İnteraktiv incəsənət və elm akademiyasının rəhbərliyi bildirib ki, məşhur yaponiyalı gamedizayner, prodüsser və o cümlədən oyun sektorunun stealth janrı ilə Metal Gear oyun seriyasının yaradıcısı olan Hideo Kojima AIAS-ın (Acadmy of Interactive Arts & Sciences) şöhrət zalına daxil ediləcək oyun sektorunun 21-ci iştirakçısı olacaq. Bununla akademiya onu oyun sektoruna bəxş etdiyi tövhələrə görə mükafatlandırmaq istəyir.
"Hideo Kojima-nın fantastik işləri oyunlar arasında kinematoqrafik hekayələrin yaranmasında və oyunçuların bilavasitə onlarda iştirak etməsində böyük inkişafa səbəb oldu. Hamı tərəfindən sevilən və hörmət bəslənilən gamedizayneri şöhrət zalına daxil etmək akademiya üçün böyük qürur hissidir. Hideo Kojima həmişə gələcəyə nəzər yetirən insanlardandır. Biz səbrsizliklə onun D.I.C.E. sammiti çərçivəsindəki səhnə çıxışını gözləyirik" - deyə akademiyanın prezidenti Martin Rae bildirib. Mükafat 18 fevral tarixində Las-Veqas şəhərində keçiriləcək D.I.C.E. sammiti zamanı rejissor, prodüsser, ssenarist və yazıçı olan Guillermo del Toro tərəfindən veriləcək. Qeyd edək ki, İnteraktiv incəsənət və elm akademiyasının şöhrət zalına Rockstar Games-in təsisçiləri Dan və Sam Houser, Epic Games-in baş direktoru Tim Sweeney, Valve şirkətinin direktoru Gabe Newell, BioWare studiyasının təsisçiləri Ray Muzyka, Greg Zeschuk və oyun sektorunun digər məşhur simaları daxil edilmişdir.
Şərh yoxdur