main-post-cover

    "Minifutbol.az" vasitəsilə futbol oynamaq üçün stadionları online seçmək mümkün olacaq.

    Digər
    07.05.2017
    Farid Pardashunas
     

    2 iyul tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində "minifutbol.az" layihəsinin təqdimat mərasimi keçirilib.

    Layihənin marketinq meneceri Murad Talıblı layihə və sayt haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra layihənin rəhbəri Orxan Rzazadə saytın işləmə prinsipi, funksiyaları haqqında detallı məlumatı iştirakçılara çatdırıb. Rəsmi hissədən sonra qonaqları maraqlandıran suallar komanda üzvləri tərəfindən cavablandırılıb. 6 gəncdən ibarət komandanın birlikdə ərsəyə gətirdiyi startup fevral ayından etibarən Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən də dəstəklənir.

    Layihənin rəhbəri Orxan Rzazadə layihənin önəmini belə izah edir:
    "Gənclər boş zamanlarını çox vaxt futbol oynayaraq keçirməyə üstünlük verirlər. Bunun üçünsə onlar süni örtüklü meydançalara üz tuturlar. Süni örtüklü meydançalarla bağlı isə internetdə məlumat çox az, hətta yox səviyyəsindədir. "Minifutbol.az" layihəsi ilk növbədə bu məlumat azlığının qarşısını alacaqdır. Belə ki, sayta daxil olan istifadəçi Bakı, Abşeron, Sumqayıt ərazilərində yerləşən stadionlar haqqında ətraflı məlumat ala biləcək, onların şəkilləri, şəraiti ilə tanış ola biləcəkdir. Digər bir problem isə stadionlarda boş vaxt tapmaq problemidir. Boş stadion tapmaq üçün bəzən futbol həvəskarları bir neçə menecerə zəng vurmağa məcbur qalır və bu həm vaxt alır, həm də müəyyən məbləğdə xərc tələb edir. "Minifutbol.az" saytına daxil olan istifadəçi isə, seçdiyi stadionun boş saatlarına baxa biləcək, həm də boş saatları onlayn rejimdə plastik kart vasitəsilə ödəniş edərək satın da ala biləcək. Bununla istifadəçi həm vaxtına qənaət etmiş olacaq, həm də satın aldığı hər oyun ona əlavə bonuslar qazandıracaq ki, gələcəkdə o həmin bonusları həm oyunlara həm də müxtəlif hədiyyələrə dəyişmək şansı qazanacaqdır.”

    Sayt həm də stadion sahiblərinin işini xeyli dərəcədə asanlaşdırır. Belə ki, artıq gələn hər sifarişi dəftərə qeyd etməyə ehtiyac qalmır, hər şey onlayn rejimdə həyata keçirilir. Üstəlik bunun üçün kompüterə də ehtiyac yoxdur, istənilən smartfonla bunu etmək mümkündür. Digər tərəfdən stadionlarda adətən eyni şəxslər oynayırlar, sayt vasitəsilə isə onlar yeni müştərilər qazanmış olacaqlar.
    Gənclərin sözlərinə görə, layihə bununla bitmir və müxtəlif istiqamətlərdə genişləndirilməsi nəzərdə tutulmuşdur. Belə ki, gələcəkdə oyunların internet üzərindən canlı nümayişi, çempionatların təşkili və s. nəzərdə tutulmuşdur.

    Linki kopyala