main-post-cover

    Kompüter oyunlarını oynamağın 5 əsas səbəbi

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir neçə il bundan öncə kompüter oyunları teatr və filmlər kimi incəsənətin bir növü qəbul edildi. Müasir insanların gözündə kompüter oyunları artıq sadə və primitiv əyləncə növü olmaqdan çıxmışdır. Buna baxmayaraq oyunları tənqid edən bir çox adama da rast gəlmək mümkündür. Onları hər dəfə "boş zaman sərfi”, "asosial davranışın dəstəklənməsi” və "zorakılığın yüksək olması” ilə bağlı ittiham edirlər. Lakin bütün bunlara baxmayaraq oyunlar real dəyər kəsb edirlər. Söhbət burda təkcə incəsənət növündən getmir. Onlar oyunçulara sözün əsl mənasında xeyir verə bilərlər. Sizlərə hər bir yaş qrupu insanın kompüter oyunlarını oynamalı olduğu 5 ciddi səbəbi təqdim edirik.
    Oyunlar öyrənməyə yardımçı olurlar
    Videooyunlar özlərində təhsil xüsusiyyətini daşıya bilərlər. Məsələn balaca uşaqlara riyaziyyatı, oxumağı və qıərar qəbul etməyi öyrədən bir çox maarifləndirici oyunlar mövcuddur. Oyunlar orijinal dildə oynanılan zaman yaxşı ingilis dili öyrədicisi rolunu daşıyırlar. Sonda isə, hadisələrin keçmişdə baş verən oyunlar insanlara tarixdə olmuş real hadisələr və şəxsiyyətlər barəsində məlumat verir.
    Oyunlar kritik düşünmə bacarıqlarını təkmilləşdirir
    Tapmacalardan və məntiqi tapşırıqlardan ibarət oyunlar oyunçunun kritik düşünmə tərzini inkişaf etdirir və onu daha kreativ edir. Məsələn məşhur Portal oyununu inkişaf etmiş məkan düşüncəsi olmadan keçmək qeyri-mümkündür. The Talos Principle tərzdə olan fəlsəfi tapmaca oyunları isə oyunçunu beynini işlətməyə məcbur edir və həyat, varolma kimi məsələlərə toxunur. Sonda isə bir çox RPG (Role Playing Game) janrlı oyunlar isə oyunçuya oyunda qəbul etdiyi qərarların nəticələrini öncədən hesaba almağı öyrədir. Buna misal olaraq Witcher 3 oyununu gətirmək olar. Sözügedən oyun indiyənə kimi istehsal olunmuş ən yaxşı oyunlardan biridir. Bu oyunda alınmış hər bir qərarın nəticəsi oyunun süjet xəttinə öz təsirini göstərərək onun finalını bir qədər dəyişir.
    Oyunlar tez hərəkət etməyi öyrədir
    Artıq edilmiş bir çox araşdırmalara görə gamerlər daha sürətli reaksiyaya sahib olurlar və kritik vəziyyətlərdə özlərini tez bir zamanda ələ ala bilirlər. Shooter janrlı oyunlar oyunçunu bir saniyə ərzində qərar qəbul olunmasını öyrədir. Təəccüblü səslənsə də bu tərz oyunlar tədaqüdçülər üçün əla vasitədir. Belə ki, shooter janrlı oyunları oynayan yaşlı adamlar öz həmyaşıdları arasında daha yaxşı hərəkət koordinasiyasına sahib olurlar.
    Oyunlar hərəkət aktivliyini stimullaşdıra bilər
    Gamerlərin hərəkətsiz həyat tərzi sürmələri fikri artıq geridə qalıb. Təbii ki, bunun üçün əlavə cihazlara sahib olmaq lazımdır. Məsələn Nintendo Wii konsolunun bir çox oyunları oyunçudan ekran qarşısında daim hərəkətdə olmasını tələb edir. Qeyd etmək lazımdır ki, digər konsollardada bədən hərəkəti üçün nəzərdə tutulmuş xüsusi cihazlar mövcuddur. Buna misal olaraq Xbox Kinect-i gətirmək olar.
    Oyunlar əyləndirir və ilhamlandırır
    Oyunlar, ölçüləri sözlə ifadə edilə bilinməyəcək böyüklüyündə bir dünyadır. Bu dünyada hər bir insan özünəməxsus məşğuliyyət tapa bilər. Bəzilərini tapmaca, bəzilərini shooter bəzilərini isə tamamilə fərqli janrlı oyunlar maraqlandıracaq. Bir çox oyunların süjet xətləri, yaxşı kitab və ya filmlərdən heçdə geri qalmır. Bütün bu müxtəliflik insanları nəinki əyləndirə, həmçinin onları nəsə böyük bir şey yaratmaqda ilhamlandıra bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər