Root nədir? Onun faydaları və ziyanları nələrdir?

Root nədir? Onun faydaları və ziyanları nələrdir?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Android bütün kodlarını açıq etməklə istifadəçilərə onun üzərində dəyişiklik etməyə icazə verir. Developerlərin işinə yarayan bu xüsusiyyət sayəsində əməliyyat sistemi üzərində istədikləri dəyişiklikləri edirlər. Amma təbii ki, bu bütün istifadəçilərə aid deyil. Çünki, heç bir firma cihazın gizli qalmış, işimizə yarayacaq əməliyyatları toplanmış hissəsinə girməyə icazə vermir. Bu icazə "Root Access" adlanır. Hətta Google firması belə öz cihazlarında bu hissəni daim bağlı saxlayır. Amma bəzən biz telefonun daha çox funksional olmasını istəyirik, onu dəyişdirmək, zövqümüzə uyğun etmək istəyirik. Bu məqaləmizdə bunların necə edildiyi, root əməliyyatının nə olduğu, onun faydaları və ziyanlarından danışacağıq...
 

 
ROOT NƏDİR?
"Root" sözü əslində mənşə etibarilə Androidin də aid olduğu Linux dünyasından gəlir və bu sistemdə ən səlahiyyətli istifadəçi (Super User) anlamına gəlir. Windows sistemində biz bunu "administrator" olaraq tanıyırıq. Telefonda root əməliyyatını aparmaq da məhz sizə bu xüsusiyyəti qazandırır. Telefonda istədiyiniz əməliyyatı edə bilmək, onu dəyişdirmək, yəni qısacası sistem üzərində bütün əməliyyatları edə biləcək super istifadəçi statusuna sahib olursunuz. Bu status sizə telefona yeni sistemlər yazmaq, istəmədiyiniz sistem proqramlarını silmək, telefonun proqram, imei, kontaklar və s. kimi sizə çox vacib olan məlumat bazasının ehtiyat nüsxəsini çıxamağa kömək edir. 
Yeri gəlmişkən onu da qeyd edək ki, telefonu root etmək və telefona Custom Rom yazmaq fərqli şeylərdir. Root sizə cihazınız üzərində istədiyiniz dəyişikliyi etməyə icazə verir. Custom Rom yazdıqda isə telefon bütünlüklə dəyişir. Yəni, yeni kernel, yeni android versiya, yeni recovery, yeni boot sistem yazılır. Bu isə başqa mövzudur.
 
 
 
Diqqət! Hər bir əməliyyat kimi root əməliyyatı da sadə və standart əməliyyatdır. Amma bütün dəyişimlər kimi onun da riskləri var. Səhv əməliyyat apardıqda, səhv faylı telefona flaşladıqda, əməliyyatı yarıda kəsdikdə, diqqətsiz davrandıqda telefonunuza böyük zərərlər dəyə bilər. Ona görə root etməmişdən qabaq bütün qaydaları diqqətlə oxuyun!
 
ROOT ƏMƏLİYYATININ FAYDALARI NƏLƏRDİR? NİYƏ TELEFONU ROOT ETMƏLİYƏM?
Bura qədər bəzi şeyləri izah etdik. Bəs niyə telefonu root edim? Niyə bu riskə girim? kimi suallarınıza cavab verməyə çalışaq. Yuxarıda qeyd etdiyimiz kimi root sizə cihazınızda istədiyiniz dəyişiklikləri etməyə icazə verir. Onların nə olduğuna nəzər salaq.
 
Sistem üzərində tam nəzarət..
Root əməliyyatının əsas özəlliyindən biri sistemin daha öncə çata bilmədiyiniz hissələrinə çatma və dəyişdirmə icazəsi verməsidir. Yəni sadəcə oxuma deyil, yazma və dəyişdirmə səlahiyyətlərinə sahib olursunuz. Bununla siz telefonda istəmədiyiniz və işlətmədiyiniz proqramları rahat silə bilərsiniz, yeni temalar yaza bilərsiniz, hətta sistem fayllarını belə silə bilərsiniz. Məsələn, telefonunuza twitter proqramı yüklü gəlibsə, istifadə etmirsinizsə və yaddaşda lazımsız yer tutursa rahat silə bilərsiniz.
 
