main-post-cover

    Python ilə Proqramlaşdırma kitabı nəşr olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Azərbaycanda ilk dəfə Python proqramlaşdırma dili ilə bağlı öz dilimizdə kitab nəşr edilib.

    Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır. Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.
    Bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

    Kitabın müəllifi Kərim Tahiroğlu qeyd edir ki:
    "Əslində proqramlaşdırma ilə bağlı bir kitab yazmağı mən çoxdan istəyirdim. Çünki indiyə qədər öyrəndiyim proqramlaşdırma dillərini əsasən ingilis və rus dilli mənbələrdən öyrənmişəm. Və hər dəfə də belə kitablar əlimə keçəndə arzulamışam ki, kaş bizim dildə də bu cür kitablar olaydı… İnsaf xatirinə onu da qeyd edim ki, daha sonra Azərbaycan türkcəsində də proqramlaşdırmaya dair kitablara rast gəldim. Amma bu kitabların böyük əksəriyyəti sanki oxucuları yola vermək üçün yazılmışdı. Və belə olan halda mən düşündüm ki, əgər başqalarının kitablarını bəyənmirəmsə niyə də özüm bir kitab yazmayım.
    Ümumiyyətlə proqramlaşdırmaya dair kitabları əsasən iki qismə bölmək olar: məlumat kitabçaları və özü öyrənənlər üçün dərs vəsaitləri. Məlumat kitabçası mahiyyətində olan kitablarda hər şey var, amma bu hər şey yeni başlayanlar üçün demək olar ki, heç nə vermir. Çünki bu cür kitablarda mövzular öyrətmək məqsədilə sıralanmır, sorğu və məlumat kitabçalarının ruhuna uyğun şəkildə yerləşdirilir. Yeni başlayanlar üçün bu kitablar yaramır. İkinci kateqoriya kitablar isə, yəni özü öyrənənlər üçün nəzərdə tutulan dərsliklər yeni başlayanlar üçün daha münasib hesab olunur. Amma burda da çox zaman bir əmma ortaya çıxır. Belə ki, özü öyrədən kitabların dili əksər vaxt çox qəliz olur, oxuyursan oxuyursan çətin başa düşürsən və bir müddət sonra sənə bu proqramlaşdırma o qədər qəliz gəlməyə başlayır ki, artıq onun daşını atmağı düşünürsən…
    Mən isə proqramlaşdırma kitabları haqda məsələyə daha fərqli yanaşıram. Əgər məqsəd öyrətməkdirsə, o zaman niyə bunu sadə dillə etməyək? Axı bu kitablar sadə insanlar üçün yazılır, onlar bundan istifadə edəcək. Lakin əksər kitabların dili akademikdir. Müəlliflər sanki özlərini akademik dairələrə, öz həmkarlarına göstərməyə çalışırlar ki, baxın mən də elmi cümlələr qura bilirəm, mən də bol-bol terminologiyadan istifadə etməyi bacarıram və s. Və nəticədə bu elmi dairələr və həmkarlar bu kitablardan razı qalır, amma sadə oxucular bu kitaba pul verdiklərinə peşman olurlar. Bax elə buna görə də mən düşünürəm ki, proqramlaşdırma kitabı çox sadə bir dil ilə öz oxucusuna müraciət etməlidir. Cümlələr qısa və aydın olmalıdır. Oxucu isə oxuduğu hər cümləni rahatlıqla anlamalı və tətbiq edə bilməlidir. Və başqa önəmli bir məqam da o olmalıdır ki, izah edilən mövzular yalnız sadədən mürəkkəbə doğru düzülməsin, həm də onlar izah olunarkən o an üçün lazım olan biliklər verilsin, oxucu da informasiya yığını altında qalıb əzilməsin.
     
    Bütün bu deyilənləri nəzərə alaraq mən də məhz belə bir kitab yazmağa qərar verdim ki, proqramlaşdırmanı öyrənmək istəyənlər bundan sonra yarı yolda qalmasınlar. Bu kitabı yazarkən çalışdım ki, indiyə qədər oxuduğum ən yaxşı kitablar, pedaqoji fəaliyyətimdə istifadə etdiyim tədris metodları və eləcə də gündəlik peşəkar həyatımda tətbiq etdiyim bacarıqlar bu tədris vəsaitində öz əksini tapsın və Sizə də faydalı olsun…"
    P.S. Müəllif qeyd edir ki, kitab eksklüzivdir və hazırda kitab mağazalarında satışda deyil. Kitabı əldə etmək istəyənlər 0502189140 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kuryer və ya poçt vasitəsilə kitab Azərbaycanın istənilən bölgəsinə çatdırıla bilər. Çatdırılma daxil kitabın qiyməti 22 manat təşkil edir.
    Linki kopyala