
Bill Gates, tanımadığı qıza Yeni il hədiyyələri bəxş etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Microsoft” şirkətinin təsisçisi və böyük səhmdarı olan Bill Gates hər il keçirilən "Secret Santa” flashmobunda iştirak edib.

Sözügedən flashmob Reddit saytında keçirilir. Flashmobun
qaydalarına əsasən hər bir Reddit istifadəçisi, püşkatma nəticəsində kimin-kimə
Yeni il hədiyyəsi göndərəcəyini öyrənir. Reddit istifadəçisi olan Bill Gates bu
aksiyada artıq 3 dəfə iştirak edib. Öz 4-cü iştirakı zamanı püşkatma nəticəsində
ona Aerrix (əsl adı Alicia) ləqəbli qız düşüb. Məlumata əsasən Alicia keçən il
də flashmobda iştirak edib. Lakin keçən il onun gizli Santası ona heç bir hədiyyə
göndərməmişdi. Lakin Bill Gates bu missiyaya çox diqqətli yanaşıb. Belə ki, o,
Alicia-nın hesabını incələyib və onun maraqlandığı mövzular əsasında hədiyyələr
hazırlayıb. Nəticədə Bill Gates, qıza, The Legend of Zelda oyunundan olan qılıncı,
Xbox One konsolu, 3 fərqli rəngdə Xbox One gamepadı, bir neçə oyun diski,
kulinariya kitabı, 8-bitlik Nintendo konsolu, geyinmeye isti əşyalar və özünün
sevdiyi 3 filmin diskini hədiyyə edib.

Həmçinin hədiyyələrin arasında Bill Gates-in öz əli ilə
yazdığı məktub da var idi. "Mən inana bilmirəm ki, sizin keçən ilki gizli
Santanız sizə heçnə hədiyyə etməyib. Sizin Reddit cəmiyyətinə olan inamınızı dəstəkləmək
üçün sizə bəzi hədiyyələri bəxş etmək istəyirəm. Ümid edirəm onlar sizin
xoşunuza gələcək. Həmçinin mən sizin adınızdan Code.org saytına müəyyən
miqdarda vəsait yatırdım. Bu vəsait daha çox tələbənin sizin kimi informatika
sahəsini öyrənməyə yardımçı olacaq. Sietl-dan ən yaxşı arzularla. Bill Gates” –
deyə məktubda qeyd olunmuşdu. Alicia-nın sözlərinə əsasən ilk öncə o, bu qədər
hədiyyənin onun qonaq otağında hardan peyda olduğunu anlamayıb. Lakin vəziyyəti başa düşəndən sonra onun sevincinin həddi-hüdudu olmayıb. "Xbox One-nın xüsusi
Minecraft versiyası. Çox sağolun cənab Gates. Mən heç zaman bu bayramı
unutmayacam” – deyə Alicia öz minnətdarlığını bildirib.








Linki kopyala
Həftənin xəbərləri

