Həftənin ən yaxşı iOS oyunları (12 Fevral)

08.05.2017 0 PAYLAŞIM 5606 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.

Ketchapp Winter Sports

Öz sadə oyunları ilə məşhur olan Ketchapp studiyası, yeni oyunu Ketchapp Winter Sports-u təqdim edib. Bu oyunda siz bir neçə qış idman növündə iştirak edəcəksiniz. İlk öncə oyunçu öz bacarıqlarını xizək idman növündə sınayacaq. Xizək oyun səviyyəsi, sürətli yol və sonda böyük bir tramplindən ibarətdir. Həmin tramplin vasitəsilə oyunçu yüksək hündürlüyə tullanmaq imkanı qazanacaq. Əgər xizək növündə əsas məqsəd ən uzun məsafəyə tullanmaqdırsa, konkisürmədə isə ən yaxşı vaxt nəticələrini qazanmaq lazım gələcək. Maraqlısı ondadır ki, snoubort növündə iki rejim təqdim olunub. Onlardan birində tramplindən tullanaraq müxtəlif fəndlər, digərində isə dəmir maneələr üzərində müxtəlif fəndlər etmək lazım olacaq. Oyunda qazanılmış bütün xallar və nailiyyətlər yazılaraq yaddaşda qalır. Həmin göstəricilərdən təkcə sizin liderlər lövhəsindəki yeriniz deyil, həmdə şəxsi kubok saylarınız asılıdır. Hər bir qazanılmış kuboka görə sizə kristallar veriləcək. Həmin kristalları həmçinin oyun və reklamlara baxan zaman qazanmaq olar. Kristallar vasitəsilə isə oyundaxili mağazada bir çox personajları və onlar üçün geyimləri aktiv etmək mümkündür. Oyunu burdan yükləyə bilərsiniz.

Yobot Run

Oldschool qrafikaya sahib olmasına baxmayaraq sözügedən oyun çox keyfiyyətli şəkildə hazırlanıb və diqqəti özünə cəlb edir. Robotların istehsalı ilə məşğul olan zavod, böyük təhlükə qarşısındadır. Belə ki, zavodda böyük qəza baş verib və bütün sistemlər yenidən işə salınmalıdır. Digər bütün robotların nasazlıqdan əziyyət çəkdikləri halda Yobot adlı cəsur robot özünü təhlükəli macəraya hazırlayır. Maraqlı özəllik isə ondan ibarətdir ki, təhlükəni aradan qaldırmaq üçün uzun yola çıxacaq robot heç də super təkmilləşdirilmiş bir robot deyil. O yalnız iki şeyi bacarır. İkiqat tullanmağı və yerində dayanmağı. Bəli gülməli səslənə bilər. Lakin nəzərə alsaq ki, robot daimi hərəkətdədir, ara-sıra hərəkətsiz şəkildə yerində dayanmağın öz müsbət cəhətləri var. Texniki tərəfdən robot heç nəyə sahib olmasa da bizim köməyimizə müxtəlif gücləndiricilər gələcək. Həmin gücləndiricilər müəyyən vaxt çərçivəsində çalışır. Bunların arasına üçqat tullanmaq, möhkəmılik və s. daxildir. Ümumilikdə oyun, 30 səviyyədən bir qədər çoxdur. Lakin hər bir səviyyəni keçmək elə də asan deyil. Hər yeni səviyyəyə aparan qapının açarını tapmaqdan əlavə, birinci həmin qapıya çatmaq lazımdır. Maneələrə və ya tələlərə edilmiş kiçik bir toxunuş belə, robotu sıradan çıxarda bilər. Oyunu burdan yükləyə bilərsiniz.