main-post-cover

    Instagram-ı kompüterdə Bluestacks olmadan istifadə etmək

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Instagram istifadə edən bir çox insan Instagram-ın web versiyasındakı funksiyaların azlığı səbəbindən öz kompüterlərinə Bluestacks adlanan android emulyatorunu yükləmək məcburiyyətində qalırlar. Bu isə öz növbəsində həddindən artıq böyük güc tükədən Bluestacks-ın kompüterə yük salmasına, kompüterin donmasına və s. kimi problemlərə gətirib çıxarırdı.
    Technote.az olaraq bu məsələyə kiçik də olsa həll yolu olaraq gördüyümüz bir Google Chrome plaqini ilə sizləri tanış etmək istəyirik. Əvvəlcədən xəbərdarlıq etmək istəyirik ki bu plaqin Instagram-ın rəsmi olaraq hazırladığı plaqin deyil və bir müddət sonra istifadəsi dayandırıla bilər. Plaqin bir agentlik tərəfindən hazırlanıb və Technote.az olaraq plaqinin hesabların şifrələrinin oğurlanması barədə təhlükəli ola biləcəyini və ya nə vaxtsa hücuma məruz qala biləcəyini vurğulamaqda fayda görürük. Lakin özümüzün də sınaqdan keçirdiyimiz bu plaqinin işlədiyini və funksionallığının bizim üçün kifayət etdiyini bildirmək istəyirik. Əlavə etməliyik ki, plaqindən istifadə edərkən daxil etdiyiniz email və şifrə Instagram API-lərinə qoşulmaq üçün standart məlumatdır. Bu məlumatın plaqinin serverində saxlanılıb-saxlanılmaması isə maraqlı və qaranlıq detaldır.
     
    Plaqində Instagramın mobil versiyasında mövcud olan mesajlaşma yəni Direct funksiyası mövcuddur. Instagram istifadəçilərinin çoxu web versiyada olmayan bu xüsusiyyətdən əziyyət çəkdikləri üçün tətbiqi əlavə emulyatorlar vasitəsilə yükləməli olurdular.
     
    Lakin sözünü etdiyimiz plaqini yüklədikdən sonra Chrome-un sağ yuxarı küncündəki Instagram iconuna klikləyərək direkt mesajlarını oxuya və cavablandıra bilərlər. Eyni zamanda plaqinə daxil olaraq bildirişləri görə, gələn izləyici təkliflərini qəbul və ya rədd edə, hekayələrə baxa və paylaşımları bəyənərək, şərh yaza bilərsiniz. Standart Instagram xüsusiyyətlərindən olan şəkil/video paylaşım etmək hələki bu plaqində yoxdur. Yaxın zamanda bu funksiya da əlavə edilsə bu plaqin Instagram istifadəçiləri üçün əvəzedilməz bir Bluestack alternativi olacaq.

    NextThing Apps tərəfindən hazırlanan bu plaqin, Instagramın Web versiyasına əlavə kimi işləyir və bir neçə xüsusiyyəti də elə web versiyanın özünə əlavə edir. Belə ki, bu plaqin istifadə edilən Chrome brauzerində Instagram-ın Web versiyasında şəkilləri birbaşa kompüterə yükləmək mümkündür. Eyni zamanda web versiyada hazırda mövcud olmayan Hekayələr (Stories) bölməsi də meydana çıxır və başqalarının hekayələrinə baxmaq mümkün olur.
    Plaqini Google Chrome brauzerinizə buradan yükləyə bilərsiniz. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər