main-post-cover

    Facebook Reklam Panelinin (Ads Manager) “Ödəniş” modulu necə işləyir?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    • "Facebook’a 10 dollarlıq reklam qoydum, kartımdan 57 dollar çıxdı”,
    • "Facebook’da reklam elədim, amma pul çıxmadı”,
    • "Kartımda pul var, amma Facebook borcumu silmir”.
    Sizi də bu tip suallar narahat edirsə o zaman bu yazı sizə faydalı olacaq!
    Ölkədə mobil operatorlardan, iri holdinqlərdən evdə əl işi hazırlayıb satmağa başlayan kiçik sahibkara qədər hər növ biznesə fayda verə bilən Facebook sosial şəbəkəsi hər keçən gün daha çox öyrənilməyə başlanılır. Facebook’un Reklam Panelinin (Ads Manager) digər sosial şəbəkələrlə (və istənilən digər reklam kanalı ilə) müqayisədə daha çox seqmentasiya imkanlarının olması, daha az büdcə ilə daha effektiv nəticə verə bilməsi onu önəmli platforma halına gətirib.
    Facebookda reklam yerləşdirmək çox sadə olduğu qədər çox çətindir. Cümlə qəribə səslənsə də növbəti cümlə ilə vəziyyət tam aydın olacaq: Facebookda reklam yerləşdirmək texniki cəhətdən çox sadədir. Siz "Create Ads” (Reklam Yarat) düyməinə klikləyib, istədiyiniz səhifəni, postu, seqmentasiyanı, büdcəni seçib, bir neçə dəqiqəyə reklam yarada bilirsiniz. Burada hər şey çox sadədir. Amma Facebookda reklam yerləşdirə bilmək hələ heç nə demək deyil. Reklamı yaradarkən nələri seçib, nələri seçməməlisiniz, hansı funksiyaları yandırıb, hansıları söndürməlisiniz, bunu etmək çox çətindir. Məhz bunlar sizin reklamın effektivliyinə təsir edir. 
    Facebook Reklam Panelinin "Ödəniş” modulu bir çoxlarında sual oyadır. Facebook’a reklam yerləşdirən bir çox insanı yuxarıda qeyd etdiyimiz suallara bənzər suallar narahat edir. Gəlin görək Facebook’da ”Ödəniş” (Billing & Payment) modulu necə işləyir: 
    1. Facebook nağd yox, nisyə işləyir. Siz reklam yaradırsınız, reklmınız işə düşür, 500-1000 nəfər reklamınızı görür, amma kartınızdan pul çıxılmayıb. Bu, hansısa səhv deyil. Facebook "nisyə” iş görür. Yəni siz reklam edirsiniz, xərcləyirsiniz, müəyyən müddətdən sonra Facebook onu sizdən alır. Facebookda reklam yaratmaq istəyirsinizsə izin bank kartınız (debet)  olmalıdır və balansında minimum 1 dollar olmalıdır. Kartı Reklam Panelinə əlavə etdikdə Facebook həmin hesaba soğru göndərir, əgər kartda azı 1 dollar varsa kartı qəbul edir (Kartı daxil edəndə Faceook balansı yoxlamaq üçün 1 dollar çıxır balansdan. Kim kartında sms-banking’i aktiv edibsə, telefona sms gəlir ki, Facebook kartınızdan 1 dollar çıxdı. Narahat olmayın, təşvişə düşməyin, Facebook sizi soymur :) Bu, balansı yoxlamaq məqsədilə edilir və bir neçə saniyə sonra həmin 1 dollar yenidən blansınıza qaytarılır).
