"John Wick Chapter 2" (İCMAL)
Digər
07.05.2017
Farid Pardashunas
2014-cü ildə məşhur aktyor Keanu Reeves-in ("Matrix” film
seriyası) iştirakı ilə "John Wick” filmi böyük ekranlara çıxmışdı. 20 milyonluq
büdcə ilə çəkilmiş action janrlı film, həmin vaxt çox təəccübləndirmişdi. Belə
ki, o, izləyicilərin və tənqidçilərin müsbət rəylərini almaqla yanaşı həmdə
maddi cəhətdən də uğurlu olmuşdu. Baxmayaraq ki, filmin süjet xətti banal qisas
üzərində qurulmuşdu, o, izləyiciləri ilk dəqiqələrdən özünə cəlb edirdi.
Birinci filmdə söhbət "Boogeyman” ləqəbli muzdlu qatil John Wick-dən gedirdi.
Ona edilmiş səhvlərin müqabilində o öz qisasını alırdı. Təbii ki, birinci
filmin belə uğur qazanmasından sonra onun ikinci hissəsinin çıxışı sadəcə zaman
məsələsi idi. Və nəhayət ki, bu baş verdi. Belə ki, bu böyük ekranlara "John
Wick Chapter 2” filmi çıxdı. Əslində birinci hissəsi uğurlu olmuş bu cür filmlərin
ikinci hissəsini də uğurlu etmək heçdə çətin deyil. Sadəcə olaraq birinci filmdə
uğurlu olmuş xüsusiyyətləri və keyfiyyətləri ikiqat artırıb onları daha üst səviyyəyə qaldırmaqla film artıq insanların rəğbətini qazanacaq. İkinci filmdə bunu görmək
elə də çətin deyil. İkinci filmin ssenaristləri çox da uzağa getməyərək yenidən
filmin əsas mövzusunu qisas etdilər. Lakin bununla yanaşı maraqlı bir sıra
xüsusiyyətləri də əlavə etdilər. Əgər yadınızdadırsa birinci filmdə muzdlu
qatillərin dincəldikləri mehmanxana var idi və həmin mehmanxanada bütün ödəmələr
qızıl pullarla edilirdi. Bu mövzu, ikinci filmdə daha böyük miqyas aldı. Belə
ki, məlum olur ki, əslində bu cür mehmanxanalardan bütün dünyada var və söhbət
muzdlu qatillər kontingentindən gedir. Yəni, filmin yaradıcıları birinci filmdə
bir növ onun öz simasını yaratdılar və ikinci filmdə onun görünməyən tərəflərini
təqdim etdilər.
Təbii ki, birinci film ilə müqayisədə ikinci filmdə atışma,
döyüş və digər action səhnələr daha yüksək keyfiyyətdə və ikiqat həyəcanlı şəkildə
təqdim olunublar. Bunu Keanu Reeves-in film öncəsi məşq videolarından da hiss
etmək olardı. Filmin yaradıcıları, birinci hissənin uğurlu olmasını görüb
ikinci filmin büdcəsini artırdılar və beləliklə hadisələr bir yerdə cərəyan etmədi.
Belə ki, ikinci filmin müəyyən bir hissəsi Romada cərəyan edir və orada təqdim
olunmuş səhnələr (əsasən də döyüş və atışma səhnələri), izləyiciləri mütəmadi
olaraq həyəcan içərisində saxlayır. Filmin ikinci yarısında aktyor Laurence
Fishbourne-nun ("Matrix” film seriyası) ortaya çıxması, filmə bir başqa şarm
qatır. Əgər yadınızdadırsa bu iki aktyor vaxtı ikən "Matrix” film seriyasının hər
3 hissəsində bir yerdə rol almışdılar. Və onları yenidən bir yerdə yeni filmdə
görmək, istər-istəməz nostalji hislərin oyanmasına gətirib çıxardır. Ümumilikdə
yekun nəticə üçün demək olar ki, indiki vaxtda bir çox action filmlərin əsas
problemi ondan ibarətdir ki, onlar tez unudulurlar. Çünki onların öz simaları
olmur. Lakin "John Wick” onların
siyahısına aid deyil. Bəli, süjet xətti kimin üçünsə banal görünə bilər. Hətta
kimsə deyə bilər ki, biz artıq buna bənzər filmləri çox görmüşük. Lakin "John
Wick” məhz öz simasının və daxili dünyasının yaranmasına görə digər bu tərz
filmləri üstələyir. Bundan əlavə olaraq ikinci filmin son kadrları, bizə 3-cü
hissənin də mütləq olacağına işarə edir. Əgər siz John Wick-in ikinci filmdəki
itinin başına son olaraq nələrin gələcəyini bilmək istəyirsinizsə onda bu filmi
mütləq izləməlisiniz. Hər-halda it, sizləri maraqlandırmasa belə bu filmə vaxt
ayırmağa dəyər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)