduğumla fəxr edirəm" qeyd edib.

    2 gün ərzində Türkiyədə mübahisələrə səbəb olan və çox təəccüblə qarşılanan həmyerlimiz türk "youtuber" Jahrein Ahmet tərəfindən yayımlanan bir video ilə təhqir olunub. Ahmet, Vüqarın "duyğu sömürtüsü" elədiyini və fiziki qüsurlarını ön plana çəkərək abunə yığdığını iddia edib. Eyni zamanda səssiz oyun videosu çəkməyini əlsiz-qolsuz cərrah olmağa bənzədib və həmyerilimizə qarşı onun qüsurlarını təhqir edən bir videonu öz kanalında yayımlayıb. Bunun qarşılığında Vüqar, çox nəzakətli şəkildə qarşı tərəfin iddialarını cavablandıraraq qeyd edib: "Mən bu videolarımla fiziki qüsurlu olanların nəyə nail ola biləcəklərini göstərirəm və onlara bir növ dəstək oluram. Sabah kimin başına nə gələcək bilinmir. Mən səndən yaşca böyüyəm və hörmət edirəm. Bu məni həvəsdən sala bilməz, sadəcə gülüb keçirəm. Lakin bu dediklərin digər fiziki qüsurlu olan dostlarımızı həvəsdən sala bilər. Lütfən, belə etməyin"

    Biz də Technote komandası olaraq həmyerlimiz Vüqar-ın kanalını dəstəkləyir və həmin kanala abunə olmağa çağırırıq. Ən azından qardaşımız bir çox fiziki qüsuru olmayan adamların edə bilmədiyini edib və hal hazırda kanala abunə sayı 80.000-dən çoxdu. Öz zəhməti və bacarıqları hesabına fiziki məhdudiyyətlərin əngəl olmadığını isbat edən Vüqarla fəxr edirik. Vüqarın ərsəyə gətirdiyi videoları və Ahmet-ə cavabını aşağıdan izləyə bilərsininiz. Bu keçidə daxil olaraq isə kanala abunə ola bilərsiniz.
    *xəbərdən istifdə zamanı aktiv keçid linki ilə istinad edilməsi vacibdir.

    Linki kopyala