    2. Kartınızdan pul hər ayın son günü (və ya xərciniz Facebook’un hesabınıza qoyduğu limitə çatanda) çıxılır. İlk dəfə reklam yaradanda Facebook sizə 25 dollarlıq limit verir. Bu o deməkdir ki, siz reklam yaradıb 25 dollar xərcləyə bilərsiniz. Xərciniz 25 dollara çatdıqda Facebook bank kartınıza soğru göndərib 25 dolları çıxır. Və reklamınız davam edir. Yox əgər həmin vaxt kartınızda 25 dollar yoxdursa (hətta 24.85 dollar olsa belə) Facebook kartdan heç nə çıxmır və reklamlarınızı dayandırır (pauza). Reklam Panelinin yuxarısında sizə bildiriş gəlir ki, kartınızda kifayət qədər balans yoxdur. Lütfən kartınızın balansını artırın və ya (içində azı 25 dollar olan) yeni kart əlavə edin. Kartınızda pul varsa və Facebook 25 dolları çıxa bildisə reklamınız adi qaydada davam edir. Sizin xərc limitiniz artıq 50 dollar olur. Hər dəfə uğurlu ödəniş etdikcə limit, 100, 250, 500 və 750 dollara kimi artır. Bu o deməkdir ki, limitiniz 500 dollardırsa siz 500 dollara qədər reklam xərcləsəniz Facebook balansınızdan pul çıxmayacaq. Xərciniz 500 dollara çatanda pul çıxacaq. Yalnız bir halda bu qayda pozulur – ayın sonu gəldikdə. Facebook sizə verdiyi limitlə bərbər hər ayın sonuncu günü də borcunuzu ödəməyinizi istəyir. Məsələn, sizin xərc limitiniz 500 dollardır, amma avqustun 31-i siz 285.43 dollar xərcləmisiniz. Facebook kartınıza sorğu göndərib 285.43 dollar silmək istəyəcək. Hətta siz avqustun 30-u 500 dollara çatmısınızsa və Facebook 500 dollar kartınızdan çıxıbsa, bir gün ərzində 5.79 dollarlıq reklam etmisinizsə ayın 31-i yenidən kartdan 5.79 dollar çıxacaq. Yəni o halda demir ki, əşşi dünən 500 dollar ödəyib də, qoy qalsın, gələn ay çıxaram :)
    3. Səhifənin reklamına 10 dollar qoymusunuz, niyə kartınızdan 57 dollar çıxıb? Reklam yaradarkən "Büdcə” hissəsində sizə iki seçim verilir: 1) Daily (Gündəlik, Daimi); 2) Lifetime (Birdəfəlik, Uzunmüddətli). Siz reklamınız üçün "Daily” funksiyasını seçib, büdcəni 10 dollar təyin etsəniz o deməkdir ki, bu reklama hər gün 10 dollar xərclənəcək və ona uyğun auditoriyaya göstəriləcək. Bu cür reklam yaradırsınız və 6 gün sonra sizin telefona sms-bildiriş gəlir ki, Facebook kartınızdan 57 dollar çıxdı. Siz də Zükerberqi söyürsünüz ki, oğurladı pulumu. Əslində isə reklamınız artıq 6-cı gündür ki, davam edir və gün 10 dollar çıxır. "Daily Budget” seçdikdə siz reklamı dayandırmayana kimi reklam davam edəcək. Kartınızda yetərincə pul varsa reklam 3 ay, 5 ay da davam edə bilər (və hər gün 10 dollar xərclənəcək). Reklamınıza yalnız 10 dollar xərclənməsini istəyirsinizsə bunu etməyin iki yolu var: 1) "Daily Budget” seçib reklam yaradırsınız və Reklam Panelinə mütəmadi baş çəkirsiniz. Xərciniz 10 dollar olduqda dayandırırsınız. Bu, "manual” üsuldur. 2) "Avtomatik” üsul isə odur ki, siz "Lifetime Budget” seçirsiniz. Onu seçəndə sizə büdcə təyin etməklə bərabər həm də reklamın yayımlanacağı tarixləri seçmək tələb olunur. Siz 19 avqust-24 avqust seçib, 10 dollarlıq büdcə təyin etsəniz o deməkdir ki, reklamınız 5 gün yayımlanacaq və 5 gün sonra, xərciniz 10 dollar olduqda reklam özü dayanacaq. 
    Facebook’un Reklam Panelində bunun kimi onlarla önəmli mövzular var ki, hər birini dəqiq öyrənmək lazımdır. Yalnız o halda reklamınız effektiv olacaq, az xərclə lazımı kütləyə çatacaq, sizə lazım olan satışı gətirəcək, brend imicini artıracaq. 
       
    Müəllif: Orxan Rzayev              
    Mənbə: Orkhanrza.com
    Linki kopyala