main-post-cover

    "Əhməd kimi ol"un müəllifinin Technote\'a müsahibəsi.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Onlarda "Be like Bill", Bizdə "Əhməd kimi ol".
    Son 1 həftədə facebook'da trendə çevrilən "Əhməd kimi ol" haqqında sizlərə məlumat vermişdik. Bu dəfə "Əhməd kimi ol"un Rüfəti ilə sizləri tanış etmək istəyirik. Startap bazarında aktiv fəaliyyəti ilə seçilən və bir neçə beynəlxalq layihənin müəllifi olan Rüfət bu dəfə gündəmə Əhməd ilə gəldi. Bu gün ki, müsahibimiz "Əhməd kimi ol" səhifəsinin qurucusu Rüfətdir.

    -Bu ideyanın mənbəyi haqqında məlumat verə bilərsinizmi?
    -"Be like Bill” səhifəsilə tanış olduğum zaman belə bir konseptin öz ölkəmizə uyğunlaşdırılmış versiyasını hazırlamaq qərarına gəldim. Səhifənin adını seçib, bir neçə materialı tərcümə edib səhifəni açdım.
    -Niyə məhz "Əhməd”?
    -"Əhməd” adı həm də "Əhməd haradadır?” məşhur filmindən bizə tanışdır. "Əhməd” adını eşidəndə, ilk növbədə bu filmin yumor dolu səhnələri göz önünə gəlir. Elə biz də səhifədə sosial problemləri yumorla insanlara çatdırmağa çalışırıq.
    -Bu tipli paylaşımların məqsədi və faydası nədir?
    -Əsas məqsəd gündəlik həyatımızda qarşılaşdığımız və bəzən bəsit görünən sosial problemlərə diqqət cəlb etməkdir. İnsanlara həm təbəssüm gətirən, həm də onları bəzi vərdişlərdən çəkindirməyə çağıran materiallar paylaşırıq. Səhifəyə daxil olan şərhlərdən görünür ki, insanların buna ehtiyacı varmış. Burada elə problemlər qoyulur ki, onları bəzən real həyatda ya ciddiyə almır, ya da daha vacib problemlər var deyib üstündən ötürük. Lakin səhifədə bu problemlərın qoyulması qızğın müzakirələrə səbəb olur, hamı onların həllini vacib sayır. 
    -"Əhməd”dən reklam vasitəsi kimi istifadə olunmasına necə yanaşırsınız?
    -Bir çox şirkət və qurumların "Əhməd kimi ol” konseptini öz kommersiya məqsədləri üçün istifadə etməsinə pis baxmıram. Çünki bu konsept mənə aid deyil. Bu konsept internet aləmində yaranmış bir fenomendir. Burada öz haqqımı tələb edə bilmərəm. Amma, sırf "Əhməd” adından istifadə etdiklərində, arzu edərdim ki, bizim səhifəni dəstək məqsədilə "tag” etsinlər ("hashtag”dən söhbət getmir). Bir də xahiş edirəm ki, "tag” etdikləri səhifəyə diqqət yetirsinlər. "Əhməd kimi ol” səhifəsindən sonra "facebook” və digər sosial şəbəkələrdə eyniadlı bir neçə səhifə meydana çıxdı. Əslində, bizi təqlid edən bu səhifələr təkcə adımızdan deyil, hətta materiallarımızdan da istifadə edirlər. Lakin onların arasında elələri də var ki, öz səhifələrinin guya bizdən əvvəl yarandığını iddia edirlər. Bunun yanlış olduğunu sübut etmək isə çox asandır. Sadəcə, səhifəmizin "Haqqında” bölümünə, bir də "like” sayına baxmaq kifayətdir. Bizim səhifə yanvarın 17-də istifadəyə verilib və hazırda 25 minə yaxın "like”a sahibdir.
    -2 il üzərində çalışdığınız bir İKT layihəsi bu qədər səs-küyə səbəb olmamışdı. Lakin "Əhməd kimi ol” sosial layihəsilə 2 günə "partlayış” etdiniz... Bu, Sizdə hansı hisslər doğurdu?
    -Fikrimcə, buna səbəb olan zamanlamadır. Bu layihənin Azərbaycan versiyasını sözügedən konseptin ən populyar vaxtlarında yaratmağım səhifənin tez bir zamanda məşhurlaşmasına səbəb oldu və hamının dilinə düşdü.
    -"Əhməd”in gələcəyilə bağlı planlarınızı bizimlə bölüşün.
    -İlk növbədə, "Əhməd”i evləndirməyi düşünürəm... Bu, zarafatdır... Biz davam edirik, amma onu da bilirəm ki, bu, müvəqqəti bir layihədir. Trendlər çox tez "ölür” internet aləmində. Mən də, nə qədər davam edəcəksə, o qədər də səhifəni idarə edəcəm.
     
    Əgər siz də öz "Əhməd kimi ol" capsınızı hazırlamaq istəyirsinizsə Rüfət tərəfindən hazırlanan bu tətbiqdən istifadə edə bilərsiniz.
    "Əhməd kimi ol" rəsmi səhifəsi.
    Linki kopyala