“Front end”,”Back end”,”Full stack” developer kimdir? Fərqləri nələrdir?

“Front end”,”Back end”,”Full stack” developer kimdir? Fərqləri nələrdir?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Üzvü olduğumuz rəqəmsal dünyanın hər bir elementinin bir kod parçasından ibarət olduğunu yaxşı bilirik. İnternet saytlar, tətbiqlər, alətlər və virtual dünyada mövcud olan digər elementlər. Hər bir proqramın, saytın arxasında böyük bir əmək və sətirlərlə kod dayanır. Sadə bir əməliyyatı həyata keçirmək üçün kodlar üzərindən 10-larla sorğular həyata keçirilir. Bəs bu dünyanın əsas memarları kimlərdir? Günümüzdə bütün dünyada məşhur olan və son vaxtlar Azərbaycanda da sayları kifayət qədər artan bu mühəndislər - developerlərdir.

Bu məqaləmizdə developerlərin doğru təsnifatı, onların gördükləri iş və ən əsası hansı yolla developer biliklərinə sahib olub, onlar kimi fikirləşmək haqqında yazacağıq. Məqaləni yazmaqda əsas məqsədimiz Azərbaycanda developerlər haqqında formalaşmış fikirləri doğru istiqamətə dəyişməkdir. Şəxslər və bu mövzuda kifayət qədər məlumatı olmayan şirkətlər, məhsul və xidmətləri üçün sayt yaxud tətbiq hazırlatmaq istədikləri zaman developerlərə üz tuturlar. Azərbaycanda "Front end”, "Back end”, "Full stack” developerlərin eyni qiymətləndirildiyi bir şəraitində, developerlərin əsl problemi ortaya çıxır. Hər hansı bir developeri tapıb, ona həm dizayn işləri, həm kod, həm də server təminatının idarə olunmasını həvalə etmək istəyən müştərilər, işdən əslində xəbərsizdirlər. Bir "web” layihənin ərsəyə gətirilməsi üçün sizə dizayner, "Front end” developer, "Back end” developer lazımdır. Dizaynerlər haqqında bu məqalədə sizə detallı məlumat vermişdik. İndi isə növbə developerlərdədir.


"Front end”, "Back end” və "Full stack” developerlər kimlərdir və hansı işləri görürlər?

"Front end” developer – Tutaq ki, hər hansı bir şirkət "X” web layihəsini sifariş edib. Belə olan halda ilkin olaraq web layihənin detalları müştəridən alınır. Müştəri istəyinə uyğun olaraq saytın xəritəsi tərtib olunur və saytın dizaynının hazırlanması dizaynerə əmanət olunur. Dizayner öz növbəsində "Illustrator”,”Photoshop” və digər proqramların köməyi ilə web layihənin dizaynının qrafik təsvirini çıxarır. Müştəri bu dizaynı bəyəndiyi halda, iş "Front end” developerin önünə gəlir.

"Front end” developer layihənin dizaynını koda daşıyan şəxsdir. "HTML”,”CSS” lazım olduqda "javascript” kodlaşdırma dillərindən istifadə edərək, mövcud dizaynın kod təminatını həyata keçirir. Bəzən "Front end” developerlər özləri dizaynı tərtib etmək bacarığına malik olurlar. "Front end” developerin əlindən çıxmış kod funksionallığa və alqoritmik alt yapıya sahib olmur. Yəni, sistemin çalışması üçün bu işin arxa tərəfində yazılması lazım olan 100-lərlə sətir kod və alqoritmlər var. Qısacası web saytlarda bizim gördüyümüz hissə "Front end” developerlərin əl işidir. Bir məhsulu rəqəmsal sektorda məhz, bu developerlər müştəriyə onların zövqünə uyğun şəkildə təqdim edir.

Məhz buna görə də "Front end” developerlər də öz aralarında aşağıdakı şəkildə bölünür: "CSS/HTML Developer”, "Front-end Web Developer”, "Front-end javascript Developer”, "Front-end Software Developer”, "Front-end javascript Application Developer”, "Web/Front-end user Interface Developer”, "Mobile/Tablet Front-end Developer”, "Front-end SEO Expert”, "Front-end Accessibility Expert”, "Front-end Dev. Opts”, "Front-end Testing/QA”


