


"Cleantech” – bir sənaye termini olaraq xərclərin azaldıması, ətraf mühitin qorunması, enerji, su və təbii resurs sərfiyyatını azaldan xidmətlər mənasında istifadə olunur. Baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə, təbii sərvətlərin tükənməsi və ətraf mühitin çirklənməsinin qarşını alan və qlobal biznes potensialı olan "Cleantech” startaplar bu problemlərin effektiv və innovativ şəkildə həlli ilə yanaşı, öz qurucularına milyonlar qazandıran və investorların ən çox diqqət mərkəzində olan startaplardır. Qısacası "Cleantech”, ətraf mühitlə bağlı qlobal problemlərə innovativ və texnoloji üsullarla həll gətirən və böyük biznes potensialı olan texnologiyalardır.
Hansı məşhur "cleantech” startapları var?
1. "Faraday Bicycles”– Dünyanın məşhur elektrikli velosiped istehsalı ilə məşğul olan şirkətlərindən biri olan "Faraday”, öz dizaynı, yüngüllüyü və ətraf mühitə verdiyi töhvəsi ilə ən yaxşı "cleantech” startaplarından biridir desək, yanılmarıq. "Faraday” sürücüsünün sərf etdiyi fiziki enerji sayəsində öz batareyaları vasitəsilə enerji toplayır, təkərlərdə olan xüsusi quraşdırılmış mühərriklərindən güc alan bu velosiped ətraf mühitə heç bir ziyan vurmadan hərəkəti təmin edir. Siz öz velosipedinizi fiziki gücünüzlə hərəkətə gətirməklə onu növbəti yürüş üçün enerji ilə təmin edirsiniz. Qısacası velosipediniz üçün enerjini özünüz istehsal edirsiniz. İlkin mərhələdə toxum yatırım olaraq 5 milyon dəyərləndirmə ilə San Fransiskoda 1 milyon dollar yatırım alıb. 2017-ci ilin yanvar ayında isə "Pon Holdings” açıqlanmayan bir rəqəmlə şirkəti öz tərkibinə qatıb.
2. "BlaBlaCar”– Uzunməsafəli səyahətlər zamanı xərcin optimallaşdırılması üçün səyahət edənləri bir araya gətirən bu startapın digər bir məqsədi də maşın sayının azadılması və ifrat maşın istifadəsini azaltmaqdır. Eyni istiqamətə səyahət edən insanlar bir nəqliyyat vasitəsilə səyahət etməsini təmin edən startap, bugünə qədər 7 oxşar layihəni də satın alaraq, qlobal böyük şirkətə çevrilib. Ümumilikdə 4 seriyada yatırım alan "BlaBlaCar”, toplam 310 milyon dollar investisiya cəlb edə bilib.
3. "Scoot Networks” – Daha bir maşın-paylaşım startaplarından biri olan "Scoot Networks” eyni zamanda "Cleantech” əsaslıdır. Belə ki, siz "Scoot Networks”ün fəaliyyət göstərdiyi şəhərlərdə tətbiqdən istifadə edərək, elektriklə işləyən "scoot” motosikletləri icarəyə götürürsünüz. 2 dollardan başlayan qiymətlərlə xidmət təklif edən "Scoot Networks”, 2013-cü ildə 1 milyon, 2014-cü ildə isə 2 milyon 300 min dollar yatırım alıb.

"Cleantech” sahəsində ölkəmizdədə fəaliyyət göstərən bəzi startapları da qeyd etsək lap yerinə düşərdi.
- Velokuryer– Ekoloji kuryer xidmətini Bakıda müştərilər üçün təqdim edən bu layihədə, göndərişlər velosipedlər vasitəsilə daşınır. Həm sürətli, həm vaxtında çatdırılma ilə yanaşı bu xidmətin ətraf mühitə verdiyi töhvə də əvəzsizdir. Velokuryer haqqında ətraflı məlumatı və çatdırılma taariflərini buradan öyrənə bilərsiniz.- Yolget.az– Tətbiq yuxarıda bəhs etdiyimiz "BlaBlaCar” xidmətinin lokal variantıdır. "Yolget.az” eyni istiqamətə şəhərdaxili və şəhərlərarası səyahət edən insanları birləşdirən platformadır. Burada sürücülər qeydiyyatdan keçməklə hər gün getdikləri yol üçün sərf etdikləri xərcləri daha da optimallaşdıra bilərlər. Xidmətdən istifadə edən sərnişinlər isə çox az məbləğ qarşılığında taxi xidmətlərindən çox aşağı qiymətə gündəlik özlərinə lazım olan məntəqəyə çata bilirlər. Tətbiqin ətraf mühitə verdiyi fayda isə, təbiətə buraxılan tüstünün azaldılması və lazımsız maşın istifadəsinin qarşısını alaraq, optimal həll təklif etməsidir. Startap haqqında ətraflı məlumatı buradan öyrənə bilərsiniz.
Ümid edirik ki, bu məqaləmizdə sizlərə "Cleantech”in əslində sosial məsuliyyət yox, qlobal potensiallı müasir bir biznes sahəsi olduğunu çatdıra bildik. "Green Business” həm insanlara dəyər və fayda, həm ətraf mühitə töhvə, həm də sizə mənfəət qazandırır. "Cleantech” texnologiyaları insanların həyatını asanlaşdırmaqla yanaşı, təbiəti,ətraf mühiti və gələcəyimizi qoruyur. Son olaraq sizə daha bir şad xəbəri çatdırmaq istəyirik.
Şərh yoxdur