Ringbrothers komandası üzyırtan V8-i və unikal dizaynı ilə daim avtomobil həvəskarları ilə yanaşı adi insanların da diqqətini cəlb etməyi bacaran \'65 Mustang Fastback-i yeniləmək qərarına gəlib və nəticədə Mustang Fastback SPLITR yaranıb
Eksteryerində qırmızı və qara cizgilərin üstünlük təşkil etdiyi avtomobilin kapotu çəkini azaltmaq məqsədi ilə karbondan hazırlanıb. Öndə 19 arxada isə 18 düym olmaqla gözəl dizayna sahib Nitto disklərlə bəzədilən avtomobilin şinləri də eyni markanın məhsuludur.
Ön hissədə Mustang-ın klassik xrom bamperi əvəzinə üzərində çoxsaylı hava çıxışları olan daha böyük bir bamper yerləşdirilib. Arxaya doğru B sütünu ilə başlayan aerodinamik qıvrımları isə sonda kiçik ölçülü spoyler tamamlayır.
Recaro-nun rahat oturacaqları ilə sürücünü salamlayan avtomobilin interyerinə çoxsaylı dəyişikliklər edilməsinə baxmayaraq Mustang havası yenə də aydın hiss olunur. Avtomobilə Kenwood səs sistemi, ayağa rahat oturan yarış pedallarından əlavə yeni sükan və dəri parçalar da əlavə olunub.
Bəs mühərrik? Hə, gələk əsas məsələyə Mustang Fastback SPLITR-ın kapotunun altında nəhəng 7 litr V8 yatır. Təəssüf ki, Ringbrothers at gücü göstəricisi ilə bağlı dəqiq məlumat vermir amma deyilənə görə avtomobil ən azından 500 at gücü hasil edə bilir. Hansı ki, belə bir maşın üçün heç də təəccüblü deyil.
Yeni Mustang Fastback SPLITR hər-bir kiçik detalına qədər xüsusi zövqlə bəzədilib. 7 litr V8-i və Ford Yarış qırmızı boyası ilə də yırtıcılığını nümayiş etdirir. Amma hər şeydən öncə o üzərindəki əlavələrə baxmayaraq hələ də 65-ci ilin klassik Mustang-ı olduğunu göstərə bilir.
Şərh yoxdur