
Dinozavrların dəqiq məhv olma səbəbi indiyənə kimi naməlum olaraq qalır. Britaniyalı paleontoloqlar Yer kürəsinin asteroidlə toqquşması nəzəriyyəsinə aydınlıq gətirərək dinozavrların məhv olmalarının yeni versiyasını təqdim ediblər. Dinozavrlar 65 milyon il (Təbaşir dövrünün sonu) bundan öncə məhv olublar. Onlarla bir yerdə sürünənlər sinfinə aid dəniz canlıları, kərtənkələ sinfinə aid uçan canlılar və bir çox yosun növləri məhv olmuşdur. Ümumi göstəricidə 16% dəniz canlıları və 18% quru canlıları məhv olmuşdur. Yayılmış ən məşhur nəzəriyyəyə əsasən onların məhvinə Meksika ərazisində yerləşən Yukatan yarımadasına düşmüş asteroid səbəb olmuşdur. Bu nəzəriyyə bir çox dinozavr növünün məhvi ilə Çiksulub kraterinin (bu krater təqribən 65 milyon il bundan öncə Yer kürəsi ilə toqquşmuş 10 km ölçülü steroidin krateridir) əmələ gəlmə vaxtının üst-üstə düşməsi əsasında yaranmışdır. Digər nəzəriyyələr arasında vulkanik proseslərin aktivləşməsi, çox böyük miqdarda maqmanın yer səthinə çıxması və s. durur.
Bəzi alimlərin fikrincə dinozavrların məhvinə ilk yırtıcı məməlilər səbəb olub. Bu hadisəyə öz təsirini dəniz səviyyəsinin ani olaraq aşağı düşməsi, Yer kürəsinin maqnit sahəsinin kəskin artması və s. kimi səbəblər də təsir edə bilərdi. Təqdim olunmuş yeni nəzəriyyə asteroid hadisəsini inkar etmir. Sadəcə olaraq onu ikinci dərəcəli səbəb kimi göstərir. Britaniyalı alimlərin fikrincə isə asteroidin Yer kürəsi ilə toqquşması zamanı dinozavrlar artıq məhv olma astanasında idilər. Onlar güman edirlər ki, asteroidin toqquşması ilə yaranmış dəyişikliklər sadəcə olaraq dinozavrların məhv olma prosesinə nöqtə qoymuşdur. Mütəxəssislər yeni növün yaranması sürəti ilə qədim kərtənkələ növlərinin məhv olma sürətini müqayisə ediblər. Əgər ikinci faktor birinci faktoru qabaqlayırsa deməli məhv olma qaçılmazdır. 600 növ dinozavr haqqında məlumat əsasında aparılmış irimiqyaslı hesablamalar nəticəsində məlum olub ki, 75-80 milyon il (Çiksulub kraterinin yaranmasından daha əvvəl) bundan öncə məhz bu cür tendensiya baş vermişdir. Bununla belə alimlər bilmirlər ki, bu hadisə hansı səbəbə görə baş verib. Dinozavrların yavaş şəkildə məhvinə Pangeya materikinin parçalanması, iqlimin dəyişməsi, digər heyvan növləri ilə rəqabət və s. təsir edə bilərdi.