Yeni Recovery yükləmə və Sistem Nüsxəsini çıxarma..
Əgər telefonunuzda root səlahiyyəti varsa, onda androiddə gələn hazır recovery (recovery-sistemi bərpa etmək və digər bəzi sistem açılışından əvvəl edilməsi lazım olan əməliyyatları edən hissə) yerinə ClockWorkMod və ya TWRP kimi daha faydalı recovery image fayllarını yükləyə bilərsiniz. Bu recoverylərin bütün detallarından danışmayacayıq. Amma sistem nüsxəsini çıxarmağı izah edək. 
Bilirsiniz ki, Google sizin telefonunuzda olan hesabları, kontakları, proqram tənzimləmələrini və s. daim öz serverlərinə sinxronizasiya edir. Yəni əməliyyat sistemini bir daha üst versiyaya yüksəltdikdə və ya başqa telefona keçdikdə rahat bu serverlərdən həmin məlumatları bərpa edirsiniz. Amma daim telefonunu qurcalayanlar, özəl romlar (Custom Rom) yazanlar, sistemi dəyişən proqramlar istifadə edənlər üçün bundan daha çoxu lazımdır.
Məhz bu nöqtədə həmin recoverylər bizim köməyimizə gəlir. Onların vasitəsilə hal-hazırkı sistemin bir image faylı yaradılır və SD karta köçürülür. Yəni sizin telefonunzda olan proqramlar, hesablar, tənzimləmələr və s. bu image faylının içində olur. Əgər nəsə bir şey səhv gedərsə, bu fayl vasitəsilə telefonu yenidən əvvəki halına qaytarmaq olur. Buna da Nandroid Backup deyilir.
 
Custom Romlar yükləmək..
Bəzən rəsmi firmalar telefona bir üst android versiya göndərmir və ya zamanın yeni versiyalarını öz telefonumuzda görmək istəyirik. Android açıq qaynaqlı kod olduğu üçün bir çox developerlər bundan istifadə etməklə öz romlarını yaradır. Məsələn, CyanogenMod, AOSP, Temasek və s. Bu romları telefona qurmaq üçün isə sizə mütləq root icazəsi lazımdır.
 
Dəyişik kernellər yükləmək..
Androidin Linux əsaslı olduğunu bilirik. İşlətdiyi kernellər də Linux kernelləridir. Romlar kimi kernellərin də dəyişdirilmiş versiyaları vardır.
Kernel Linux sistemində ən alt səviyyədəki əməliyyatları aparan hissədir.(Prosessor, Yaddaş tənzimləməsi, Proqram versiyaları və s.) Bunu dəyişdirərək əldə edə biləcəyimiz üstünlüklər belədir:
 
 
  • Prosessorun gərginliyini azaldaraq daha az batareya enerjisi sərf etmək
  • Prosessoru overlock edərək daha sürətli işləməsini təmin etmək
  • Çipin üzərində olmasına baxmayaraq kerneldə driveri olmadığı üçün istifadə edə bilmədiyimiz 720 HD videoları oxutmaq, FM Radio kimi xüsusiyyətləri aktiv etmək
  • Səs səviyyələrini nüvə səviyyəsində dəyişmək
Bu kernelləri yükləmək üçün mütləq root access olmalıdır.
 
Root icazəsi lazım olan proqramları istifadə etmək..
Yuxarıda sadaladığımız üstünlüklərlə yanaşı android marketdə və ya başqa mənbələrdə olan yararlı proqramlar vardır. Bu proqramlar root icazəsi istədiyi üçün sistemdən bunu istəyirlər və qarşımıza "SuperUser Request (Super İstifadəçi icazəsi)" pəncərəsi çıxır. Əgər təsdiqləsəniz, proqram root icazəsi ilə işləməyə başlayır.
 
