
Mars-da və Ay-da tərəvəzlər yetişdiriləcək
Digər
07.05.2017
Farid Pardashunas
Hollandiyalı alimlər Mars-ın və Ay-ın torpağına bənzər nümunələrdə tərəvəzlər yetişdirməyə nail olublar. Bu isə o deməkdir ki, həmin kosmik obyektlərdə yaşayacaq ilk insanlar aclıqdan əziyyət çəkməyəcəklər. Bioloqlar təcrübənin ilkin mərhələsini bitiriblər (təcrübənin əsas məqsədi digər planetlərdə kənd təsərrüfatını inkişaf etdirməkdir). Onlar Mars və Ay torpaqlarını imitasiya edən nümunələrə 10 növ tərəvəz və taxıl yerləşdiriblər. Yarım il sonra isə nəticələrə nəzər yetiriblər. Nəticələr isə öz növbəsində yaxşı olub. Pomidor, çovdar, turp, noxud, ispanaq, yaşıl soğan, kinoa və iki növ digər qida bitkisi uğurlu şəkildə yetişərək adi şəraitdə yetişdirilmiş tərəvəzlərdən heç nə ilə fərqlənməyib.
Təcrübə üçün torpaq nümunələri NASA laboratoriyasında hzırlanmışdır. Mars nümunələri üçün torpaq Havay vulkanından, Ay nümunələri üçün torpaq isə Arizona səhrasından götürülmüşdür. Tərəvəzləri mütamadi temperatur, rütubət və işıqlandırma nəzarəti altında xüsusi parniklərdə yetişdiriblər. Güman olunur ki, digər planetlərdə yaşayacaq insanlar da tərəvəzləri kosmik radiasiyadan qorumaq üçün onları bu cür yetişdirəcəklər. Bioloqlar yad planet torpağının bərəkətli olması üçün orqanik və qeyri-orqanik tullantılardan xüsusi kokteyl hazırlayıblar. Lakin əsas problem ondan ibarətdir ki, bu üsul ilə yetişdirilmiş tərəvəzlər yeməli deyil. Belə ki, onların tərkibində yüksək miqdarda ağır metallar və dəmir var. Bu ilin aprel ayında alimlər təcrübənin yeni mərhələsinə start verəcəklər. Güman olunurki yeni mərhələdə onlar bu problemin həllini tapa biləcəklər.
Linki kopyala
Həftənin xəbərləri

