main-post-cover

    Tibb sahəsindəki süni zəka startapı Babylon, 60 milyon dollar investisiya aldı (VİDEO)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Babylon adlı startapın yaratdığı süni zəka, xəstənin simptomlarını analiz edərək müəyyən hallarda hansı tədbirlərin görüləcəyini müəyyən edir.

    Bu ilin Yanvar ayından startapın yaratdığı süni zəka çat botu, İngiltərənin milli səhiyyə xidmətinin qaynar xəttində çalışır. Startap, süni zəka əsasında yaradılmış çat bot həkimin təkmilləşdirilməsi üçün daha 60 milyon dollar investisiya əldə edib. Süni zəka alqoritmi artıq mütəxəssis iştirakı olmadan xəstəliyi müəyyən edə və sağlamlıqla bağlı problemin nə dərəcədə real olduğunu müəyyənləşdirə bilir. Babylon-nun yaratdığı texnologiyadan bütün dünya üzrə artıq 800.000 insan istifadə edir. Startap, 2015-ci ilin Fevral ayında təsis edilmişdi. İlk mərhələdə virtual həkim, xəstənin vəziyyətini, onun simptomlarını müəyyən etməyi və dərmanların vaxtı-vaxtında qəbul olunmasını, xəstənin yadına salınmasını öyrənib. Müayinə zamanı o, xəstəyə bir neçə suallar verir.
    Həmin sualların cavabları əsasında müəyyən simptomlar zamanı hansı tədbirlərin görülməsinin lazım olduğu müəyyən edilir. Bu ilin Mart ayında Babylon öz texnologiyasını təkmilləşdirdi. Artıq startapın, diaqnoz təyin edə bilən xüsusi tətbiqi mövcuddur. Onu sadəcə olaraq smartfona yükləmək kifayətdir. Startapın təsisçiləri düşünürlər ki, beləliklə həkimlər süni zəka ilə birlikdə çalışaraq müayinəyə çox vaxt itirmədən əsas diqqəti müalicə prosesinə ayıracaqlar. Sözügedən tətbiq həmçinin smartfon vasitəsilə həkimlə ödənişli videokonfransların təşkil olunmasını da təklif edir. Bu xidmətin aylıq abunə haqqı 5 avro təşkil edir. Lakin əgər hansısa şəxs bir dəfə həkimlə konsultasiya keçirtmək istəsə, onda o, 25 avro ödəməli olacaq. Qeyd etmək lazımdır ki, canlı şəkildə həkimlə görüş daha baha başa gələ bilər. Keçən ilin əvvəlində isə bu startap, Avropanın rəqəmsal tibb sahəsi tarixində ən böyük investisiyanı (25 milyon dollar) almışdı.
     
     
    Linki kopyala