İndi isə sizə bəzi yararlı, həmçinin mənim də istifadə etdiyim proqramlardan bəhs edək..
 
  • AutoKiller - Marketdəki digər proqramlardan fərqli olaraq bu proqramın etdiyi Android sisteminə daxil olan proqram idarəçisinin incə tənzimləmələrinə nüfuz edərək sistemin daha sürətli və stabil işləməsinə kömək etməsidir.
  • MetaMorph - MetaMorph əsas olaraq telefonda tema və fontların dəyişməsinə kömək edir. Bu proqram sayəsində sistem fontlarını, rənglərini, bildiriş çubuğunun rəngindən tutmuş ikonkalara qədər hər şeyi dəyişə bilərsiniz.
  • ROM Manager - Recovery flaşlama, yeni ROM yükləmə, Nandroid Backup etmə kimi özəllikləri olan standart iterfeysli proqramdır.
  • Root Explorer - Bu proqram bir qovluq tənzimləyicisidir. Amma digərlərindən fərqli olaraq burada sistem fayllarını da görə bilirsiniz. Onların icazə tənzimləmələrini dəyişə bilirsiniz. Qısacası bəzən hər hansısa proqramı manual yolla yazmaq istəyəndə məhz bu proqram lazım olur.
  • SetCPU for Root Users -  Bu proqram sayəsində prosessorun işləməsində dəyişiklik edə bilərsiniz. Onun sürətini azaltmaqla batareya qənaətini yaratmış olursunuz, ya da kernelinizin dəstəklədiyi səviyyədə overlock edərək daha sürətli performans qura bilərsiniz.
  • SuperUser - Bu proqram digər root tələb edən proqramlara root icazəsinin verilməsi və alınması üçündür. Root əməliyyatı apardıqda özü yüklənir.
  • Terminal Emulator - Bu, özbaşına root access tələb etməsə də telefonunuzdan linux əmrlərini çalışdırmağa, bir çox alt səviyyədə əməliyyatı kompyuterə qoşulmadan etməyə kömək edir.
  • Titanium Backup - Bu proqram sizin cihazınızdakı bütün məlumatların nüsxəsini alır. Digər proqramlardan fərqli olaraq bu proqram sistem proqramlarının da nüsxəsini çıxardır, onu geri yükləyir, eyni zamanda lazımsız sistem proqramları da daxil olmaqla bütün proqramları hər şeyi ilə sistemdən silir.
BƏS TELEFONU NECƏ ROOT EDƏCƏM?
Root əməliyyatı əslində çox asan və sadə əməliyyatdır. Amma telefon modellərindən fərqli olaraq bu əməliyyat da dəyişir. Bəzilərində sadəcə bir tuşa basmaqla, bəzilərində isə recovery-yə, bootloaderi unlock etmək, kompyuterdən bağlanaraq adb və fastboot əmrləri ilə bəzi faylları yükləmək kimi qarışıq əməliyyat ola bilir.
Əgər telefonunuzu root etmək istəyirsinizsə, yetərincə ingilis və rus dili səviyyəniz varsa, telefonunuzun modelini yazaraq araşdıra bilərsiniz. Türk dilində də bəzi məlumatlar olsa da, bəzən yetərli olmur. Bütün modellərin root etmə qaydası fərqli ola bilir. Ona görə də başqa model üçün yazılmış qaydaları qətiyyən tətbiq etməyin. Yazarın yazısını diqqətlə oxuyun, orada həmin əməliyyatın hansı modellərə aid olduğu yazılır. Bundan başqa telefonunuzun modelini yazaraq YouTube üzərindən də araşdırma edə bilərsiniz. Forumlara da diqqət yetirməyi unutmayın! Çünki digər bunu tətbiq edən istifadəçilərin də fikirləri sizin fikrinizin formalaşmasına təsir edəcək. Bu forumlardan biri olan forum.xda-developers.com saytını məsləhət görürəm.
 
