

Pirat oyunlar sahəsinin məşhurlarından biri olan 3DM Çin təmsilçiləri bir illik müddətinə bu sahədən çəkilirlər. Nəzərinizə çatdıraq ki, sözügedən komanda hal-hazırda oyunların sındırılmasına qarşı yönəlmiş ən güclü sistem hesab edilən Denuvo ilə qorunan bir sıra oyunların sındırılması sayəsində məşhurlaşmışdır. 3DM-in başçısı bu qərarın səbəbi kimi onların PC oyun bazarına necə təsir edəcəklərini qiymətləndirməyi göstərib. Onun sözlərinə görə komanda 1 ildən sonra öz planlarını açıqlayacaq. O vaxta kimi isə onlar PC oyun bazarında satışların necə getməsini müşahidə edəcəklər. 3DM-in 1 illik fasiləsi artıq bu gündən qüvvəyə minir. Təbii ki, bu cür qərarın qəbul edilməsində əsas səbəblərdən biri də Denuvo sistemi olub. Hələ keçən ay 3DM bildirmişdi ki, bu sistem onlar üçün əsl problemlər yaradıb. Sözügedən sistemdən istifadə edən oyunları sındırmaq sözün əsl mənasında qeyri-mümkün olub. Qeyd edək ki, yeni çıxan oyunlardan FIFA 16, Just Cause 3 və Rise of the Tomb Raider Denuvo qoruma sistemindən istifadə edirlər.
Şərh yoxdur