main-post-cover

    Uyğun mikrokompüteri necə seçmək olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Günümüzdə kompüterlərin ölçüləri getdikcə kiçilir. Əvvəllər böyük kompüterlər bahalı olmaqla yanaşı çox səs-küylə çalışırdılar. Lakin indi hər bir kompüter komponenti kiçik cihazın içinə yerləşdirilir. Bunlara mikrokompüterlər deyirlər. Gəlin aydınlaşdıraq ki, bu cür kompüterlər nəyə lazımdır və onların istifadəsi rahatdırmı?

    Mikrokompüter nədir?
    Mikrokompüter – monitorun, siçanın, klaviaturanın, xarici HDD-nin və digər cihazların qoşulduğu kiçik sistem blokudur. O, adi kompüterlərdən ucuz qiymətə satılır. Lakin buna baxmayaraq bəzi məhdudiyyətlərə sahibdir. Məsələn mikrokompüterləri yeniləmək mümkün deyil. Belə ki, sistem blokunun daxilindəki yerin qənaəti məqsədilə onun komponentləri ana plataya birləşdirilir. Əgər siz zəif mikrokompüter alsanız onda ona yaddaş əlavə edib prosessoru dəyişərək yeniləyə bilməyəcəksiniz. Buna görə də ya siz kompüterin zəif göstəriciləri ilə barışmalı olacaqsınız, yada ki, yenisini alacaqsınız.
    Mikrokompüterlər nəyə görə lazımdır?
    Mikrokompüterləri Smart TV-ləri əvəz etmək, sistem tələbatı kiçik olan oyunları oynamaq üçün və iş cihazı kimi istifadə etmək olar. Onlar adi kompüterlərin gördükləri standart işləri görə bilirlər.
    Mikrokompüterlərin mənfi və müsbət cəhətləri hansılardır?
    Onlar ucuz, kiçik və yüngüldürlər. Onları daima işlək vəziyyətdə saxlamaq olar. Mikrokompüterlər səssiz çalışır və az enerji sərf edirlər. Mənfi cəhətlər sırasında isə yenilənmə məhdudiyyəti, çətin təmir və yüksək olmayan texniki göstəricilər yer alır. Mikrokompüter nə qədər kiçik olsa bu mənfi cəhətlər bir o qədər nəzərə çarpan olacaq.
    Düzgün mikrokompüteri necə seçməli?
    İlk öncə siz mikrokompüteri hansı məqsədlə almaq istədiyinizi müəyyənləşdirməlisiniz. Əgər siz onu Smart TV əvəzi və player kimi istifadə edəcəksinizsə onda sizə Intel Atom prosessorlu və 2 GB RAM-lı mikrokompüter kifayət edəcək. Lakin bu cür mikrokompüterlə tam iş görmək alınmayacaq. Belə ki, bu cür mikrokompüterdə brauzerin üçüncü pəncərəsini açdıqda brauzer çalışmaz hala düşəcək. Zəif mikrokompüterlərin əsas bacarıqları yalnız video və musiqi oynatmaqdır. Yox əgər siz standart kompüteri əvəz edə biləcək mikrokompüter axtarırsınızsa onda qiyməti bir qədər baha olan variantları seçməlisiniz. Məsələn Intel Core prosessorlu 4 və ya 8 GB RAM-lı mikrokompüterlər yaxşı seçimdir.
    Bu cür cihazların gələcəyi varmı?
    Hal-hazırda mikrokompüterlər bir çox şirkətlər tərəfindən istehsal olunur. Siyahıda Intel, Lenovo, Acer kimi şirkətlər və bir çox çinli istehsalçılar var. Adi kompüterlərdən fərqli olaraq mikrokompüterlərə olan tələbat günü-gündən artır. Səbəb isə onların hər il təkmilləşdirilməsidir. Həmçinin qiymət göstəricilərinin aşağı düşməsi faktorunu da nəzərə almaq lazımdır. Mikrokompüterlərin məşhurlaşmasında əsas rolu oynayan şirkət "Microsoft”dur. Belə ki, şirkət əsasən pulsuz və ya çox ucuz qiymətə bu cür cihazlar üçün Windows lisenziyası təqdim edir.
    Linki kopyala