BƏS ROOT ETMƏYİN MƏNFİ CƏHƏTLƏRİ HANSILARDIR?
Hər bir əməliyyat kimi bu prosesin də riskli yanları vardır. Root əməliyyatının mənfi cəhətləri isə bunlardır:
  • Cihazınızı daimi xarab edə bilərsiniz. Əgər root prosesi zamanı yanlış addım atsanız, əməliyyatı yarıda saxlasanız, səhv faylı flaşlasanız telefonunuz yana bilər. Buna hard brick deyirlər. Bu halda telefonunuzu həyata qaytarmaq mümkün olmayacaq. Bu çox nadir hallarda baş versə də, diqqətli olmaqda fayda var.
  • Cihazın zəmanəti itir. Bir çox hallarda root edərkən bootloader kilidi açılmış olur. Bu zaman istehsalçı tərəfindən qoyulan şərtlər pozulduğu üçün zəmanət müqaviləsi ləğv olunur. Hətta cihaza bu prosesin olub olmadığını, telefona Custom Rom yazılıb yazılmadığını ölçən sayğac da yerləşdirilir.
  • Təhlükəsizlik! Root edilmiş Android öz alt-sistemlərinə girişə icazə verdiyi üçün müxtəlif naməlum mənbələrdən cihazınıza root tələb edən tətbiqlər yükləmək ciddi təhlükəsizlik məsələlərinə gətirib çıxara bilər. Həmin tətbiqlər sizin cihazınızdakı məlumatları oxuya bilər, onlarına göndərə bilər və ya arzuolunmaz proses və servisləri cihazınızda emal edə bilər. Bu səbəbdən cihaza naməlum mənbələrdən root hüququ tələb edən tətbiqlər yüklənməsində çox diqqətli olmaq lazımdır!
BƏS ROOT EDİLMİŞ CİHAZI YENİDƏN ƏVVƏLKİ HALINA QAYTARA BİLƏRƏM?
Root edilmiş cihazı əvvəki vəziyyətinə qaytarmaq mümkündür. Buna root termininin əksi olan "unroot" prosesi deyirlər. Root zamanı tələb olunan təxmini eyni prosedurlarla cihazda root icazəsini ləğv edə bilərsiniz. Amma bəzən bu proses kifayət etmir. Root tamamilə cihazdan ayrılmır. Bu zaman istehsalçının təqdim etdiyi Stock Romları flaşlamaqla rootu arada qaldırmış olursunuz. Əgər unroot edib, bootloader kilidini də bağlamış olsanız, onu yenidən zəmanətli halına da qaytara bilərsiniz. Amma onu da qeyd edim ki, servislərdə telefonun məhz bununla bağlı olan sayğacı yoxlanır. Əgər oraya nəzər yetirsələr, zəmanətlə təmir edilməyə bilər.

 
ROOT QANUNİDİRMİ?
Root əməliyyatı tam qanunidir. Hər nə qədər istehsalçılar istifadəçiləri uzaq tutduqları, zəmanət vermədikləri bir proses olsa da Android cihazın root edilməsi bütün dünyada tam leqaldır. Çünki cihaza çox faydalı ola biləcək bəzi proqramlar var ki, onlar məhz root access tələb edir. Bu proqramlar hətta Google Play tərəfindən də dəstəklənir.
 
 
 
Diqqət! Root əməliyyatı yetərincə məlumatı olan istifadəçilərə tövsiyyə olunur. Əgər yetəri qədər məlumatınız yoxdursa etməyin! Telefonunuzda yarana biləcək hər hansı problemə görə yalnız siz məsuliyyət daşıyırsınız!
 
Bu məqaləmizdə sizə Root nədir? və onun faydalarını izah etməyə çalışdıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik! 
 


Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Silinən faylların bərpa olunması!

Bəzən bizim üçün çox önəmli olan məlumat geri qaytarılması mümkün olmayan şəkildə silinir. H..

×