main-post-cover

    Bütün günü sizi cana-boğaza yığan "globus-inter" nədir? Pul qazanan kimlərdir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan və bəlkə də sizi "cana-boğaza" yığan bir mövzu geniş yayılıb. "Globus-inter" platformasından internetdən real pul qazanmaq imkanları. Belə bir vəziyətdə istifadəçiləri təəccübləndirən əsas məqam platformadan pulu rahatlıqla və asan bir şəkildə nəğdləşdirmənin mümkün olmasıdır. "Dollar ilə pul qazanmaq? Reklama "X" edib pul qazanmaq! və bunu rahatlıqla hesabına köçürmək."
    Səslənən ifadələr qulağa xoş gəlsə də bəzi məqamlar hamının bildiyi kimi deyil. "Technote Media" olaraq kiminsə qazancında gözümüz yoxdur, lakin işin əsl tərəfini bilmək də sizin haqqınızdır deyə düşünürük və bütün bunları nəzərə alaraq, mövcud vəziyyəti izah etmək qərarını aldıq.

    "Globus-Inter" nədir?

    "Globus-inter" internet üzərində formalaşdırılmış network-marketinq əsaslı reklam platformasıdır. Mərkəzi Ukraynada yerləşən bu şirkətin əsas hədəf bazarı MDB məkanıdır. Ukrayna, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanda son zamanlar geniş yayılmaqdadır. Platformanın əsas məqsədi reklamverənlər ilə reklamalan istifadəçilər arasında vasitəçi rolunu oynamaqdır. Bu vasitəçi roluna isə şəbəkə-marketinqi əlavə olunur. Sadəcə qeydiyyatdan keçiməklə, telefonunuza gələn reklama baxıb, pul qazanmaq şansını yaradan bu paltformanın elə də çox reklamverəni yoxdur. Bəs bu işin şəbəkə tərəfi nədir?

    Şəbəkə-marketiqi nədir?

    Hamımıza və xüsusilə azərbaycanlılara yaxından tanış olan "network-marketing" qohumları biribirinə küsdürən bir marketinq növüdür. Bu növün spesifik xüsusiyyəti bir şəbəkə şəkilində insanları birbirinə bağlamaq və zəncir əmələ gətirməkdir. Məsələn, siz bir şəbəkə marketinqi şirkətində hər hansı bir məhsulun satışını həyata keçirmək üçün qeydiyyatdan keçirsiniz və siz qeydiyyatdan keçən zaman müəyyən qədər haqq ödəyirsiniz. Daha sonra bu şəbəkəyə dəvət edəcəyiniz hər bir şəxsə görə əlavə % qazanırsınız. Həmin gətidiyiniz şəxs isə başqa bir dostunu şəbəkəyə dəvət etdikdə sizin faizləriniz daha da artır. Belə olan halda zəncirin yaxud ağacın başında duran şəxs daha çox qazanır. Adətən bu şəbəkələrdə əsas gəlir məhsul satışları yox üzvlük haqqları əsasında formalaşır.

    "Globus-inter" bunu necə edir?

    "Globus-inter" platformasında hər hansı bir şəxsin dəvət linki ilə qeydiyyatdan keçmisinizsə, belə olan halda siz hansısa "ağacın budağı" olmusunuz, deyə bilərik. Çünki, "qlobus-inter" platformasının təməl məntiqi gətirəcəyiniz hər bir adama görə, onun qazancından da müəyyən qədər % əldə etməyinizdir. Bu birbaşa şəbəkə marketinqidir. 

    "Globus-inter" qazancları kəskin aşağıdır

    Əgər siz hər hansı adi istifadəçi olaraq fəaliyyətdəsinizsə, belə olan halda gün ərzində sizin telefonun ekrana gələcək reklamlara baxmaqla çox az (0,0005:0,0006) qazanc əldə edəcəksiniz. Belə olan halda siz məcbur olaraq bu platformaya dostlarınızı dəvət etməlisiniz ki, dostlarınız sizin qeydiyyat linki ilə daxil olub reklamdan pul qazansınlar. Və siz də uyğun olaraq faiz qazanasınız. Bunun üçün sizə böyük bir zəncir formalaşdırmaq lazımdır. Lakin bu asan məsələ deyil. Əlavə olaraq sizin gətirəcəyiniz dost-tanış bu platformadan aktiv istifadə etməlidir. Bu üsulla böyük bir şəbəkənin başında duran "qlobal-inter", aktiv istifadəçilər əldə etməklə, bu bazarı şirkətlərə satır. Yəni reklam qəbul edir, həmin reklamları isə sizin mobil telefonada göstərir. Qarşılığında isə çox az bir məbləğ təklif edir.

    "Globus-inter"-dən kimlər daha çox qazanır?

    Facebook səhifələrində son zamanlar "internetdən real pul qazanmağın yolu" adı altında qeydiyyat linki ilə bərabər belə paylaşımları tez-tez görürük. Məsələnin əsas maraqlı tərəfi isə buradadır. Guya internetdən başqa cür real pul qazanmaq olmurmuş kimi sadəcə səhifə idaərəçiləri "user"lərdən istifadə etməklə, heç bir hərəkət etmədən, özlərinə zəncir yaradırlar. Siz isə bu zəncirin bir parçası olaraq, başqa insanlara da xeyir vermiş olursunuz. Bu mövzuda yeganə normal gəlir əldə edən məhz elə səhifə idarəçilərdir. İstifadəçiləri bu şəbəkəyə cəlb etməklə müəyyən qazanc əldə edirlər.
     
    Sonda "Technote" olaraq sizə bu şəbəkədən istifadə etməməyi tövsiyyə edirik. İtirəcəyiniz zaman və erenji qarşılığında çox az məbləğ əldə edəcəksiniz. Yox əgər bu barədə israrlısınızsa buradan (bizim link) daxil olub qeydiyyatdan keçə bilərsiniz. Təbii ki, bu zarafatdır. İnternetdən real pul qazanmaq nümunəsin isə bu məqalənin altında olan reklama baxmaqla görə bilərsiniz. 
    Linki kopyala