"Back end” developer – "Front end” developerdən fərqli olaraq aysberqin görünən tərəfi ilə yox, məhz son, istifadəçinin görmədiyi ağır bir işi yerinə yetirir. "Back end” developerlər serverlərdə, bulud yaddaşlarında işləməklə hər hansı web layihənin alqoritmik tərəfini inşa edir. Məlumat bazasının qurulması, sorğuların göndərilməsi və yadda saxlanılması və bu qəbildən 10-larla iş. "Back end” developerlər adətən bir neçə proqramlaşdırma dillərində rahat işləmək bacarığına malik olurlar. Bir "Back end” developeri, "Front end” developerdən fərqləndirən əsas cəhət, işinin daha çox riyazi və məntiqi prosedurlar üzərində qurulmasıdır. Adətən filmlərdə gördüyümüz uzun saçlı və saqqalı, özünə qapanmış, ətraf mühitlə əlaqəsini kəsmiş, gecələri yatmayan və böyük monitorlardan istifadə edən developerlər məhz "Back end”çilərdir. Bir "Back end” developeri özündən çıxarmağın ən sadə yolu isə ona "Front end”lə bağlı tapşırıqlar verib, "Sən niyə bunu edə bilmirsən? Necə developersən axı?” deməkdir.

"Full stack” developer – "Front end” mövzularında olan suallardan bezən "Back end” developerin gəldiyi son nöqtə "Full stack” developerlikdir. "Full stack” developerlər işin həm ön həm arxa tərəfini inşa edən developerlərə deyilir. Tək bir şirkət kimi fəaliyyət göstərmək gücünə malik olan bu developerlərə, 1 nəfərlik komanda desək yanılmarıq. Həm "Front end”, həm "Back end” tərəfdə rahat çalışa bilən bu adamlar böyük məntiqi təfəkkürə, eyni zamanda bunu istifadəçiyə çatdıra biləcək təqdimetmə bacarıqlarına da sahibdirlər. Beləliklə, "Full stack” developer, həm "Front end”, həm də "Back end” developerin işini eyni anda görən adama deyilir.

İlkin olaraq developerlər haqqında qısa bölgüyə nəzər saldıq. Ancaq çox təəssüf ki, ölkəmizdə bu anlayışı qəbul edən kifayət qədər developer və müştəri yoxdur. Azərbaycanda "Front end” developerin işini, "Back end” developerə, eləcə də bunun əksini edən müştərilər, yaxud daha çox pul qazansın deyə texniki bilikləri olmadığı halda bütün işi öz üzərinə götürən developerlər mövcuddur. Belə halda isə həm müştəri narazı qalır həm də işi götürən developer xətaları düzəltməkdən və sifarişləri yerinə yetirməkdən özü bezir. 

Belə bir vəziyyətdə Azərbaycanda peşəkar səviyyədə "Front end” yaxud "Back end” developer necə olmaq olar?

Nəzərə alsaq ki, hər gün, daha doğrusu hər saat inkişaf edən rəqəmsal iqtisadiyyatın bir parçası olmaq günümüzdə artıq mütləq bir hal alıb. Azərbaycanda kifayət qədər developer və proqramçının yetişməməsi, orta məktəbdə və universitetdə bu sahəyə kifayət qədər diqqətin olmaması, ölkəmizin digər MDB ölkələri ilə müqayisədə geri qaldığını açıq-aydın göstərir.

Azərbaycanda olan developerlərin böyük əksəriyyəti isə bugünə qədər öyrəndiklərini internet resursları, forumlar və YouTube üzərindən əldə ediblər. Amma bir mütəxəssis kimi yetişməkdə və bir web layihənin hazırlanmasında sizə lazım olan bütün bilikləri öyrədə biləcək, bir akademiya haqqında məlumat vermək istəyirik. Cəmi 1 illik kurs keçməklə Azərbaycanda da kifayət qədər texniki biliyə sahib olub, proqramçı olmağın mümkünlüyündən xəbəriniz varmı? Nəzərə alsaq ki, bugün developerliyin sirrlərinə yiyələnən şəxs aylıq ortalama 1000-1500 manat qazanır. Nəzərə alsaq ki, qloballaşan və rəqəmsallaşan dünyaya inteqrasiya üçün şirkətlər öz web səhifələrini hazırladır. Əgər peşəkar bir proqramçı kimi gələcəyinizi qurmaq istəyirsinizsə bu proqrama mütləq nəzər salın.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook artıq sizi arxanızdan tanıyacaq

Facebook proqramistləri tərəfindən yaradılan yeni alqoritm insanın fotosundan onun saç stilini, çiyi..

×